Vüqar Səfərli məhkəmədə susacaq, yoxsa danışacaq - Dostları onun məhkəməsinə gəlməyəcək...

Vüqar Səfərli məhkəmədə susacaq, yoxsa danışacaq - Dostları onun məhkəməsinə gəlməyəcək... 

Ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 23-də başlayacaq.

 İndi bütün diqqətlər KİVDF-nin həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin üzərindədir. Onun kimlərin adını çəkəcəyi, hansı ifadələri verəcəyi maraqla gözlənilir. Xüsusən də jurnalistlərə ev paylanması haqda...

İttihama görə, Vüqar Səfərli və onunla birlikdə həbs edilən şəxslər qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, KİVDF-nin fəaliyyəti bir qayda olaraq xeyli media işçiləri tərəfindən tənqid olunub. Xüsusilə jurnalistlər üçün dövlət tərəfindən tikilən evlərin bölünməsi zamanı haqsızlıqlara yol verilməsi ilə bağlı iddialar irəli sürülüb. Bu mənada qaydaların pozulmasında Vüqar Səfərli ilə yanaşı, Prezident Administrasiyasının keçmiş vəzifəli şəxslərinin də adları hallanıb.

Məhkəmə heç şübhəsiz ki, açıq keçiriləcək və aylardır heç nə danışmayan, açıqlama verməyən Vüqar Səfərli danışacaq, ifadələri səsləndiriləcək. İddialara görə, əsl sensasiya o zaman baş verəcək. Vüqar Səfərli o qədər pulu təkbaşına, özündən yuxarı instansiyaların icazəsi olmadan mənimsəyə bilməzdi və ən əsası, yenə də iddialara görə, mənimsənilən pullar onda deyil.

Məlumatlara görə, Vüqar Səfərli ona qarşı haqsızlıq olduğu qənaətindədir və bunun qarşısında da susmayacağını bəyan edib. O zaman cəmiyyət və xüsusilə də media cameəsi sensasion açıqlamalara, ifadə və təfərrüatlara hazır olmalıdır.

Əldə etdiyimiz məlumata görə V.Səfərli özünü qətiyyən təqsirli bilmir. Və buna görə də məhkəmə prosesinin gedişində ən sonda ifadə verməyi məhkəmədən xahiş edəcək.

Bu məqamda bizi maraqlandıran başqa bir sual da var: Vüqar Səfərlinin keçmiş dostları, yaxud da həmkarları, redaktorlar məhkəməyə gedəcəklərmi, onu dəstəkləyəcək, ya da verdiyi ifadələri yayacaqlarmı?

Bu sualla ilk olaraq Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşova müraciət etdik. Əflatun Amaşov sualımıza cavab olaraq dedi ki, Vüqar Səfərlinin məhkəmə prosesində iştirak etməyi düşünmür: “Məhkəmə prosesində iştirak etməyəcəm. Açığı, bu haqda düşünməmişəm də”.

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə “Vüqar Səfərlinin məhkəmə prosesində iştirak edəcəksinizmi” sualına cavab vermək, bu mövzu haqda danışmaq istəmədiyini bildirdi.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev də vaxt məhdudiyyəti ilə əlaqədar Vüqar Səfərlinin məhkəmə proseslərində iştirak edə bilməyəcəyini söylədi.

Sosial şəbəkədə keçirdiyimiz sorğuda isə jurnalistlərdən Vüqar Səfərlinin yüksək vəzifəli şəxslərdən kimlərinsə adını çəkib-çəkməyəcəyini soruşduq. Əksər jurnalistlər belə fikirdədir ki, Vüqar Səfərli ehtiyat etdiyi üçün digər şəxslərin adını çəkə bilməyəcək.

V.Səfərlinin məhkəmə prosesində iştirak etmək istəyən media nümayəndələrinin sayı da çoxdur. Həm prosesi işıqlandırmaq, həm də zamanında KİVDF-də baş verənləri həbs edilən şəxslərin və prokurorun dilindən eşitmək üçün... //musavat.com//

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər