Xalq onu niyə sevirdi?- Onun hakimiyyəti illərində...
Vəzifə sahiblərinin övladları kimsəni döyməz, təhqir etməz, bıçaqlamazdılar.
Zaman –zaman tarixi şəxsiyyətlər gündəmə gələndə onların fəaliyyətlərinə müxtəlif aspektlərdən yanaşılıb,bir və ya bir neçə müsbət cəhətləri xüsusi qabardılıb.Onlarla xüsusi keyfiyyətləri özündə ümumiləşdirən Heydər Əliyev də tarixin fövqündə dayanan və xatırlanan siyasi liderlərdəndir.Onun Respubilkaya rəhbərliyi illərində bəzi özbaşnalıq edən məmurlara,onların harınlaşmış övladlarına münasibəti çox sərt olub.Ulu öndəri xalqa sevdirən səbəblərdən biri də elə məhz onun bu xüsusiyyəti idi.
Heç kimə sirr deyil ki, bu gün ölkəmizdə vəzifəli şəxslərin,iş adamlarının övladları, yaxınları, qohum-əqrabası sadə vətəndaşlarla istədiyi şəkildə davranır, yeri gəldikdə, sadə vətəndaşlara əl də qaldırırlar. Məsələ mübahisəli şəkildə məhkəmələrə düşdükdə, udan tərəf də həmin vəzifə sahiblərinin övladları, qohum-qardaşları, tanışları olur. Son bir neçə ildə bu kimi hallara cəmiyyətimizdə daha çox rast gəlinir. Elə sadə insanları, kasıb zümrənin nümayəndələrini də belə hallar narahat edir.
Bu yaxınlarda təsadüfən belə bir söhbətin müşahidəçisinə çevrildim. Ayağımı ani saxladım, söhbət edən iki ağsaqqal insana qulaq yoldaşı oldum. Söhbət bir zaman Respublikaya rəhbərlik edən Heydər Əliyevlə müqayisəli şəkildə aparılırdı. Ümummilli liderə bir çox məsələləri ciddi şəkildə nəzarətdə saxladığı üçün bəraət qazandırılır, bu günki vəzifə sahiblərinin heç də təsadüfi şəxslər olmadığı, nazirlərin qohum-qardaşı olduğu haqlı şəkildə əsaslandırlırdı.
Bəli, vəziyyət hazırda vurğulandığı kimidir. Təsadüfi, yəni kasıb, intellektual səviyyəsi yüksək olan əksər şəxsləri vəzifə sahibi kimi görmək mümkünsüzdür. İcra başçıları, demək olar nazirlərin qardaşı, ötsə əmisi, bibisi, xalası, dayısı oğlanlarıdır. Bu səbəbdən onlarda yaranan arxayınçılıq istədikləri hərəkəti etməyə, istənilən şəxslə istənilən şəkildə davranmağa imkan yaradır.
Amma Heydər Əliyev zamanında belə deyildi. Hətta, nazir və komitə sədrləri yaşayış tərzinə görə orta təbəqədən az fərqlənirdi. Onlar bahalı saat taxmır, dəbdəbəli villalarda yaşamır, 300-500 minlik maşın sürmür, heç kimlə pis davranmırdılar. Yaxud da hansısa milyonçu iş adamı son vaxtlar adı gündəmi zəbt edən Fizuli Fərəcov kimi azyaşlı övladına 200 min manatlıq maşın alıb şəhərin küçələrinə buraxa bilməz,o da qarşısına çıxanı əzib keçməzdi. Tarzən,xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan məmur övladı azadlıqda gəzə bilməzdi.
Açığı, ümumilli liderdən qorxurdular. Bir sözlə, pullular əhalidən özlərini yüksək tutmağa çəkinirdilər. Var-dövlətlərini nümayiş etdirməyə ehtiyat edirdilər. Həyat yoldaşları bahalı zinyət əşyaları taxmır, dövlətə məxsus xidməti maşınlarda gəzmirdilər. Belə vəzifə sahiblərinin övladları kimsəni döyməz, təhqir etməz, bıçaqlamazdılar. Heydər Əliyev hər şeyin qaydasında olması üçün belə halları dilinə gətirmir, onlara əməli cəhətdən nəzarət edirdi. Heydər Əliyevin dövründə hansısa deputatın konkret dairədən deputat seçiləcəyini və yaxud Rövnəq Abdullayevə yaxınlığı ilə seçilən Arif Qasımovun Nizami rayonuna icra başçısı təyin ediləcəyini söyləmək çətin idi. Bunu proqnozlaşdırmaq da mümkün deyildi. Onun vaxtında vəzifə alver predmetinə çevrilməzdi.
O, özü hər şeyi tənzimləyərdi. Vurğulananlara görə hansısa vəzifəli şəxsin övladının yersiz hərəkəti və s. məsələlər barədə hər gün ona məruzə edilərdi. Nəticə etibarilə, sovetlər dövrünün davranış kodeksi Heydər Əliyev üçün hər gün işlək vəziyyətdə olardı. Elə onu xalqa sevdirən xüsusiyyətlərdən biri də bu idi. Hamı işində və yerində olardı. Nazirlərin, komitə sədrlərinin, icra başçılarının diktəsi həyata keçməz, onlar “hara şikayət edirsiniz edin” ifadəsini dilə gətirə bilməzdilər.
Onun hakimiyyəti illərində zor tətbiq etmədən kütlənin idarə olunmasında bu kriteriyalar önəmli idi. Dahi rəhbər bu əsasları ən incə elementlərinə qədər tənzimləyə bilirdi. Bu amalla yaşayan Heydər Əliyevi ölkə vətəndaşlarına sevdirən cəhətlərdən başlıcası da bu idi. Elə bu səbəbdən tariximizə bələd olanlar bilir ki, ümummilli liderin bir çağırışı ilə əhali ayağa qalxırdı. Bu vətəndaşların dövlətçilik xəttinə sədaqəti, ümummilli liderə olan məhəbbətindən irəli gəlirdi.
Bunları dahi rəhbər bilirdi deyə həmişə rayonlara getdiyi zaman əhali ilə görüşər, onların problem və təkliflərini dinləyər, izdihamın içindən nizamlı bir şəkildə irəliləyərdi.
Bunlar isə təbii ki, xarici dairələrdə də nəzərə alınardı.
Fuad İsgəndərov
Faktinfo.az saytının baş redaktoru
Bu xəbər üçün şərh yazın