“YAP-ın məgər “pekarnı”sı var?” – “Bu hakimiyyətin çörəyini yeyirəm” deyənlər...”

“YAP-ın məgər “pekarnı”sı var?” – “Bu hakimiyyətin çörəyini yeyirəm” deyənlər...” 

“Kiminsə çörəyini yediyini deyən adam düzgün adam deyil. Yaltaqdır, büdcəni talayandır və sədaqətsizdir”.

Bu sözləri Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan, “91-lər”dən biri, yazıçı Xeyrəddin Qoca deyib.

Xeyrəddin Qoca bildirib ki, bu tip açıqlamaları oxuyanda təəssüf hissi keçirir. “Bir də görürsən biri çıxıb deyir ki, mən YAP-ın çörəyini yeyirəm. A kişi, YAP-ın məgər “pekarnı”sı var? Bu adamlar sadəcə yalançı və yaltaqdırlar”, - deyə yazıçı əlavə edib.

Xeyrəddin Qoca hesab edir ki, bu çür çıxışların arxasında qara niyyətlər dayanır. “Hansısa qanunsuz əməllərini ört-basdır etmək istəyirlər. Mən bu barədə yazmışam. Demişəm ki, büdcəni talayanlar belə danışır. Adama deyərlər ki, axı sən işləyirsən, maaş alırsan, bəs o zaman niyə deyirsən ki, filankəsin çörəyini yeyirəm? Deməli, sən hansısa qanunsuz əməl nəticəsində gəlir əldə etmisən. İndi də belə deyirsən, yaltaqlıq edirsən ki, həmin əmələ göz yumsunlar.  Bu cür adamların sədaqət barədə danışdıqları ağ yalandır. Bu gün “bu hakimiyyətin çörəyini yeyirəm” deyənlər, sabah hakimiyyət dəyişsə, yenə də birinci yaltaqlığı onlar edəcək. Və əvvəlki hakimiyyəti asıb-kəsəcək, yeni hakimiyyətə mədhiyyələr deyəcək”, - deyə yazıçı bildirib.

Xeyrəddin Qoca qeyd edib ki, bu tip çıxışlar edənlər əslində hakimiyyəti pis vəziyyətdə qoyur. “Bəs onlar haqqında niyə tədbir görülmür? Hakimiyyətdə onların niyyətini anlamırlar, yoxsa başqa səbəb var?” suallarına cavabında yazıçı bildirib:

“Bilirsiz bunlar belə danışanda kimlərəsə xoş gəlir. Amma bilməlidirlər ki, bu adamlar sədaqətsiz adamlardır. Mən YAP-ın qurucularından olmuşam, iqtidarda təmsil olunmuşam, amma heç vaxt kiminsə çörəyini yediyimi deməmişəm. Mən öz zəhmətim nəticəsində qazandığım çörəyi yemişəm. Doğrudur, dövlət mənə həmişə diqqət və qayğı göstərib. Bunu danmaram. Amma bu o demək deyil ki, kiminsə çörəyini yeyirəm. Baxın, indi mən YAP-çı olsam da iqtidarda təmsil olunmuram. Amma hakimiyyətə qarşı da çıxmıram. Əksinə, hakimiyyətə mənfi reputasiya gətirənlərə qarşı mübarizə aparıram, vaxtaşırı tənqidi yazılar yazıram. Bu mənim sədaqətimdir. Amma “filankəsin çörəyini yeyirəm” deyənlər bir gün işsiz, mandatsız qalsalar, görün nələr deyərlər”.

Xeyrəddin Qoca qeyd edib ki, bu fikirləri konkret kimlərəsə aid deyil:

“Mən ümumi deyirəm. Çoxları belə deyir. Ona görə konkret ünvan göstərmirəm”.

Yazıçı partiyadaşı Siyavuş Novruzovun keçmiş nazirlər barəsində söylədiyi fikirlərə də münasibət bildirib. “Bu məsələdə Siyavuş Novruzovu dəstəkləyirəm. Doğru danışıb. Siyavuş Novruzovun dediyi adamlar da “filankəsin çörəyini yeyirəm” deyənlərin kateqoriyasına aiddir. İndi vəzifədə deyillər deyə, səsləri çıxmır”.  

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi