YAP siyahısından heç kim islahatlara “qurban verilmədi”? - “Köhnələr” “yeniləri” üstələyir...
"Opinion Way" Sosialoji Tədqiqatlar İnstitutunun növbədənkənar parlament seçkiləri ilə bağlı açıqladığı "exit-poll" nəticələri əsas etibarilə gözlənilən olsa da, qurumun təqdim etdiyi siyahıda bəzi maraqlı məqamlar da var. Həmin məqamlardan biri hakim YAP-ın siyahısı ilə bağlıdır.
Müşahidəçilərin əksəriyyəti “exit-poll” ilə rəsmi nəticələr arasında ciddi fərqin olmayacağı qənaətindədirlər. Əgər rəsmi nəticələr bu siyahı ilə eynilik təşkil edərsə, belə çıxır ki, YAP-ın beşinci çağırışında təmsil olunan, parlamentin buraxılmasına səs verən, lakin hakim partiya tərəfindən namizədliyi təkrar irəli sürülən bütün deputatlar yeni Milli Məclisdə də yer alacaqlar. Belə ki, “exit-poll”-a görə, hakim partiyanın 123 namizədindən 69-u yeni parlamentdə təmsil olunacaq. Ancaq bu nəticələr Naxçıvan Muxtar Respublikasını əhatə etmir. Orada da sürpriz ehtimalının çox aşağı olduğunu nəzərə alsaq, daha 6 nəfər YAP namizədinin (7 əsas namizəddən 6-sı YAP-çıdır) də Naxçıvandan seçiləcəyini söyləmək olar. Beləliklə, YAP-ın 75 namizədi qalib elan olunacaq. Həmin 75 nəfərin siyahısına nəzər yetirdikdə isə məlum olur ki, onların 48-i beşinci çağırış Milli Məclisdə təmsil olunmuş şəxslərdir.
Xatırladaq ki, YAP-ın yeni siyahısındakı 123 namizədin 75-i yeni, 48-i isə əvvəlki heyətdən qalma deputatlar idi. Belə çıxır ki, “köhnə qvardiya” bir nəfərə kimi yeni parlamentə düşdüyü halda, digər 75 yeni namizəddən yalnız 27 nəfəri deputat olacaq. Bu, əvvəlki heyətin 100 faizlik, yenilərin isə cəmi 36 faizlik nəticə göstərməsi deməkdir. Bunun hakim partiya üçün nə dərəcədə uğurlu nəticə olduğuna dair fikir yürütmək çətindir. Lakin bu nəticə digər tərəfdən də hakim partiyada əvvəlki heyətin mövqelərinin hələ də güclü olmasından xəbər verir. Belə ki, rəsmi nəticələr də “exit-poll”-a eynilik təşkil edərsə, bu o deməkdir ki, çoxlarının gözlədiyi, islahat trendinə uyğun sürpriz nəticələr olmayacaq. Belə ki, Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Eldar İbrahimov,Cavanşir Paşazadə və digər bu qəbildən olan çoxsaylı deputatlar var ki, yenidən mandat qazanacaqlar. Həmin şəxsləri isə heç cür yeni islahatçı xəttin təmsilçiləri hesab etmək olmur.
Seçkidən əvvəl çoxları YAP-ın yenidən namizədliyini irəli sürdüyü köhnə deputatların bir neçəsinin “islahat qurbanı” olacağını və yeni parlamentə düşməyəcəyini güman edirdilər. Hələlik “exit-poll”un nəticələri bu proqnozların özünü doğrultmadığını göstərir. Rəsmi nəticələr elan olunduqdan sonra isə mənzərə daha aydın görünəcək./AzPolitika.info
Bu xəbər üçün şərh yazın