“Yaşam şərtləri çox ağırdır, qaz və elektrik enerjisi ilə bağlı limit ləğv edilsin” –Deputat
Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olmayan mənzillərin qızdırılması üçün təbii qazdan istifadə olunur.
Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, “ceyran peç”i və sair vasitəsilə evləri qızdırmağa çalışırlar.
Nəticədə ilin əvvəlində qaz limitini tükətmiş olurlar.
Məlum olduğu kimi, təbii qazdan istifadə ilə bağlıqiyməti 10 qəpik olan 300 kubmetrlik limit bitəndən sonra, 1 kubmetr qazdan istifadə 20 qəpikdən hesablanır. Bu vəsaiti ödəyə bilməyən kəndlilər isə qaz xəttini bağlayaraq, meşələrə üz tutur, ağacları qıraraq, odun yandırmağa başlayırlar.
Bununla bağlı əldə etdiyimiz məlumatlar var, aztəminatlı insanlar artıq nə elektrikdən, nə də qazdan istilik məqsədilə istifadə edə bilmirlər. Çıxış yolu isə təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalin aşağı qiymətlə təbii qazdan , elektrik enerjisindən istifadəsidir.
Milli Məclisin Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması üçün belə bir qərar verilə bilər: “Hökumət çalışmalıdır ki, vətəndaşın həyat səviyyəsi yüksək olsun. Əgər gəlirlər normal olarsa, o zaman odun yandırmağa ehtiyac qalmaz. Ancaq vətəndaşın gəlir səviyyəsi aşağıdır.
Son dövrlər nə qədər əmək haqları və pensiyalar qaldırılsa da, dünya standartları ilə müqayisədə yaşam şərtləri regionda çox bərbaddır. İnsanlar çox vaxt ən sıradan tələbatlarını ödəməyə pul əldə edə bilmirlər. Ona görə də, belə bir güzəştli addımın olması faydalı olardı. Çünki hazırda çox insan bu yüksək qiymətlərdən və limitin az olmasında əziyyət çəkirlər. Mən özüm də limitlərin aradan qaldırılması məsələsini Mili Məclisdə qaldırmağa çalışacağam. Bu, həm maraqlı təklifdir, həm də vətəndaşın marağına uyğun olan təklifdir. Hökumətin də buna imkanları yetərlidir. Belə bir iradə də var, son vaxtlar sosial qərarlar ardıcıl olaraq verilir. Bu kontekstdə müəyyən bir nəticəyə varmaq olar”.
Bu xəbər üçün şərh yazın