Yeni “qaz müharibəsi” başladı, “timsahlar” hücuma keçdi, Türkiyə və Azərbaycan...
Türkiyə ilə Liviyanın Milli Barışıq Hökuməti arasında imzalanan memorandumla Aralıq dənizinin şərqində güc balansının Ankaranın xeyrinə dəyişməsi bölgədə “suları isidib”.
Liviya Milli Barışıq Hökuməti Prezident Şurasının sədri Fəyaz Əl Sərracla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan memorandumda Aralıq dənizinin şərqində Türkiyə və Liviyanın su sərhədləri müəyyən edilib. Beləliklə, Liviya Türkiyənin dəniz qonşusu olub.
Bu, Türkiyənin Aralıq dənizinin şərqində güclənməsi, bu bölgədə planlaşdırılan oyunun pozulması deməkdir.
Su üzərində döyüş, yaxud Aralıqda nə baş verir?
2010-cu ildə Aralıq dənizinin İsrail sahillərində təbii qaz ehtiyatları tapıldı, eyni dövrdə Kipr sahillərində də təbii qaz yataqları aşkar olundu. Mütəxəssislər bölgədə ümumilikdə 3 trilyon dollar dəyərində təbii qaz ehtiyatının olduğunu proqnozlaşdırır. ABŞ Geosiyasi Araşdırmalar Mərkəzinin təxminlərinə görə, Kipr, Liviya, Suriya və İsrail arasında qalan bölgədə - Levant hövzəsində 3,45 trilyon kubmetr təbii qaz, 1,7 milyard barel neft var. Nil Delta hövzəsində 1,8 milyard barel neft, Herodot deyilən Girit adasının cənub və cənub-şərqində isə 3,5 trilyon kubmetr təbii qaz olduğu təxmin edilir. Bu ehtiyatlar Türkiyənin gələcək 572 illik təbii qaz ehtiyacını qarşılayacaq qədərdir. Ehtiyatların böyük hissəsi də Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin dəniz sərhədləri daxilindədir.
Hərçənd, Yunanıstan, yunan Kipri, İsrail, Avropa ölkələri, xüsusilə Fransa, eləcə də ABŞ karbohidrogen ehtiyatlarını Türkiyə olmadan bölmək və Avropaya daşımağı planlaşdırır. Bu baş tutarsa Avropanın Rusiyadan enerji asılılığı da azalır.
Karbohidrogen ehtiyatların iki daşınma marşrutundan bəhs edilir.
1. Boru xətti ilə yunan Kiprinə, oradan da Yunanıstana daşımaq;
2. Türkiyənin Ceyhan limanına daşımaq, oradan Avropaya çıxarmaq;
İkinci xətt həm Türkiyənin bölgədəki enerji marşrutu rolunu gücləndirir, həm də geosiyasi çəkisini artırır. Digər tərəfdən, karbohidrogen ehtiyatların Ceyhan limanına daşınması Bakı-Tbilisi-Ceyhan neft kəmərinin də perspektivini gücləndirir ki, bu da Azərbaycanın strateji maraqlarına uyğundur.
Bütün qarşıdurma da məhz təbii qaz və neft rezervinə kimin nəzarət etməsi üzərindədir.
2013-cü ildə İsrail, Yunanıstan və yunan Kipri birgə hərəkət etməklə bağlı anlaşma əldə etdilər. Bu anlaşmada Aralıq dənizinin şimalında enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq mövcuddur. İsrail və yunan Kipri çıxarılacaq təbii qazı əvvəlcə Girit adasına, oradan da Yunanıstana daşıyacaq boru kəmərinin inşasına da başladı. Kəmərin adı “Şərqi Aralıq Təbii Qaz Boru Kəməri”dir. Avropa Komissiyasının araşdırmalarına görə, 5,7 milyard dollar dəyərindəki kəmərlə ilkin mərhələdə 16 milyard kubmetr təbii qaz daşımaq mümkündür.
Türkiyəyə qarşı qurulmuş ittifaq – Yunanıstan, yunan Kipri, İsrail, Misir (ABŞ bu ittifaqa dəstək verir) Ankaranın bölgədəki haqlarından imtina etməsini, hətta türk Kiprindəki əsgərlərini geri çəkməsini istəyir, buna nail olmaq üçün, müxtəlif təzyiqlərə əl atırlar. Lakin Ankara əvvəldən geri addım atmadı və ittifaq ölkələrinin keçirdiyi hərbi təlimlərə cavab addımlar atdı. Buna paralel olaraq, bölgədə hərbi donanmasının gücünü artırdı.
Liviya ilə əldə olunan anlaşma isə Türkiyəyə qarşı qurulan ittifaqın bütün planlarını alt-üst etdi.
- Aralıq dənizinin şərqində Türkiyə-Liviya sərhədi formalaşdı;
- Yunanıstan, yunan Kipri və Misirə qarşı qalxan formalaşdırıldı;
- Beləliklə, Yunanıstan nə yunan Kipri, nə də Misirlə dəniz sərhədlərinə dair razılaşma əldə edə bilməyəcək;
Türkiyə mediası Ərdoğanla Fəyaz Əl Sərracın anlaşmasının “Seviliya xəritəsi”ni alt-üst etdiyini yazır. Bu xəritə Türkiyənin 41 kilometr dəniz sahəsi içində sıxışdırılmasını nəzərdə tutur.
Hazırda ittifaq ölkələri ilə Türkiyənin qarşıdurması davam edir. Yunanıstan anlaşmadan sonra Liviya səfirini XİN-ə çağıraraq, “anlaşmanın detallarını bizə verin, əks təqdirdə, diplomatlarınızı deportasiya edəcəyik” təhdidini irəli sürdü. Türkiyə məsələyə sərt reaksiya verdi. İsrail də öz növbəsində Yunanıstana dəstək nümayiş etdirdi.
Anlaşma Türkiyə və Liviya parlamenti tərəfindən ratifikasiya ediləndən sonra BMT-yə təqdim ediləcək. Lakin burada problemin çıxacağı ehtimalı da var. Çünki Liviya hazırda parçalanmış vəziyyətdədir. Ölkədə Liviyanın Milli Barışıq Hökuməti ilə yanaşı, general Xaftarın rəhbərlik etdiyi Şərqi Liviya hökuməti də fəaliyyət göstərir. Anlaşmaya ilk qarşı çıxanlardan biri də Xaftar idi.
Mümkündür ki, Aralıq dənizində Türkiyəyə qarşı olan ittifaq ölkələri anlaşmanı pozmaq üçün bir neçə istiqamətdə addım atacaq:
- Anlaşmanın BMT-də qəbul edilməməsinə çalışacaqlar;
- Liviyada Milli Barışıq Hökumətinə qarşı hücumları dəstəkləyəcəklər;
- Türkiyəyə qarşı ABŞ, yaxud Avropa İttifaqının sanksiyaları yenidən gündəmə gələ bilər;
Hələlik bölgədə Türkiyə əlini gücləndirmiş formada fəaliyyət göstərir. Hərçənd, proseslərin inkişafı Aralıq dənizində “qan su yerinə axacaq”da deməyə imkan verir.
Bu arada, Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Timsahlar” adlanan xüsusi təyinatlı dəstələrinin genişmiqyaslı hərbi təlimlərə başlaması da xüsusi diqqət çəkir.//publika.az
Bu xəbər üçün şərh yazın