Zelenski Britaniya parlamentində çıxış edən ilk əcnəbi lider oldu
Almaniyanın “Doyçe Velle” nəşri xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Britaniya parlamentində – İcmalar Palatasında çıxış edən ilk əcnəbi lider olub.
Martın 8-də parlament üzvləri Zelensknin videokörpü vasitəsi ilə çıxışını ayaqüstə alqışlayıblar.
Zelenski öz çıxışında Ukraynanın Rusiya ordusuna qarşı mübarizəsini Böyük Britaniyanın İkinci Dünya müharibəsi zamanı mübarizəsi ilə müqayisə edib. O, parlament üzvlərinə Vinston Çörçillin “çimərliklərdə, çöllərdə, küçələrdə və təpələrdə” döyüşəcəklərini vəd edən məşhur nitqini xatırladıb. Zelenski deyib: “Biz meşələrdə, düzlərdə, sahillərdə, şəhərlərdə və kəndlərdə, küçələrdə döyüşəcəyik... Mən də əlavə etmək istəyirəm: biz terrikonlarda (şaxtalardan çıxan boş süxurlardan düzələn konusşəkilli təpə - red.), Kalmius ilə Dneprin sahilində döyüşəcəyik! Və təslim olmayacağıq!”
Ukrayna Prezidenti göstərdiyi dəstəyə görə Baş nazir Boris Consona təşəkkürünü bildirib, lakin Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə, Rusiyanı terrorçu-dövlət adlandırmağa və “Ukrayna səmasını təhlükəsiz etmək yolunu tapmağa” çağırıb. O, Rusiyanın hərbi müdaxiləsindən keçən 12 gün ərzində 50 uşağın öldürüldüyünü Britaniya deputatlarının diqqinə çatdırıb: “50 əzabkeş. Dəhşətlidir! Boşluqdur. Bu dünyanın 50 sakini artıq yoxdur. Onlar hələ yaşaya bilərdilər, amma onlar o uşaqları yox etdilər. Sadəcə yox etdilər”./Hurriyyet.az
Bu xəbər üçün şərh yazın