"1 milyarddan çox vəsait xərclənib,amma..."

"1 milyarddan çox vəsait xərclənib,amma..." -Fermerlərin kombayn dərdi

Taxıl biçini ərəfəsində fermerlərin əsas problemi texnika ilə bağlı olur. Bu dəfə də bir çox fermer eyni problemlə qarşılaşıb.

"Taxılbiçən kombaynları tapmaq olmur. Kombaynı da müqavilə ilə götürənlər vaxtından qabaq biçinə başlayırlar. Çünki müqaviləyə görə ilkin məbləğ ödəməlidirlər. Mayın sonunda taxıl qurumamış biçirlər. Nəticədə taxılı qurutmaq olmur. Hər il eyni vəziyyətdir. Gözləməliyik ki, hardansa texnika gəlsin, biçinimizi dava-qırğınla bitirək”, – Kürdəmirin Şilyan kənd sakini, illərin fermer təsərrüfat sahibi Allahverən Allahverənov belə deyir.

O, mövsüm vaxtı kəndlərdə yaşanan texnika çatışmazlığından narazıdır. Fermerin sözlərinə görə 11 min əhalisi olan Şilyan kəndində 1500 hektar pay və bir o qədər icarəyə götürülmüş torpaq sahəsi var.

“Həmin torpaqlarda buğda, arpa əkini həyata keçirilsə də, hər il biçində texnikadan dolayı problem yaşanır. Əsasən qonşu dağ rayonlarından gətirilən kombaynçılar da fürsətdən istifadə edib hektarı mövcud rüsum qiymətindən 22 manat baha biçirlər. Üstəlik tez biçin və ya vaxtından gecikmə məhsuldarlığa da mənfi təsir edir”, – o deyir.

Allahverən Allahverənov danışır ki, on hektar sahəsi var. Arpanı çox əkib, buğdanı az:

“Biçinə tam 20-25 gün gecikdim. Buğdanı yenicə biçdirdim. Çünki növbəyə düşmək olmur. Xaçmazdan taxılbiçən kombayn gətirilib kəndimizə. On gün işləyib, sonra geri döndülər. Öz rayonumuzda 2-3 kombayn var, ancaq onlar şəxsidir, iri toxumçuluq üzrə ixtisaslaşmış fermerə məxsusdur. Heç kimə də istifadəyə vermir”.

“Kənardan gələn, yaxud aqrolizinq yolu ilə texnika götürənlər də kənd arasında pay torpaqlarının hektarını 50 manata biçirlər, amma kənddən 1-2 km aralanan kimi qiyməti qaldırırlar 70 manata. Kombaynı dövlət güzəştli müqavilə ilə verirsə, niyə fermer, kəndli onlardan asılı vəziyyətə düşür? Niyə dövlət rüsumu olan 48 manatdan yuxarı pul ödəmək məcburiyyətində qalmalıyıq? Texnika əlçatan olmalıdır ki, dövlət rüsumundan artıq biçin haqqı olmasın”, – fermer gileylənir.

“Heç olmasa 5-6 kəndə bir texnika verilsin”

Göyçaylı fermer və kəndlilər də mövsüm vaxtı günlərlə texnika axtarışında olurlar. Rayonun Alıkənd kənd sakini Mətləb Salmanov deyir ki, bir hektar arpa sahəsinin biçininə bir ay müddətində nail olub. Qonşu və rayonun digər kəndlərində sahələr çox, kombaynçı isə tək olduğundan uzun növbə yaranır. Növbədə sahəsi və imkanı çox olanlar ön, digərləri isə ən son sıraları tuturlar. Kəndli deyir ki, nəticədə əkinə, biçinə qoyulan xərc müqabilində götürülən məhsul onları qane etmir:

“Az sahəsi olanlar lap sona qalır, çünki texnika sahibinə çox sahəsi olan sərfəlidir. Bir hektar sahəm biçilənə qədər arpa töküldü qaldı. Alıkənd kəndində ümumilikdə 100 hektar arpa və 40 hektar buğda sahəsi vardı. Texnika da Şamaxıdan gəlib, təkdir. O da tələbat çoxdur deyə, kəndlərdə çox qalmır və çatdıra bilmir. Bir kəndi bitirməmiş, o biri kəndə gedir”.

“Arpanın kiloqramı bir manata başa gəldi. Ondansa gedib arpa alsam, daha çox sərf edərdi. Bir hektara 200 kiloqram, özü də 65 qəpikdən arpa alıb əkmişəm. Dövlət bir hektara 200 manat subsidiya verir. 70 manatı nəğd aldıq, 130 manatlıq da iki kisə gübrə verdilər. 400 manat da şumdan tutmuş suvarmasına qədər vermişəm. 1 ton da məhsul götürdüm.

5-6 kəndə heç olmasa bir texnika verilsin. Məhsul vaxtında və itkisiz biçilsin. Ötən il az idi, biçin nisbətən tez bitdi. Bu il çox əkin oldu deyə uzandı biçin”, – fermer deyir.

“Texnikanı da gərək fermer təsərrüfatı yaradıb alasan”

Kürdəmir rayonunun toxumçuluq üzrə ən iri fermeri sayılan Cümşüd Babayev bildirir ki, iri fermerlər lizinq yolu ilə texnikanı aldığından kiçik fermer və kəndlilər mövsüm vaxtı əziyyət çəkir. Azlıq təşkil edən həmin fermerlər həm ilkin ödənişə sahib, həm texniki göstərişlərə, həm də müqavilədəki şərtlərə, güzəştə uyğun olduğundan texnikanı ala bilirlər. Kiçik torpaq sahəsi olanların isə lizinq yolu ilə baha qiymətə şəxsi texnika alması çətindir.

Fermer deyir ki, texnikanın icarəyə götürülməsi həm qiymət, həm digər texniki xərclər səbəbindən baha başa gəlir:

“On il öncə lizinq yolu ilə texnikalarımı almışam. 40 faizini dövlət güzəşt edib, 60 faizini özüm ödəmişəm. 20 faizini də ilkin ödəniş kimi verirsən. Hər texnikanın öz qiyməti var. Traktorlardan tutmuş kotana qədər. Taxılbiçən kombaynların da qiyməti 100 min manatı keçir. Texnikanı da gərək fermer təsərrüfatı yaradıb alasan. Gəlir ilə çıxarı müəyyənləşdirib ala bilərlər. 3-5, hətta 10-15 hektar sahəsi olana kombayn götürmək sərf etməz. Ən azı 50-100 hektar olmalıdır. Fermerlər təsərrüfatlarını birləşib ala bilər.

Lizinqdə də torpağın sənədini, VÖEN-i, şəxsiyyət vəsiqəsini göstərir, onlar da baxır uyğundursa, ödəmə imkanı varsa, lizinq yolu ilə verir. Mütəxəssis hesablayır ki, şərti şuma, malaya, əkinə və biçinə görə neçə traktor, kombayn lazımdır. Məsələn, bir traktor bir ildə 100 hektar şərti şuma görə nizamlanır”.

“İcarəhaqqının çox baha olması ciddi problemdir”

Fermer taxılbiçən kombaynların əlçatan qiymətə icarəyə verilməsini uyğun hesab edir. Mövcud bahalıqdan dolayı regionlarda texnika qıtlığı yarandığını deyir:

“Rayonlarda olan aqroservisdəki kombaynları icarəyə götürməklə işlədənlər olur. Ancaq icarəhaqqının çox baha olmasının özü ciddi problemdir. Ödəyə bilmirlər deyə kombaynı götürə bilmirlər, ya da ödəniş batır. İcarə haqqının baha edir aqrolizinqlər. Bir mövsüm ərzində 5 min manat qazancı olan kombaynçı məcbur olur ki, aparıb o pulu icarəyə versin. Üstəlik texniki problemlər var. Burda bir çıxış yolu var ki, icarə haqqı az olmalı və biçin rüsumu da baha olmamalıdır. Hər iki tərəfə sərf etsin”.

“Ölkədə hər hansı texnika problemi və ya çatışmazlığı müəyyən edilməyib”


Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər yetirəndə məlum olur ki, ölkə üzrə 1 milyon hektardan artıq taxıl sahəsi əkilib. Əkinin 658 min hektarından artığı buğda təşkil edir. Texnikanın alınması üçün hər il dövlət büdcəsindən 160 milyon manat vəsait ayrılır.

Son 10 ildə texnikaya dövlət büdcəsindən 1 milyarddan çox vəsait xərclənib. Bu məbləğə 20 mindən çox texnika alınıb. Bu ilin ilk 6 ayı ərzində isə 53 taxılbiçən kombayn lizinq yolu ilə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, biçin prosesinin 80 faizi yekunlaşıb. Hazırda biçin prosesinə 1900-dən yuxarı taxılyığan texnika cəlb olunub. Onlardan 685 ədədi ancaq “Aqroservis” ASC-ə məxsusdur. Məhz ASC-ə məxsus texnikalar 50 hektara qədər əkin sahəsi olan fermerlərə xidmət üçün ayrılır.

Ümumilikdə biçin sahələrinin üçdə bir hissəsi “Aqroservis” texnikalarının payına düşür. Qalan hissəni özəl texnikalar biçir. Buna görə də kiçik sahələrə məxsus fermerlər arasında növbəlilik prinsipi yaranır. Narazılıq da növbəliliyə görədir.

Taxılın yetişmə vaxtı iqlim şəraitindən asılı olduğu üçün biçin prosesi vahid dislokasiya planı əsasında aparılır. Nazirlik birmənalı texnika çatışmazlığını qəbul etmir, əksinə, qənaətbəxş olduğunu iddia edir. Üstəlik texnikaların güzəştli şərtlərlə satışında fermerlərə dövlət dəstəyinin yüksək olduğunu əsaslandırır.

“Coğrafi mövqeyindən asılı olaraq aran, dağətəyi və dağlıq rayonlarda kombayn çatışmazlığı yaşanmaması üçün kombaynların dislokasiyası üzrə hərəkət sxemi hazırlanır. Eyni zamanda, biçin başladıqdan sonra hər il dislokasiya planına uyğun olaraq GPS nəzarət sistemindən istifadə edilməklə biçinə nəzarət edilməsi, bütün rayonlara zəruri sayda kombayn cəlb edilməklə növbəliliyə uyğun şəkildə taxılın yığılması və dağlıq ərazilərdə biçinin təşkili üçün xüsusi konfiqurasiyaya malik kombaynlardan istifadə edilməklə relyefli ərazilərdə biçinlə əlaqədar ortaya çıxan problemlərin aradan qaldırılması təmin edilir.

Ölkədə hər hansı texnika problemi və ya çatışmazlığı müəyyən edilməyib. Kənd təsərrüfatı məhsulları istehsalçılarının tələbata uyğun olaraq, cəmiyyət tərəfindən kifayət qədər texnikanın alınması və güzəştli şərtlərlə satışının həyata keçirilməsi təmin edilir”, – deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirir.

“Texnikaların qiymətində artımlar müşahidə edilir”

Vüqar Hüseynov kənd təsərrüfatı texnikalarının güzəştli şərtlərlə satışını isə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına uyğun olaraq həyata keçirildiyini və dövlətin güzəşt payı texnikanın dəyərinin 40 faizi həcmində müəyyən edildiyini əlavə edir. Texnikaların icarə və lizinq qiymətlərinin bahalığına gəldikdə isə bunları deyir:

“Qalan 40 faiz hissəsi faizsiz kredit şərtilə 5 il müddətinə maliyyələşdirilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları lizinq yolu ilə əldə etmək istədikləri texnikanın dəyərinin yalnız 20 faizini əvvəlcədən ödəməli olur. Fermer bankın ayırdığı krediti 60 aya bölüb bərabər şəkildə geri qaytara bilər. Aqrar Kredit və İnkişaf Agentliyi vəsaiti hesabına kənd təsərrüfatı kreditləri 7-12 faizlə verilir”.

“Kənd təsərrüfatı texnikaları, o cümlədən taxılyığan kombaynlar mürəkkəb mexanizm olduğu üçün və son illər dünyada baş verən qlobal hadisələr səbəbindən onların qiymətində artım müşahidə edilir. Bununla belə, “Aqroservis” ASC tərəfindən həyata keçirilən aqrotexniki xidmətlərin tarifləri sosial prinsiplər əsasında təsbit edilir. Belə ki, xidmət tariflərinin dəyəri texnikanın tam dəyərinin ödənilməsini təmin etmir. Sosial prinsiplər nəzərə alınaraq, aşağı tariflər müəyyən edilir”, – Vüqar Hüseynov deyir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il biçin 45 gün ərzində yekunlaşıb və 300 min ton taxıl məhsulu istehsal olunub.

Bu il isə mayın sonlarından başlanan biçin avqust ayına qədər davam edəcək. Mütəxəssislər də bildirir ki, məhz texnika çatışmazlığı səbəbindən gecikən əkin və biçin, düzgün olmayan aqrotexniki qulluq, eləcə də yaşanan iqlim dəyişikliyi bu ilki məhsuldarlığa 20% təsir edəcək. Həmçinin ötənilki illə müqayisədə taxıl məhsullarının satışında 20-25 qəpik ucuzlaşma var.

“Aqrolizinq ləğv edilməlidir”

Kənd Təsərrüfatı məsələləri üzrə mütəxəssis Vahid Məhərrəmov texnika ilə bağlı vəziyyətin ürəkaçan olmadığını, illik dövlət büdcəsindən ayrılan vəsaitin şəffaf xərclənmədiyini qeyd edir. Mütəxəssis deyir ki, kəndliyə seçim imkanı tanınmır. Digər sahələrdə olduğu kimi texnika ilə bağlı da inhisarçı siyasət yürüdülür. Sağlam rəqabət mühiti olduğu halda kəndlinin texnika daxil, digər problemləri həllini tapar:

“Bu bazarda aqrolizinq inhisarçısı var. Qiyməti diktə edir. Aqrolizinq ləğv edilməlidir, əvəzində özəl sahibkarlar bu xidməti öz üzərinə götürməlidir. Belə olarsa, fərqli regionlarda fərqli sahibkarlar rəqabət aparacaq. Nəticədə keyfiyyətli və ucuz iş görəcəklər.

Texnika daxil, digər kənd təsərrüfatına lazımi məhsulların satışını sahibkarlar etməlidir. İnhisarçılıq var deyə məmurlar öz məqsədlərini həyata keçirirlər. Texnikanın alınıb gətirilmə mexanizmi şəffaf deyil deyə, külli miqdarda dövlət vəsaitinin necə xərclənməsi aydın deyil. Məsələn, 500 pambıqyığan texnika alınıb, hər biri 700-800 min manat edir”.

“Ölkədə 20 rayon üzrə 100 min hektar ərazidə pambıq əkilib. Bunun üçün 100 həmin müasir kombayn bəs edir. Çünki həmin kombaynın biri bir mövsümdə min hektar sahənin məhsulunu yığa bilər. Beş dəfə artıq kombayn nəyə lazım? Bu vəsait çatışmayan digər texnikalara sərf edilə bilərdi.

Problemin mövcudluğu və qalıcılığı məmurlara daha çox qazanc gətirir. Rayonlarda lizinq yolu və xidməti müqavilə ilə alınan kombaynların sayı çox göstərilsə də, 30 faizi işlək vəziyyətdədir. İkincisi, savadlı kadr çatışmır. Kənd Təsərrüfatı Nazirliyinin çoxsaylı qurumlarında peşəkar mütəxəssislər olmalı və onlar vəzifələrini düzgün yerinə yetirməlidir, amma əksidir. Problemlər içində boğulan kəndlilər və problemlərdən pul qazanan məmurlar var”.

“Kiçik təsərrüfatlar kəndlilərə sərfəli təkliflər əsasında birləşdirilməlidir”

Mütəxəssis əlavə edir ki, taxıl biçinində texnika çatışmazlığı məhsuldarlığa mənfi təsir edir. İri fermer təsərrüfatları istisna, kiçik təsərrüfat sahibləri, pay torpağında biçin edən kəndlilər daha çox əziyyət çəkdiyindən səmərəli təklif yollarından yararlanmalı və dövlət onlara müəyyən səmərəli güzəştlər etməlidir:

“Kiçik təsərrüfatlar kəndlilərə sərfəli təkliflər əsasında birləşdirilməlidir. Çünki bir hektar taxıl sahəsi olmayan kəndli var. Kombayn da bahalıdır və vaxt aparır. Məcburiyyət olmaz, ancaq təsərrüfat sahiblərinə şirnikləndirici təkliflər vermək olar. Məsələn suya, toxuma, texnikaya, gübrəyə, pestisidlərə, digər istehsal vasitələrinə olan tələbat kollektiv şəkildə həyata keçirilməlidir. Onların istehsal etdikləri məhsulun yerli və xarici bazarda satışına kömək etmək lazımdır. Bu, bir təklifdir, ola bilsin hökumət daha tutarlı təkliflər irəli sürə bilər”.

“Həmçinin ölkədə imkan yaradılsın ki, keyfiyyətli texnika istehsal edən ölkələrin Azərbaycanda nümayəndəliyi olsun. Bununla bağlı sahibkarların ciddi təklifləri olub. Xaricdən Azərbaycana texnika idxal etmək istəyən şirkətlər var ki, onlar bu ölkədə nümayəndəliklərini açmaq istəyir. İndi əksər ölkələr mini texnika istehsal edir ki, Azərbaycanın texnika çatışmazlığı yaşayan bir neçə regionunda onların filialını açmaq olar. Həmin zavod, müəssisə öz texnikasını gətirib bir hissəsini lizinq yolu ilə satsın, digər hissəsini xidmətə cəlb etsin. Belə olan halda texnika bolluğu olacaq. Həmin şirkət texnikalarının təmirini edəcək, il ərzində görüləcək işlərlə bağlı icarə müqaviləsi bağlayacaq və təcrübələrinə əsasən işlərini göstərilən müddət ərzində planla görəcək. Nəticədə şumda, əkində, biçində narazılıq yaranmayacaq”, – deyə mütəxəssis bildirir./meydan.tv

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi