11 il əvvəl məktəbə gedən uşaqların 30 faizi məzun ola bilməyib? - Rəqəmlər
Təhsil nazirliyinin açıqlamasına görə, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirəcək.
Bu məzunlar 2010/2011-ci tədris ilində orta məktəbə ilk dəfə qədəm qoymuş şəxslərdir. Rəsmi məlumatlar göstərir ki, həmin tədris ilində ölkə üzrə 1-ci siniflərə gedən şagirdlərin sayı 119 min 851 nəfər olub.
Nazirliyin açıqladığı rəqəmləri təhlil edən iqtisadçı Samir Əliyev bildirir ki, rəqəmlərən 2010/2011-ci tədris ilində orta məktəbə getmiş şagirdlərin təxminən 30%-i və ya 35 min 782 nəfəri orta təhsili tam başa vura bilmədiyi görünür.
Onun sözlərinə görə, bu şəxslərin bir hissəsi 9-cu sinfi bitirdikdən sonra orta ixtisas və peşə təhsilinə üz tutsalar da tam orta təhsili ala bilməyənlər kifayət qədərdir: "Gender təhlilini aparsaq görərik ki, vəziyyət oğlanlarda nisbətən pisdir. Məsələn, oğlan şagirdlərin 18 min 873 nəfəri (29,3%) tam orta təhsil almadığı halda qızlarda bu göstərici 16 min 909 nəfərdir (30,5%).
Nazirliyin digər açıqlamasına görə, bu il IX sinifləri 131 min 227 nəfər bitirəcək. Bu siniflərin şagirdləri 1-ci sinifə 2012/2013-cü ilə gediblər və həmin vaxt onların sayı 135 min 425 nəfər olub. Nəticədə 4 min 198 nəfər 9-cu sinfi bitirə bilməyib. Bunların 2261-i oğlanların, 1937-si qızların payına düşür".
Bu xəbər üçün şərh yazın