27 sentyabr - tariximizə qanları ilə şanlı Zəfər yazan şəhidlərimizin anım günüdür
Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, təbii resurslarla zəngin olması, əsrarəngiz təbiətə malik olması tarixən yadelli hücumlarını, Azərbaycanın qonşu dövlətlərin, eləcə də region dövlətlərinin maraq dairəsində olmasına şərait yaratmışdır.
Gülüstan və Türkmənçay müqavilələri ilə torpaqlarımızın ədalətsiz şəkildə bölüşdürülməsi və ermənilərin qanunsuz şəkildə torpaqlarımıza köçürülməsi sonrakı tarixi faciələrə yol açmış oldu. Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüzminlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Hər zaman özgə torpaqlarında gözü olan, separatçılıq, terrorizm qanlarına hopmuş ermənilərin vəhşi xislətləri üzündən xalqımız dəfələrlə qətlyamlar, faciələrlə üzləşdi. Öz tarixi torpaqlarından deportasiyası keçmiş sovetlər dönəmində də davam edən azərbaycanlıların 250 min nəfəri 1988-ci ildə öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Quba məzarlığındakı dəhşətli mənzərə, Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Əsrin faciəsi olan Xocalı soyqırımı isə bir millətin soyuna , kökünə qəsd olmaqla bərabər insanlığa, bəşəriyyətə qarşı yönəlmiş, öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində təkrarı olmayan bir vəhşilikdir. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı bağışlanılmaz cinayətdir.
Tarixən faciələri yaşamağımız nə qədər ağırdırsa, onlara düzgün siyasi qiymət verilməməsi o qədər dözülməz və ağrılı idi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi bir millət kimi məhv olmaqdan xilas etməklə yanaşı yaşadığımız faciələrə düzgün siyasi-hüquqi qiymət verilməsinə şərait yaratdı. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən düzgün siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1997-ci il 18 dekabr tarixli Fərmanı ilə azərbaycanlıların öz doğma torpaqlarından zorla, qeyri qanuni çıxarılmasına, 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi ilə azərbaycanlıların qətlyamına düzgün siyasi-hüquqi qiymət verildi.
Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin Qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşdı. Bu Qələbə, bu Zəfər Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsi idi. Çünki, bu gün ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin başlanğıcı və bünövrəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Vətən müharibəsindəki Qələbə bir daha sübut etdi ki, Azərbaycan dövləti öz taleyinin və öz torpağının sahibi olmağı bacarır. Çünki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
30 ilə yaxın bir müddətdə digər işğal altında olan bölgələrimiz kimi, Füzuli şəhəri və ətraf kəndlərimiz də dağıdılmış, yandırılmış, viranəyə çevrilmişdir. İsti, doğma yurd-yuvalarından didərgin salınmış füzulilər illərlə qaçqın və məcburi köçkün olaraq respublikamızın müxtəlif bölgələrində məskunlaşmışlar. Rayonumuzun tarixi-memarlıq abidələri erməni terroruna məruz qalmış, məscidlərimiz təhqir olunmuş, ziyarətgahlarımız, məzarlıqlarımız talanmış, dağıdılmışdır. Rəsmi İrəvanın hərbi cinayətlərindən ciddi zərər çəkən bölgələrdən biri də bizim rayonumuzdur. Çünki, təkcə Vətən müharibəsi zamanı Füzuli rayonu ərazisində erməni təxribatları nəticəsində mülki vətəndalşarın məskunlaşdığı 343 evə zərər dəymiş, onlardan 12 ev tamamilə dağıdılmışdır.
2020-ci il 17 oktyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz Füzuli şəhərini düşməndən azad etdi. Bu zaman şəhərdə bayraq sancmağa bir salamat bina tapılmadı.
Bütün çətinliklərə baxmayaraq, qəhrəman ordumuz xalqımıza qalibiyyət və Qələbə bəxş etdi. Bizi bu Qələbəyə aparan yol uğurlu hərbi siyasətdən keçirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyətli dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir.
Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli fikirləri ilə ifadə etsək, “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir.”
Dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman diqqət və qayğısı göstərilməkdədir. Vətən müharibəsi zamanı rayonumuz 78 şəhid verdi. Rayonumuzun üç Vətən Müharibəsi Qəhrəmanı var. 300-ə yaxın vətən müharibəsi qazimiz var. Onların hər birinin problemləri, arzu və istəkləri hər zaman diqqət mərkəzində saxlanılır. Vətən müharibəsi şəhidi ailələrindən 36 nəfər, qazilərimizdən isə 6 nəfər öz arzusuna uyğun olaraq işlə təmin olunmuşlar. Rayonun ziyalıları, ağsaqqalları, vəzifəli şəxsləri tərəfindən şəhid ailələri mütəmadi olaraq ziyarət olunur, qəhrəman qazilərimizlə gənclərimizin görüşləri təşkil olunur.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Bütün şəhidlərimizin əziz xatirələrinə dərin ehtiram əlaməti olaraq rayonumuzda da Anım Günü münasibətilə silsilə tədbirlər keçirilir. Şəhid məzarlıqları, şəhidlərin şəkilləri asılmış lövhələrin ətrafı təmizlənmiş, səliqəyə salınmışdır. Vətən müharibəsi şəhidlərimizin ailələrinə baş çəkilmiş, şəhid məzarları ziyarət olunmuş və məzarları üzərinə tər qərənfillər düzülmüşdür.
44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız Zəfər dövlətimizin gücünü, ordumuzun yenilməzliyini, xalqımızın işğalla heç vaxt barışmadığını bir daha bütün dünyaya sübut etdi. Əzmkarlıq nümayiş etdirən xalqımızın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir.
İşğaldan azad edildikdən sonra rayonumuzun ərazisində gedən geniş tikinti-quruculuq işləri, reallaşdırılan nəqliyyat və iri infrstruktur layihələr hər birimizi sevindirir. Füzuli Beynəlxalq Hava Limanı kimi regional və beynəlxalq əhəmiyyətli obyektin məhz bizim rayonun ərazisində tikilməsi qürurverici olmaqla yanaşı, rayonumuzun gələcək inkişafından xəbər verir. Bütün bu görülən işlər eyni zamanda ölkəmizin iqtisadi gücünün və potensialının göstəricisidir.
Biz füzulilər bizi bir millət olaraq, tarixən ən çox ehtiyacımız olan milli birlik məqamına çatdıran ölkə başçımız cənab İlham Əliyevin ətrafında hər zaman bir yumruq kimi sıx birləşəcəyik. Torpaqlarımızı işğaldan azad etmiş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə uğurlu sabahımız və ölkəmizin, eləcə də rayonumuzun rifahı naminə gördüyü bütün işlərə görə dərin minnətdarlığımızı bildiririk.
Allahdan bütün şəhidlərimizə rəhmət, qəhrəman qazilərimizə şəfa diləyirik.
Zülfüqar Əliyev,
Füzuli rayon Ağsaqqallar Şurasının sədri
Bu xəbər üçün şərh yazın