50 faizlik sair xərclər: Hesablama Palatası QHT Şurasında nələri yoxlayıb?

50 faizlik sair xərclər: Hesablama Palatası QHT Şurasında nələri yoxlayıb? - ARAŞDIRMA

2020-ci ildə keçmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyətində ciddi qanun pozuntuları aşkarlandıqdan sonra ölkədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da fəaliyyətinin yoxlanacağı, onun yeniləcəyinə dair gözləntiləri gücləndirdi.

Xüsusilə Hesablama Palatasının qurumda yoxlama aparmasına dair məlumat cəmiyyətdə ölkənin əsas donorunun fəaliyyətində ciddi yenilənmənin olacağına dair ümidləri artırdı. Bir müddət öncə Şura Katibliyinin rəhbəri Fərasət Qurbanovun mətbuata verdiyi müsahibədən aydın oldu ki, Palata qurumun fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb.
Hesablama Palatası yoxlamanın nəticələrini açıqlamasa da, yuxarıda qeyd etdiyimiz müsahibədən görünür ki, nöqsanların xeyli hissəsi bilavasitə Şura katibliyinin maliyyə fəaliyyəti ilə bağlıdır. Buna görə də biz Şuranın fəaliyyətini araşdırarkən Katibliyin xərclərinə xüsusi diqqət yetirdik.

İlk öncə qeyd edək ki, hər il Nazirlər Kabinetinin müvafiq qərarı ilə Şura Katibliyinin illik smetası təsdiqlənir. Bu qərarlardan aydın olur ki, Katibliyə ayrılan vəsaitlərin əsas hissəsi “sair xərclər” kimi xərclənir . Sair xərclər faktiki olaraq Katibliyin ümumi xərclərinin yarıdan çoxunu təşkil edir. Məsələn, 2018-ci ildə katibliyin 1 milyon 607 min 290 manatlıq büdcəsinin 1 milyon 163 min 478 manatı, 2019-cu ildə 1 milyon 652 min manatın 985 min 536 manatı, 2020-ci ildə 2 milyon 251 min 30 manatın 1 milyon 281 min 149 manatı sair xərclər adı altında xərclənib.
Ötən il katiblik büdcəsindəki artım yəqin ki, SƏLİS proqramının yaradılması ilə bağlıdır. Hansı ki, bu proqramın yaradılması, katiblik əməkdaşlarına təlimlərin təşkili ilə bağlı Şura katibliyinin elan etdiyi açıq tender düz 10 dəfəyə yaxın təklif edilən qiymətlərin yüksəkliyi, yaxud yetərli sayda təklifin daxil olmaması üzündən ləğv olunub.
2021-ci ildə Katibliyin ümumi büdcəsi azaldıldığına görə sair xərclər də azalıb. Belə ki, bu il katibliyə 1 milyon 921 min manat ümumi büdcə ayrılıb ki, onun da 935 min 309 manatı sair xərclərə aid edilib.

Şura katibliyinin sair xərclərinin kiçik bir hissəsi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, işin təşkili ilə əlaqədar xidmət haqlarının, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı digər xərclər” adı altında açıqlanır. Məsələn, 2019-cu ildə “Sair xərclər” bölməsi üzrə nəzərdə tutulan 985 min 536 manatın cəmi 230 min manatı, 2020-ci ildə 1 milyon 281 min 149 manatın 252 min 299 manatı bu xərclərə aiddir. Cari ildə Şura katibliyi 935 min 309 manatlıq sair xərclərin istiqamətlərinin cəmi 192 min 299 manatını açıqlayacaq.

Adətən bu vəsaitlərin bir hissəsi - təxminən 100-120 min manatı “qhtxəbər.az” saytının, “Vətəndaş Cəmiyyəti” jurnalının saxlanmasına ayrılır. Yeri gəlmişkən, Şura yaranandan indiyədək bu iki xərc istiqaməti üzrə açıq tender keçirən Katiblik bu il üçün nədənsə daha qapalı satınalma yolu seçib – bir mənbədən alış. Bunu Şuranın satınalma planı və saytındakı elanlardan görmək olur. Halbuki Hesablama Palatası Azərbaycanda dövlət satınalmalarında rəqabət mühitinin təmin olunmadığı “bir mənbədən satınalma” üsulunun geniş tətbiq olunmasını ciddi problemlərdən biri kimi daim tənqid edir. Düzdür, indiyədək Şuranın sayt və jurnal üçün keçirilən açıq tenderlərinin hamısı formal xarakter daşıyıb – qaliblər həmişə eyni adamlar olub. Lakin hər bir halda, açıq tenderdən bir mənbədən alışa keçid geriyə addımdır. Əcəba, 2020-ci ildə Palatanın apardığı yoxlamadan Şuranın çıxardığı nəticə budurmu?

Yoxlamadan çıxarılan dərslərin nə qədər təsirli olduğunu Şura katibliyinin büdcəsində dəqiq təyinatı göstərilməyən sair xərclərin həcminin böyük olaraq qalmasından da aydın hiss etmək olur. Bu il də təyinatı açıqlanmayan 1 milyon manatdan yuxarı sair xərclərin hansı hissəsinin məsələn, bülleten buraxılışına, yaxud konfrans təşkilinə, və ya xidməti ezamiyyəyə sərf olunacağı bilinmir. Ötən illərin təcrübəsini nəzərə alsaq, bu xərclərin elə açıqlanmadan qalacağını bəribaşdan söyləyə bilərik. Belə ki, Şura katibliyinin büdcəsinin xərclənməsinə dair saytda açıqlanan cədvəldə də sair xərclərin qalan hissəsinin açıqlaması verilmir, heç illik hesabatda da buna rast gəlinmir. Şura katibliyinin maliyyə fəaliyyətinin yoxlanmasına dair auditor rəyləri isə ümumiyyətlə, heç yerdə açıqlanmır. Halbuki QHT-lərdən şəffaflıq tələb edən Şuranın bu rəyləri açıqlaması vətəndaş cəmiyyəti təşkilatlarına bir nümunə ola bilər.
Şura Katibliyi dəftərxana malları, qrant müsabiqələrinin qalibi olmuş QHT-lərə təlimlərin təşkili kimi satınalmaları istisnasız olaraq kotirovka sorğusu ilə həyata keçirir. Halbuki kotirovka sorğusu rəqabətsiz satınalma metodlarından biri hesab olunur və daim Hesablama Palatasının dövlət qurumlarına tutduğu iradlardan biri bu üsulla satınalmalara üstünlük verilməsidir.

1 milyon manata yaxın xərc çəkilən mətbəənin hali nə?

2012-ci ildə Şura “QHT Nəşriyyatı” adlanan mətbəəsini yaradıb. Vergilər Nazirliyinin hüquqi şəxslərin qeydiyyat bazasındakı məlumatdan aydın olur ki, “QHT Nəşriyyatı” MMC 2012-ci il sentyabrın 9-da qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Telman küçəsi 6, mənzil 1-də yerləşir. MMC-nin nizamnamə kapitalı 975 min 700 AZN-dir, hüquqi təmsilçisi isə Rafiq Hüseynovdur. Şura mətbəə avadanlıqlarının satınalınması üçün həmin il tender elan etsə də, tenderin nəticələri heç yerdə açıqlanmayıb. Bu baxımdan, avadanlıqların neçəyə başa gəldiyini söyləmək mümkün deyil. Lakin “QHT Nəşriyyatı” MMC-nin nizamnamə kapitalını təşkil edən 975 min manatı elə Şuranın mətbəəyə çəkdiyi xərc hesab etmək olar. Mətbəə yardılandan sonra Şura ondan qrant alan QHT-ləri faktiki olaraq məcbur edirdi ki, bütün nəşr işlərini öz mətbəəsində həyata keçirsinlər.
Maraqlıdır ki, mətbəə yaradıldıqdan sonrakı ilk illərdə QHT-lərin nəşr xərclərində ciddi azalma baş verib. Məsələn, Şuranın hesabatlarından aydın olur ki, 2012-ci ildə 400 min manatdan yuxarı olan nəşr xərcləri 2014-cü ildə 90 min 554 manata düşüb. Bu, həmin il QHT-lərə ayrılan qrant vəsaitlərinin cəmi 3,9 faizi demək idi. 2015-ci ildə nəşr xərcləri 4 dəfədən çox artaraq 418 min 745,97 manat(ümumi qrant vəsaitlərinin 9,23 faizi), 2016-cı ildə 465 min 423 manat(10,5 faiz) təşkil edib. 2016-cı ildən sonra Şura hesabatlarında nəşr xərclərinin həcmi məbləğ olaraq açıqlanmayıb ki, bunu da geriyə addım hesab etmək olar. Amma ümumi bölgüdən aydın olur ki, nəşr xərcləri Şuranın ayırdığı qrant məbləğinin 13-14 faizi civarındadır. 2017-ci ildə Şura qrantları hesabına 31 adda kitab, 27 adda broşür, 161 adda buklet, 130 adda digər materiallar (posterlər, təqvimlər və s.), 2018-ci ildə 34 adda kitab, 36 adda kitabça, 213 adda buklet, 212 adda digər materiallar (posterlər, təqvimlər və s.), 2019-cu ildə 38 adda kitab, 30 adda kitabça, 159 adda buklet, 71 adda digər materiallar (posterlər, təqvimlər və s.), 35 adda kitab, 51 adda kitabça, 123 adda buklet, 102 adda digər materiallar (posterlər, təqvimlər və s.) nəşr edilib.


Beləliklə, təkcə Şura qrantları hesabına nəşrlərə ildə 400 min manat civarında vəsait xərclənir. Amma Şuradan sorğumuza verilən cavabdan aydın olur ki, “QHT Nəşriyyatı” mətbəəsi zərərlə işlədiyi üçün onun bağlanmasına qərar verilib: “QHT Nəşriyyatı” MMC 2012-ci ildə təsis edilib və öz hesabına fəaliyyət göstərib. Yəni Şura nəşriyyata indiyədək dotasiya ayırmayıb. Ümumiyyətlə, nəşriyyatın yaradılması qərarı bu sahədə aparılan araşdırmalardan sonra qəbul edilib. Şura hər il qrant müsabiqələri çərçivəsində maliyyələşdirdiyi layihələr üzrə QHT-lərin xərclədiyi vəsaitin təsnifatını aparır. Bu təsnifat maddələrindən biri də nəşr xərcləridir. Şuranın fəaliyyətə başladığı ilk illərdə QHT layihələri üzrə ən çox vəsait sərf olunan xərc maddələrindən biri nəşr xərcləri olub. Burada ən böyük problemlərdən biri çap məhsullarının keyfiyyəti ilə bağlıdır. Bir çox QHT nəşrləri çap standartlarına cavab vermirdi, hətta bəzi nəşrlərdə dövlət atributlarının rəngləri belə təhrif olunurdu. Təbii ki Şura bu cür nəşrləri qəbul etmirdi. Keyfiyyətsiz çapla yanaşı, nəşrlərin layihədə nəzərdə tutulan saydan az çap olunması halları da vardı. Bütün bu problemləri həll etmək və bu sahədə QHT-lər üçün əlavə imkanlar yaratmaq məqsədilə “QHT Nəşriyyatı”nın yaradılması qərara alındı.


Xüsusi ilə qeyd etmək istəyirik ki, “QHT Nəşriyyatı”nın yaranması QHT-lərin layihə çərçivəsində hazırladığı çap məhsullarının keyfiyyətinə müsbət mənada ciddi təsir göstərib. Nəşriyyatın fəaliyyətə başladığı ilk illərdə “QHT Nəşriyyatı” əldə etdiyi gəlirdən bir sıra kitabları (təxminən 10 min manatlıq) pulsuz çap edib. Sonrakı dövrlərdə QHT layihələrində çap xərcləri üçün nəzərdə tutulan vəsaitin həcminin kəskin azalması, eyni zamanda nəşr bazarında rəqabət mühitinin yüksəlməsi və təbii olaraq nəşriyyatın avadanlığının köhnəlməsi baş verib. Bu da “QHT Nəşriyyatı”nın lazımi səviyyədə fəaliyyət göstərməsinə mənfi təsir göstərib.
Fəaliyyətə başladığı ilk illər ərzində nəşriyyat QHT-lərin sifarişlərini icra etsə də, sonrakı illərdə sifarişlərin həcmi tədricən azalıb, son bir-neçə ildə isə ümumiyyətlə sifarişlər minumuma enib. Nəşriyyatın fəaliyyətə başlamasından 9 il keçib. Bu illər ərzində avadanlığın fiziki aşınması və texniki baxımdan köhnəlməsi, avadanlıqların tez-tez xarab olması, bərpa olunmasının gec və baha başa gəlməsi, hissə və detallarının aşınması, texniki avadanlıqların fəaliyyətini təmin edən əməliyyat sisteminin köhnəlməsi, istehsal zamanı itkilərin çoxalması və s. baş verib ki, bu da nəşriyyatın bundan sonra səmərəli fəaliyyət göstərmə ehtimalını çox aşağı edir. Bu problemlərin həlli üçün isə büdcədən əlavə vəsaitlərin ayrılması imkanı məhduddur. Bütün bunlara görə də hüquqi şəxsin ləğvinə dair qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq “QHT Nəşriyyatı” MMC-nin ləğv edilməsinə başlanılıb”.

Şuradan verilən cavabı bir sıra məqamlar üzrə yetərli hesab etmirik. Əvvəla, qeyd olunur ki, mətbəə yaradılandan sonra QHT nəşrlərinin keyfiyyətində ciddi müsbət dəyişiklik qeydə alınıb, amma sonra QHT-lər nəşrlərinin çapını başqa mətbəələrə etibar ediblər. Əgər keyfiyyət yüksək idisə QHT-lər öz nəşrlərini hansı səbəbdən Şura nəşriyyatına vermirlər? Bu sualın bir mümkün cavabını qeyd etməyə dəyər: nəşr xərcləri bir qayda olaraq qrant vəsaitlərini təyinatından yayındırmağın ən yaxşı yolu hesab olunur. Belə görünür ki, QHT-lər digər mətbəələrlə əldə etdikləri “əlverişli” şərtləri təbii olaraq Şura mətbəəsindən ala bilmədikləri üçün onunla işləməyə həvəsli deyillər. Lakin burada Şuranın məsuliyyəti də böyükdür: bu qurum qrant alan təşkilatların xərclərinə effektiv nəzarəti təmin etsə, heç kim nəşr xərclərindən “kəsmək” fikrinə düşməz. Bəs belə nəzarəti Şura niyə təmin etmir? Əgər ayrılan qrant vəsaitlərinin bir qisminin “otkat”a yönəldilməsi barədə uzun illərdir yayılan məlumatlar doğru deyilsə, onda bu sualın düzgün cavabını yəqin ki, Şura və ondan qrant alanlar daha yaxşı bilirlər...
Yeri gəlmişkən, layihələrə nəzarətin keyfiyyətsizliyi Hesablama Palatasının Şuraya tutduğu iradlar arasındadır. Şura katibliyinin rəhbəri Fərasət Qurbanovun Musavat.com-a verdiyi müsahibədə bu barədə qeyd var: “Audit rəyində Şura Katibliyinin struktur bölmələri üzrə konkret səlahiyyət və məsuliyyət bölgüsünün müəyyən edilməməsi, daxili nəzarət sisteminin zəif təşkil olunması və monitorinqlərin nəticələrinin effektiv olmaması ilə bağlı qeydlər də var”.
Şura deyir, mətbəə avadanlıqları köhnəlib. Mətbəə avadanlığı ev mebeli deyil ki, 3-4 ildən bir yeniləyəsən. Belə avadanlıqlar ən azı 1-2 onillik üçün qurulur. Heç bir nəşriyyat 9 ildən bir çap avadanlığı almır. Bu baxımdan, əgər alınanda köhnə, işlənmiş avadanlıq alınmayıbsa (hansı ki, bu ehtimalı da tamamilə kənara qoymaq mümkün deyil), Şuranın bu əsaslandırmasını real qəbul etmək olmur.
Nəşr sahəsində rəqabətin olmasına gəlincə, bunu Şura başbilənləri mətbəəni yaradanda, ona rəhbər təyin edəndə düşünməliydilər. Mətbəə 5-10 min manatlıq avadanlıq deyil ki, ən azı yaxın 10 illik dövrü planlaşdırmadan əldə edəsən – özü də dövlətin puluyla. Belə görünür, Şura mətbəəsi Azərbaycanın dövlət qurumlarında mövcud olan ənənəvi “dövlətin malıdır, canı cəhənnəm” prinsipinin qurbanı oldu. Nəticədə isə dövlətin 1 milyon manata yaxın vəsaiti havaya sovrulmuş oldu...

Açıqlanmayan ofis xərcləri...

Artıq xəbər verdiyimiz kimi, 2021-ci il üçün satınalma planında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin fəaliyyətinin həyata kecirilməsi ilə bağlı ofis sahəsinin istifadəsinin satın alınması da nəzərdə tutulur.
İndiyədək belə bir satınalma Şura tərəfindən həyata keçirilməyib. Şuranın Prezidentin sabiq köməkçisi Əli Həsənova məxsus olduğu deyilən binadan çıxmasının səbəbi, indiyədək ödədiyi ofis icarəsi haqqı barədə quruma ünvanladığımız sorğuya verilən cavabda heç bir rəqəm açıqlanmır: “Şura Katibliyinin ofisi üçün müvafiq xərcin icrasını nəzərdə tutan ilkin uçot sənədi (o cümlədən mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi hesab olunur. “İnformasiya əldə etmək haqqlnda” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən sənədlərin reyestri informasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur və həmin Qanunun 12.4-cü maddəsinə əsasən mühasibat uçotu sənədləri sənədlərin reyestrində qeydə alınmır”.

Bu il Şura 281 ədəd 23 növ texniki avadanlıq satın almalıdır. Bu da yəqin ki, yeni ofisə köçməklə bağlıdır.

QHT Şurası ilə Milli QHT Forumunu nə birləşdirir?

Məlumdur ki, Şuranın sədri Azay Quliyev bu vəzifəyə təyin olunmazdan əvvəl Milli QHT Forumu adlı QHT birliyinə rəhbərlik edirdi. Şuraya gəldikdən sonra da A.Quliyev Foruma himayəçiliyini dayandırmayıb. Belə ki, 2015-ci ildən etibarən Şuranın illik fəaliyyət hesabatlarında MQF-nin fəaliyyətinə dair də məlumatlar yerləşdirilir. Eyni zamanda Forum Şuradan hər il kifayət qədər yüksək məbləğdə vəsait də alır. Məsələn, 2018-ci ildə Şuradan QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi üçün 10 min manat, 2019-cu ildə Abşeron və Sumqayıt qeyri-hökumət təşkilatlarına təşkilati-texniki xidmətlərin göstərilməsi üçün 29 800 manat, 2020-ci ildə isə 29 500 manat vəsait alıb.


QHT Şurası ilə Milli QHT Forumu arasındakı münasibətlərlə bağlı birincidən sorğumuza verilən cavabdan aydın olur ki, Şura Forumun ofislə təminatında da yardımını əsirgəməyib: “Azərbaycan Milli QHT Forumu (MQF) yüzlərlə (700-dən çox) QHT-ni özündə birləşdirən milli QHT-lərin ən böyük koalisiyasıdır. 1999-cu idən fəaliyyətə başlayan MQF-nin daimi ofisi yoxdur. Forumun rəhbərliyi dəfələrlə aidiyyəti dövlət orqanlarına ofis probleminin həlli ilə bağlı müraciət etsə də, məsələ öz həllini tapmayıb. Məlum olduğu kimi, 18 mart 2015-ci ildə Şuranın TİKA ilə əməkdaşlığı nəticəsində Bakıda QHT-lərin Resurs və Təlim Mərkəzi yaradılmışdır. Mərkəzin həyata keçirdiyi xidmətlərin hamısı Milli QHT Forumunun birbaşa funksiyalarına aid olduğu üçün onun fəaliyyətinin məhz Forumla eyni ofisdə təşkil olunması qərara alınıb. Şura bununla həm də ölkənin ən böyük QHT koalisiyası olan MQF-nin ofis probleminin həllinə dəstək olub. Qeyd olunan tarixdən etibarən MQF-nin təşkilatçılığı ilə Bakı QHT-lərin Resurs və Təlim Mərkəzində ofis və texniki imkanları olmayan təşkilatlara müvafiq xidmətlər təşkil olunur. Mərkəzdə texniki xidmətlərlə yanaşı, QHT-lərin iştirakı ilə müxtəlif mövzularda ictimai müzakirələr, iclaslar və təlimlər keçirilir”.
Yeri gəlmişkən qeyd edək ki, Şuranın QHT-lər üçün təşkil etdiyi təlimlərin əksəriyyəti məhz Forumun ofisində keçirilir. Əlbəttə, haqqı ödənmək şərtilə...
Bir müddət əvvəl Hesablama Palatasının QHT Şurasının fəaliyyətini yoxladığına dair məlumat yayılmışdı. Bu günlərdə Şuranın icraçı direktoru Fərasət Qurbanovun Musavat.com-a verdiyi müsahibədən aydın olur ki, Palata qurumun 2017-2019-cu illər büdcəsini araşdırıb. Yoxlamalar 2020-ci ilin sentyabrın 15-dən oktyabrın 15-dək həyata keçirilib.

F.Qurbanov deyir ki, qeyd olunan 3 il üzrə Şuranın Katibliyinin maliyyə fəaliyyətinin bütün sahələri yoxlanılıb: “Buraya Katibliyə ayrılmış vəsaitin istifadəsi, dövlət satınalmalarına aid məsələlər, qrant müsabiqələrinin mövzularının müəyyənləşdirilməsi, həmçinin QHT layihələrinin icra vəziyyəti və hesabatlılıq məsələləri, layihələrin ekspertizasına dair ödəmələr, təlim və tədbirlərin icra vəziyyəti, qrantların qeydə alınması, layihələrin icrasına nəzarət və monitorinq, Katibliyin struktur bölmələrinə dair məsələlər aiddir”.
Hesablama Palatası yoxlamanın nəticələrini əks etdirən rəyi saytımıza verməkdən imtina edərək, rəyin qurumun illik fəaliyyət hesabatında yerləşdiriləcəyini bildirdi. Amma F.Qurbanovun müsahibəsindən məlum olur ki, Palata Şura katibliyinin həyata keçirdiyi tədbirlərlə bağlı irad tutub: “Şura Katibliyi şəffaflığa xüsusi önəm verən dövlət qurumu kimi keçirdiyi bütün tədbirlərlə bağlı daim ictimaiyyətə geniş məlumatlar verir. Bu məlumatlar hazırlanarkən onların ictimai-siyasi əhəmiyyətinə diqqət yetirilir və daha çox tədbirlərin işgüzar mühiti fotolarda canlandırılır. İaşə və bəzi texniki xarakterli məsələlər isə bəzən diqqətdən kənarda qalır. Bu tədbirlərin icrasını həyata keçirən podratçı təşkilatlar tələb olunan bütün komponentlərə yetərincə diqqət yetirməyiblər. Bu səbəbdən Hesablama Palatasının yekun rəyində qeyd olunan nöqsanlar podratçı təşkilatlar tərəfindən aradan qaldırılıb.
Yoxlamanın nəticəsini əks etdirən sənəddə qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmasını tənzimləyən normativ hüquqi sənədlərin tələblərinə ciddi əməl olunması, maliyyə-təsərrüfat əməliyyatlarının aid olduğu dövrdə uçota alınması, aktivlərin aidiyyəti üzrə maddi məsul şəxslərin öhtəsinə təhvil verilməsinə, mal və materialların silinməsinə nəzarətin gücləndirilməsi kimi qeydlər də var. Şura Katibliyi qeyd olunan çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq addımlar atıb”.
Şura katibliyinin öz tədbirləri, təlimləri üçün podratçı təşkilatları necə seçdiyinə diqqət yetirək.

Şura ilə Respublika Perinatal Mərkəzinin sinxron satınalmaları

Satınalma müqavilələrinin reyestrindən aydın olur ki, Şura satınalmaları bir neçə ay, hətta bir neçə həftə əvvəl dövlət qeydiyyatına alınan MMC-lərə sifariş etməyə xüsusi həvəslidir. Məsələn, 2017-ci ilin 27 fevralında Şuranın 2017-ci il qrant müsabiqəsinin qaliblərinə “Layihə idarəedilməsi və hesabatlıq qaydaları” mövzusunda təlimlərin təşkili ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi “Lezko-EE” MMC elan edilib. Hansı ki, bu MMC cəmi 3 ay əvvəl - 2016-cı ilin dekabrında qeydiyyatdan keçib.
Şura katibliyinin 2018-ci ilin 14 fevralında elan etdiyi 2018-ci il qrant müsabiqəsinin qaliblərinə “Layihə idarəedilməsi və hesabatlıq qaydaları” mövzusunda təlimlərin təşkili üzrə kotirovkalar sorğusunun qalibi sorğu elanından cəmi 2 həftə əvvəl - 1 fevral 2018-ci il tarixdə qeydiyyatdan keçmiş “VERTU-CMN” MMC elan edilib və ona 19 672 manat ödənilib.

Şuranın satınalmalarını araşdırarkən maraqlı bir fakt diqqətimizi cəlb etdi. Belə ki, Şuradan sifariş alan MMC-lərin əksəriyyəti bu qurumdan başqa yalnız Səhiyyə Nazirliyi və Respublika Perinatal Mərkəzindən sifariş alıblar. Məsələn, “Vertu-CMN” MMC 2018-ci ilin iyulunda Perinatal Mərkəzdən “Mətbəə xərcləri” üçün 44 905 manat aldıqdan sonra heç bir dövlət qurumundan sifariş almayıb. Düzü, Şuraya təlim kimi məsuliyyətli bir xidməti göstərən MMC-nin həm də mətbəə işlərini yerinə yetirməsi çox maraqlı faktdır...
2019-cu ildə Şuraya 14 628,7 manatlıq dəftərxana malları satmış HEDRA NS MMC həmin il Perinatal Mərkəzə 15 min manata “İstehsalatda istifadə olunmayan qeyri maddi aktivlər”, Səhiyyə Nazirliyinə isə 8200 manatlıq avadanlıqlar tədarük edib.

2019-cu ildə Şuranın 19850 manatlıq “Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və “E-növbə” xidməti proqramından istifadə qaydalarına dair təlimlərin təşkilinin və monitorinqi” sifariş etdiyi BETTİNA SERVİCE MMC həmin il Səhiyyə Nazirliyinə 8896 manatlıq inventar, Perinatal Mərkəzə isə 10 min manatlıq sair xərclər təqdim edib.
Ən maraqlısı isə budur ki, həm HEDRA NS MMC, həm də BETTİNA SERVİCE MMC eyni ildə, eyni ayda, eyni gündə - 2019-cu ilin yanvarın 31-də dövlət qeydiyyatından keçib.
Beləliklə, aydın olur ki, son 4 ildə QHT Şurası ilə Respublika Perinatal Mərkəzinin podratçılara yönəlik tələbləri şübhəli sayılacaq qədər eynilik təşkil edir...
 afn.az//

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi