8-ci sinif şagirdi özünü doğrayıb? - “Direktor qızımı intihar həddinə çatdırıb” - Şikayət
Ucarda 8-ci sinif şagirdi Zəhra Əzizova intihara cəhd edib.
Bununla bağlı Bakupost.az -a şagirdin atası Nicat Əzizov məlumat verib.
Bildirib ki, qızını bu həddə məktəb direktoru çatdırıb:
“Qızım Zəhra ona qarşı edilən özbaşınalığa görə intihara cəhd edib. Dərslərini əla qiymətlə oxuyur, 5 ildir ki, sinif nümayəndəsidir. Buna qısqanclıqla yanaşan məktəbin kitabxanasının əməkdaşı Təhminə Daşdəmirova öz övladı Nəzrin Daşdəmirlini öyrədərək mənim övladımı təhdid edirlər, ona qarşı zor işlədirlər. Nəzrin heç bir əsas və səbəb olmadan qızımla hər gün dalaşır, onu vurur, söyüb təhqir edir, geyimini, çantasını cırıb şagirdlər arasında alçaldır. O, bütün bu hərəkətləri anasına güvənərək edir. Bu barədə məktəbin direktoru Səkinə Səfərəliyevaya və Təhsil Şöbəsinin müdiri Rauf Məmmədova məlumat verib, tədbir görülməsini xahiş etmişəm. Amma heç bir tədbir görülməyib. Çünki Nəzrinin anası Təhminə Daşdəmirova həmin məktəbdə kitabxanaçı işləyir, direktorla yaxın münasibəti var.
Hətta Nəzrin digər şagirdləri də Zəhraya qarşı öyrədir. Qızım bütün bu zorakılığa dözməyərək intihara cəhd edib, qolunu doğramaq istəyib.
Onun səhhəti pisdir hər an özünü öldürə bilər. Buna qarşı qanunu tədbirlər görülməli, məktəbin direktoru cəzalandırılmalı, qızım Zəhraya qarşı zorakılıq göstərən Nəzrin Daşdəmirli həmin sinifdən başqa məktəbə və ya sinfə köçürülməlidir. Bu barədə şikayət ərizəsi ilə Mehriban Əliyevaya, Təhsil Nazirinə və Ombudsmana müraciət etmişəm”.
Şagirdin nənəsi İradə Əzizova isə qeyd edib ki, sinifdə heç bir şagird Zəhranı danışdırmır:
“Məktəbin direktoru acgöz qadındır. Hər dəfə onun ad gününə pul yığılır. Bütün müəllimləri əllərinə alıblar. Təhminə Daşdəmirova kitabxana işçisidir, amma məktəb direktoru ilə əlbir olub hegemonluq edir. Nəvəmi məktəbə özüm aparıram, amma sinifdə uşağı dindirən yoxdur. Nəzrin uşaqların hamısını bir yerə yığıb ki, nəvəmi dindirməsinlər, onun sözünə baxmasınlar. Nəvəm intihar edəndə çoxlu qan itirmişdi, ona görə də 5 gün məktəbə getməyə qoymadım. Mənə deyirdi ki, özümü pəncərədən atmaq istəyirdim. Təqsir həm sinif rəhbərində, həm də direktordadır. Direktora da bu barədə şikayət etmişik, amma baxmayıb. Məktəbə şikayətlə bağlı gələn şəxsləri də elə öyrədirlər ki, hətta biz günahkar çıxırıq. Uşağın səhhəti yaxşı deyil. Qorxuram ki, yenidən xəbərimiz olmadan intihara cəhd edər. Çünki ona qarşı bu hərəkətlər hələ də davam edir”.
Məsələ ilə bağlı Ucar rayonu Qaradağlı kənd tam orta məktəbinin direktoru Səkinə Səfərəliyeva Bakupost.az –a açıqlamasında bildirdi ki, problemin səbəbi valideynlər arasında olan şəxsi münaqişədir:
“Bununla bağlı valideyn və məktəb iclası da keçirmişik. Zəhra Əzizova hazırda məktəbdə uşaqlarla çox mehribandır. Məsələ belədir ki, dekabrın 30-da məktəbdə tədbir keçirdik. Tədbir zamanı Əzizova Zəhranın kurtkası yerə düşüb, toz olub. Amma Zəhra deyirdi ki, kurtkam tapdalanıb. Dekabrın 31-də də valideyn bununla bağlı mənə müraciət etdi. Bildirdim ki, ayın 5-i dərsə qayıdanda məsələni araşdırarıq ki, görək kim bunu edib. Hər iki şagirdin bir-biri ilə danışmamasının səbəbi valideynlər arasında olan münaqişədir. Məktəbdə, sinifdə heç bir problem yoxdur. Zəhra həmin gün məndən icazə alıb və mən onu evinə ötürmüşəm gedib. Evdə nə baş veribsə, ondan sonra valideyn mənə şəkil göndərib ki, uşaq əlini kəsib. Amma o əl kimin əlidir, hansı şəkildir məlum deyil. Hazırda Zəhranın əlində heç bir şey yoxdur. Uşaqların, müəllimlərin də izahatları var. Zəhraya qarşı heç bir kobudluq olunmayıb. Valideynin digər uşaqları da bu məktəbdə oxuyur.
Məsələdən sonra hər dərs mən sinfə gedirəm, ciddi nəzarət edirəm.
Burada əsas məsələ hər iki şagirdin valideynləri arasındakı münaqişədir. Uşağı da məsələyə alət ediblər. Nəzrinin anası bizdə kitabxanaçı işləyir. Deyirlər ki, onu işdən çıxardım. O, işinə vaxtında gəlir, heç bir narazılıq yoxdur. Mən onu necə işdən çıxarda bilərəm? Təhsil şöbəsinin müdiri, işçiləri də vəziyyətlə maraqlanıb, qızı da dindiriblər. Ortada şər və böhtan var. Şagirdin vəziyyəti ilə hər gün maraqlanıram. Məktəbdə psixoloqumuz yoxdur, amma biz hər gün onunla söhbət edirik”.
Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov da Bakupost.az -a açıqlamasında direktorun dediyini təsdiqləyib:
“Valideyinlər arasında problem var deyə belə söz-söhbətlər gəzir. Uşağın intihar etməsilə bağlı heç bir fakt, əsas yoxdur. Sadəcə ailə o cür informasiya yayıb. Hazırda uşaq tədrisinə davam edir. Uşağın həyatı üçün hər hansı bir problem yoxdur. Eyni zamanda tədrisinə mane olacaq, tədrisindən qalacaq hər hansı bir narahatlıq yoxdur”
Bu xəbər üçün şərh yazın