ABŞ-da gündəlik neft hasilatı artırılıb –İstehsal tarixi rekorda yaxınlaşır
Son iki ayda ABŞ-da aktiv neft quyularının sayında, əsasən, sabitlik müşahidə olunsa da, gündəlik neft hasilatı artmağa davam edir.
"Report" xəbər verir ki, bunun səbəbi fəaliyyətdə olan neft quyularının məhsuldarlığının artması ilə izah olunur. Belə ki, son iki ayda ABŞ-da aktiv neft quyularının sayı 760 ədədə yaxın olub. İyun ayının 23-də 758 ədəd olan aktiv neft quyularının sayı avqustun 18-nə 763 ədəd təşkil edib. Lakin iyunun 23-də gündəlik neft hasilatı 9,250 mln. barel olduğu halda, avqustun 18-nə hasilat 278 min barel/gün və ya 3% artım göstərərək 9,528 mln. barel/günə çatıb. Bu isə son 25 ayın maksimal səviyyəsidir.
Qeyd edək ki, hasilatın tarixi rekord həddi 2015-ci il iyunun 5-də qeydə alınıb və 9,610 mln. barel/gün təşkil edib. Cari neft hasilatının tarixi rekord həddən 82 min barel/gün və ya 0,85% ayırır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, aktiv neft quyularının sayının maksimal həddi isə 2014-cü il oktyabrın 10-da 1 609 ədəd olub. Hazırda aktiv neft quyularının sayı tarixi rekord həddən 846 ədəd və ya 52,6% aşağıdır. Bu da onu göstərir ki, aktiv neft quyularının sayı tarixi rekord həddən 2,1 dəfə az olsa da, gündəlik neft hasilatı demək olar ki, tarixi rekord həddə çatıb. Yəni məhsuldarlıq ən azı 2 dəfə artım göstərib.
Bu xəbər üçün şərh yazın