ABŞ-dan neft bazarlarını silkələyəcək qanun gəlir – Tramp hökuməti ucuz neft üçün OPEC-lə savaşa hazırlaşır
“ABŞ müxtəlif ölkələrlə ticarət savaşlarının ardınca, konkret təşkilatların üzərinə yeriməyə hazırlaşır.
“Neft istehsal və ixrac edən kartellərə qarşı addımlar haqqında” qanun layihəsi Konqresin baxışına təqdim edilib. Qanun layihəsi neft bazarında hər cür sövdələşmələri qanunsuz sayır və 100 il əvvəl qəbul edilmiş Şermanın antiinhisar qanunun tələblərinin OPEC-ə tətbiqini nəzərdə tutur. O zaman Şerman qanunu Rokfeller imperiyasının monopol gücünün sarsıdılmasını hədəfə almışdı”. Strateq.az-ın məlumatına görə, bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev bildirib.
O, xatırladıb ki, bu qanun layihəsi 2000-ci ildən hazırlanıb. Amma Buş və Obamanın dövründə Konqress sənədə veto qoymaqla hədələyib. Bu dəfə isə Hüquq Komitəsi layihəni bəyənib.
R.Ağayev qeydlərində göstərib ki, ABŞ-ın gündəlik xam neft tələbatı 19 mln. bareldir. “Onun cəmi 12 mln. bareli daxili istehsal hesabına təmin edilir. Yaxın 2-3 ildə idaxldan asılılığın 1-1.5 mln. barelədək azaldılması gözlənilsə də, ümumi asılılıq əmsalının azı 30% səviyyəsində qalacağı proqnozlaşdırılır. Bahalı neft idxalı isə ABŞ üçün ciddi problemə çevrilən ticarət kəsirini bir az artırır.
Nəzərə alaq ki, ABŞ dünyada bütün neft məhsullarının tam 20%-ni istehsal edir və bu həcmə görə 1-ci yerdədi. Üstəlik, ABŞ yüksək texnologiya sayəsində neft məhsullarının emal dərinliyinə (hər ton xam neftin hazır məhsul çıxarı) görə də dünyada 1-ci yerdədi. Bir sözlə, ucuz xam neft ABŞ-ın ticarət defisitini azaltmaqla yanaşı, neft emalı sənayesi üçün də vacibdir”.
İqtisadçının qənaətincə, ABŞ OPEC-lə də savaşa girsə, neft bazarında çox mürəkkəb proseslər baş verəcək.
“Hər varianta hazır olmaq lazımdı. Bu Çinlə, AB ilə ticarət müharibəsi deyil ki, zərbəsi bizim sərhədlərə gəlib çatmaya“-deyə Rövşən Ağayev vurğulayıb.
Bu xəbər üçün şərh yazın