ABŞ HƏRBİ GƏMİLƏRİ TÜRKİYƏNİ TƏHDİD EDİR! – Məşhur 6-cı flotiliya mübahisəli sularda!
Türkiyə ilə ABŞ arasında Suriya məsələsi və xüsusilə “Zeytun budağı” əməliyyatı ətrafında yaranan gərginlik artıq Kipr adası sahillərinə qədər uzanıb. Bunu ABŞ Hərbi Dəniz Donanmasının 6-cı flotiliyasının Kipr adasının Türkiyə və Yunanıstan arasında uzun illərdən bəri mübahisə obyekti olan dəniz sularına göndərilməsi təsdiqləyir.
Belə ki, ABŞ Suriyadakı konflikti bəhanə gətirərək, Aralıq dənizinə daha 4 böyük hərbi gəmidən və 2500 hərbçidən ibarət flotiliya göndərib ki, bu hərbi qüvvə də Cəbbəlütariq boğazından keçərək, mübahisəli sulara yaxınlaşıb.
AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə , ABŞ-ın bu addımı Türkiyəyə növbəti təzyiq və təhdid cəhdi kimi qiymətləndirilir. Məsələ ondadır ki, ABŞ gəmilərinin istiqamət aldığı ərazilərdə kifayət qədər iri həcmli neft və qaz yataqları mövcuddur. Həmin yataqlarda iri neft şirkətləri Kiprin yunan kəsiminin rəhbərliyinin razılığı ilə qazma işləri aparmağa dəfələrlə cəhd etsələr də, Türkiyə tərəfi hərbi gəmilərilə müdaxilə edərək, buna imkan verməyib. Sonuncu dəfə İtaliyanın ENİ şirkəti qazma işləri aparmaq istərkən, eyni situasiya yaranmış və bu da böyük gərginliyə səbəb olmuşdu. Nəticədə, italyan şirkəti işi dayandırmış və ərazini tərk etmişdi.
İndi isə məşhur “EXXONMobil” şirkəti bu ərazidə işə başlamaq istəyir. Həmin şirkət ki, ABŞ-ın dövlət katibi Reks Tillerson bu vəzifəyə təyin olunmamışdan öncə, onun rəhbərliyində təmsil olunub. Türkiyə mətbuatı və siyasətçilər bildirir ki, ABŞ donanmasının bu əraziyə gəlməsi qazma işləri başlanacağı təqdirdə Türkiyənin atacağı addımın qarşısını almaq və təbii ehtiyatların işlənərək, daşınmasının təhlükəsizliyini təmin etməyə hesablanıb. Bir sözlə, məqsəd Türkiyəyə qarşı güc nümayişi və təzyiqdir ki, bunu da qardaş ölkədə rəsmi Vaşinqtonun növbəti və əvvəlkilərdən daha böyük təxribatı hesab edirlər.
Xatırladaq ki, ABŞ-ın 6-cı flotiliyası Türkiyədə hələ ötən əsrin 60-cı illərindən məşhurdur. Belə ki, 1967-1971-ci illərdə bu donanmanın İstanbul sahillərinə yan alması və ABŞ dəniz piyadalarının şəhərdə görünməsi yerli əhalinin böyük qismi tərəfindən etirazla qarşılanmışdı. ABŞ əsgərlərinə qarşı xüsusilə tələbələrin yer aldığı aksiyalarda onlarla insan həyatını itirmiş, iğtişaşlar Türkiyənin bir çox iri şəhərlərini bürümüşdü. Süleyman Dəmirəlin baş nazir olduğu həmin dönəmdə siyasi mühit solçu və sağçı olmaqla, iki cəbhəyə – ABŞ hərbçilərinin əleyhinə olanlar və onları dəstəkləyənlərə bölünmüşdü ki, bu qüvələrin də arasında küçə və meydanlarda qanlı qarşıdurmalar baş verirdi.
Yeri gəlmişkən, CNN Türk telekanalında bu mövzu ilə bağlı yayımlanan proqramda bildirildi ki, Türkiyə parlamentinin hazırki rəhbəri İsmayıl Qəhrəman hələ gənc olduğu həmin illərdə ABŞ əsgərlərinin müdafiəsinə qalxan qüvvələrin tərkibində təmsil olunub…
Hazırda ABŞ-ın 6-cı flotiliyasının Kipr sahillərində iştirak etdiyi bu əməliyyatla bağlı rəsmi Ankara tərəfindən hər hansı mövqe ortaya qoyulmasa da, tezliklə cavab addımı atılacağı gözlənilir və siyasi ekspertlər onsuz da gərilən ABŞ-Türkiyə münasibətlərinin daha təhlükəli fazaya qədəm qoyacağından narahatlıqlarını gizlətmirlər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın