ABŞ ordusu Suriyadan çıxmağa başladı –İki min hərbçi Amerikaya qaytarılır
Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya Suriyadakı əsgərlərini çıxarmağa başlayıb. Bunu ordunun sözçüsü polkovnik Sean Ryan deyir.
Sözçü yanvarın 11-də yaydığı bəyanatında bildirir ki, Suriyadan məqsədli çıxma prosesi başlanıb. O, əlavə detal açıqlamayıb. O bildirib ki, əməliyyat təhlükəsizliyi səbəbindən konkret vaxtı, məkanı və əsgərlərin hərəkətini müzakirə etməyəcəklər.
Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, ABŞ koalisiyası Suriyanın şimal-şərqindəki Hasake vilayətində Rmeylan aerodromunda qüvvələrini azaltmağa başlayıb.
Qurum ABŞ əsgərlərinin hərbi bazadan yanvarın 10-da çıxmağa başladığını bildirib, bunu Amerika qüvvələrinin çıxarılması yönündə ilk addım adlandırıb.
Prezident Donald Tramp dekabrın 19-da elan edib ki, Suriyadakı 2 min ABŞ hərbçisini çıxarmaq istəyir.
Trump bu açıqlamanı türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoganla telefon danışığından sonra verib. Ancaq bu qərar ABŞ-ın müttəfiqləri, elə öz administrasiyası tərəfindən tənqid olunub.
(Azadlıq radiosu)
Bu xəbər üçün şərh yazın