ADAU-da 31 mart azərbaycanlıların soyqırımı günü anılıb
Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evində 31 Mart Azərbaycanlıların Soyqrım günü anılıb. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Faktinfo.az-a ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə, anım mərasimində təhsil müəssisəsinin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxış edib və bildirilib ki, martın 30-da səhər erməni-bolşevik dəstələri Bakını hərbi gəmilərdən atəşə tutublar. Artilleriya atəşindən sonra silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq, onları amansızcasına qətlə yetiriblər. Martın 31-dən aprelin 1-nə keçən gecə azərbaycanlı əhaliyə qarşı qırğın kütləvi xarakter alıb. 3 gün ərzində Bakıda 17 min nəfər öldürülüb. Ermənilər Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda azərbaycanlı əhaliyə xüsusi amansızlıqla divan tutublar.
Sonra soyqırımla bağlı videoçarx nümayiş etdirilib.
Anım mərasimində çıxış edən tələbələr isə vurğulayıb ki, iki əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə törədilən soyqrımlara uzun illər siyasi-hüquqi qiymət verilməyib. Tarix boyu ermənilər Rusiya ilə əlbir olaraq azərbaycanlılara qarşı soyqrım siyasəti həyata keçirib. Azərbaycanın onlarla kənd və şəhərlərində etnik təmizləmələr aparılıb. Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Qarabağ və başqa bölgələrdən azərbaycanlıları qovublar. 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında azərbaycanlılar yaşayan 199 kənd talan edilib və yandırılıb.
Bu xəbər üçün şərh yazın