ADAU-da konfrans keçirilib - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Bağçılıqda prioritet istehsal sahələrinin inkişafında elm-tədris-istehsalat tendensiyasının tətbiqi və nəzəriyyədən praktikaya gedən yol” adlı konfrans təşkil olunub.
Faktinfo.az xəbər verir ki,konfransda çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov meyvəçilik və tərəvəzçiliyin ölkəmizdəki tarixindən, hal-hazırdakı mövcud vəziyyətindən və bu sahəyə göstərilən dövlət dəstəyindən bəhs edərək, bu sahədə görülən işlərə ADAU və Elmi-Tədqiqat İnstitutlarının birgə dəstək verməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru dosent İlham Qaraqurbanlı “Müasir dünya bağçılığı: nəaliyyətlər, problemlər və perspektivlər” mövzusunda, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov “Üzümçülükdə mövcud potensial və perspektiv inkişaf” mövzusunda, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxs idarə heyətinin sədri fəlsəfə doktoru Elmar Allahverdiyev “Tərəvəzçiliyin davamlı inkişafında əsas tendensiyalar və innovativ texnologiyalar”, ADAU-nun Bağçılıq kafedrasının əməkdaşı professor Zaur Həsənov “Sitrus meyvəçiliyinin inkişafına innovativ yanaşmalar” mövzusunda təqdimatlar edib.
Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.
Konfrans günün ikinci yarısında bölmələrdə davam etdirilib.
Bu xəbər üçün şərh yazın