ADAU-da səfərdə olan rusiyalı nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıb - FOTO
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olan Rusiyanın Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin bir qrup professor-müəllim və tələbə heyəti Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.
Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qonaqlar erməni terroru nəticəsində yerləbir olmuş yaşayış binasının ətrafına həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın