ADP Rusiya sülhməramlılarının ölkədən çıxarılmasını tələb etdi - ÇAĞIRIŞ
Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantıda ötən həftə ərzində baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub. İdarə Heyəti son günlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsi zamanı yaşanan insidentləri, o cümlədən Şuşa şəhəri ətrafında erməni hərbi birləşmələri tərəfindən havaya atəş açılması hallarını müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, baş verənlərə Rusiya sülhməramlılarının müdaxilə etməməsi onu göstərir ki, bu hadisələrin baş verməsində Rusiyanın özü də maraqlıdır. İdarə Heyəti baş verənləri Rusiyanın sülhməramlı qüvvələrinin öz vəzifələrini yerinə yetirməməyinin əlaməti kimi dəyərləndirib və Azərbaycan hökumətindən Rusiya sülhməramlı qüvvələrini Azərbaycandan çıxarılması məsələsini qaldırmağa çağırıb.
İdarə Heyəti eyni zamanda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə görə Zəngəzur dəhlizinin açılmasının ləngidilməsi, adı çəkilən bəyanatda Azərbaycanın maraqlarına cavab verən məsələlərin öz həllini tapmaması və bu məsələlərin həll olunmasına Rusiya və Ermənistan liderlərinin maneələr yaratması hallarının Azərbaycan tərəfinin adı çəkilən bəyanatdan bitərəfli qaydada çıxması üçün əsas yaratdığını bildirib.
İdarə Heyəti Azərbaycan-Ermənistan sərhəddindəki baş verən son hadisələrlə bağlı ABŞ Dövlət Departamentinin yaydığı bəyanatı müzakirə edib. Məlum bəyanatda Azərbaycanda saxlanılan erməni hərbi diversantların “hərbi əsir” kimi dərhal və qeyd-şərtsiz azad olunmasına yönələn çağırışlar Amerikanın bölgədəki hadisələrdən ciddi xəbəri olmamasının, baş verənlərə ikili standartlarla və xristian təssübkeşliyi ilə yanaşmasının təzahürü kimi dəyərləndirilib. Qeyd edilib ki, birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın itkin və əsir düşən Azərbaycan vətəndaşları ilə bağlı bu günə qədər münasibət ortaya qoymayan ABŞ Dövlət Departamentinin bir qrup erməni terroristləri ilə bağlı Azərbaycan dövlətinə təsir göstərmək istəyi ABŞ-ın demokratik imicinə və bölgədəki hadisələrə neytrallığını şübhə altına alır və Azərbaycan xalqına qarşı qərəzli mövqedə durduğunu sübut edir. ADP İdarə Heyəti ABŞ administrasiyasını Qafqaz siyasətində ikili standartlara son qoymağa və Azərbaycana münasibətində beynəlxalq normalara riayət etməyə çağırıb.
ADP İdarə Heyəti ABŞ Dövlət Departamentinin məlum bəyanatında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan-Ermənistan arasında yenidən substantiv danışıqların bərpa edilməsinə yönələn çağırışlarını da müzakirə edib. Müzakirələrdə vurğulanıb ki, ATƏT-in Minsk qrupu dövlətlərarası problemlərin həllində vasitəçilik edə bilərdi ki, artıq Ermənistan-Azərbaycan arasında müharibə başa çatıb, bu baxımdan ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir əsas qalmayıb. İdarə Heyəti Dağlıq Qarabağ məsələsinin isə Azərbaycanın daxili işi olduğunu və buna görə kimsənin Azərbaycanın daxili işinə qarışmasının yolverilməz olduğunu bildirib. ADP İdarə Heyəti ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ məsələsinə yenidən cəlb edilməsi ilə bağlı çağırışları Azərbaycanın daxili işinə qarışmaq və suveren hüquqlarımızın kobud surətdə pozulmasına cəhd olduğuna görə qətiyyətlə pisləyib.
İdarə Heyəti ötən Həftə Ermənistan Baş naziri səlahiyyətlərini icra edən N.Paşinyan tərəfindən Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilməsinin ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin beynəlxalq müşahidəçiliyi ilə həyata keçirilməsinin vacibliyi ilə bağlı açıqlamasını da müzakirə edib. Müzakirələr zamanı qeyd edilib ki, belə bir halın baş verəcəyi təqdirdə həmin beynəlxalq müşahidəçi statusunda qardaş Türkiyə hərbi qüvvələri də qeyd-şərtsiz yer almalıdır.
İdarə Heyəti Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri kampaniyası zamanı erməni siyasi liderlərinin Azərbaycana qarşı revanşist və zorakılığa çağırışlara da diqqət çəkib. İdarə Heyəti Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixli bəyanata və beynəlxalq hüquqa zidd olan bu tipli çağırışları qətiyyətlə pisləyib və Ermənistan siyasi liderlərinin Azərbaycan-Ermənistan düşmənçiliyi üzərində siyasi divident qazanması ənənəsinə son qoyulmasının vacibliyini bildirib.
İdarə Heyəti Rusiya XİN başçısının Rusiyanın Türk Şurasında təmsil olunmaq istəyi ilə bağlı bəyanatını da müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, Rusiyanın Türk Şurasında təmsil olunması yolverilməzdir. Eyni zamanda toplantı iştirakçıları Türk Şurasının tezliklə Türk Dövlətləri Birliyinə çevrilməsinin, bu birliyin BMT-də qeydiyyata alınmasının, türk dövlətlərinin potensialının bu xalqların maraqları uğrunda birləşdirilməsinin, vahid hərbi, iqtisadi birliyin və digər siyasi institutlarının yaradılması istiqamətində addımların atılmasının vacibliyini bildiriblər.
İdarə Heyəti Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarının Türkiyə şirkətlərinə verilməsi ilə bağlı imzaladığı sərəncamı təqdir edib, eyni zamanda Qarabağın dirçəldilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan digər projelərdə qardaş Türkiyənin yaxından iştirakının təmin olunmasının vacibliyini bildirib.
İdarə Heyəti Belorusiyadan olan NEXTA telegram kanalının qurucusu və keçmiş baş redaktoru Roman Protaseviçin Belorusiya hakimiyyət orqanları tərəfindən beynəlxalq hüquq normalarının nümayişkaranə şəkildə pozulması ilə müşayət olunan həbsinə də münasibət bildirib. İdarə Heyəti baş verən hadisəni insan hüquq və azadlıqlarının kobud surətdə pozulması kimi dəyərləndirilib, eyni zamanda Azərbaycanın da belə bir dövlətlə yaxından əməkdaşlıq etməsini ölkəmizin beynəlxalq aləmdəki imicinə xələl gətirəcəyini nəzərə alaraq Azərbaycan hakimiyyətini Belarusiya ilə olan münasibətlərə yenidən baxmağa çağırıb.
İdarə Heyəti Tovuz rayonunda polis bölməsində Yaşar Ramazanov adlı vətəndaşın işgəncə ilə öldürülməsi ilə bağlı məlumata da münasibət bildirib. İdarə Heyəti bu günə qədər Avropa Məhkəməsində Azərbaycanda işgəncə faktlarının dəfələrlə sübut olunması və bu faktlara görə Azərbaycan tərəfinin həmin işgəncə faktlarında adı keçən şəxsləri məsuliyyətə cəlb etmədiyinə görə hələ də hüquq-mühafizə orqanlarında işgəncələrin davam etdiyini bildirib, eyni zamanda Tovuz rayonunda baş verən ölüm hadisəsinin müstəqil istintaq qrupu tərəfindən araşdırılmasının və günahkarların dairəsinin müəyən edilməsinin və sərt cəzalandırılmasını tələb edib.
İdarə Heyəti Rusiyanın Novosibirski şəhərində Abdullayev Vəkil Yaqub oğlu adlı azərbaycanlının yol polisi əməkdaşı tərəfindən odlu silahla qətlə yetirilməsi hadisəsini müzakirə edərək baş verənlərdən dərin narahatçılığını ifadə edib. İdarə Heyəti qətl hadisəsi ilə bağlı Azərbaycan hökumətini Rusiya hökumətindən obyektiv araşdırma aparılmasını tələb etməyə çağırıb. ADP İdarə Heyəti Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması naminə adı çəkilən ölkədə milli təfəkkürlü yeni bir səlahiyyətli səfirin təyin olunmasının və diaspor təşkilatlarının işlərinin yenidən qurulmasının vacibliyini bildirib.
Bu xəbər üçün şərh yazın