Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək - Kamaləddin Qafarov
“Azərbaycan işğaldan azad edilmiş ərazilərində iri miqyaslı bərpa-quruculuq işlərini böyük vüsətlə davam etdirir.
Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə davamlı səfərləri görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Bu gün işğaldan azad olunmuş rayon və bölgələrimizin istər iqtisadi inkişafı, istərsə də mənəvi dirçəlişi üçün dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür, bu istiqamətdə məqsədyönlü addımlar atılır. Görülən kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərlə yanaşı, qonşu rayon və bölgələrin də inkişafına yeni dinamika gətirir. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər çərçivəsində bir çox mühüm obyektlərin açılışı olub. Dövlətimizin başçısı bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək bir neçə sənaye, turizm, səhiyyə müəssisələrinin, eləcə sosial obyektlərin təməlini qoyub. Bununla da Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycan iqtisadiyyatına sürətli reinteqrasiyasının artıq qarşısıalınmaz proses olduğuna dair bütün dünyaya növbəti mesaj ünvanlamış oldu”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, Ağdam rayonunun bərpası ilə bağlı görülən kompleks tədbirlər qısa müddət ərzində bölgənin sürətli inkişaf mərhələsinə keçidini təmin edəcək: “Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra etdiyi çıxışında rayonun inkişafı məqsədilə dövlət tərəfindən görülən kompleks tədbirlər, həyata keçirilən iri miqyaslı infrastruktur layihələr barədə detallı açıqlamalar verməklə yanaşı, eyni zamanda da Azərbaycanlı iş adamlarının bu işlərdə daha aktiv olmalarının vacibliyini qeyd etdi. Həqiqətən də Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən dirçəlməsi üçün bütün zəruri addımları atır. Dövlətimizin başçısı tərəfindən Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşının qoyulması da məhz bu addımlardan biridir. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Lakin məhz yerli sahibkarlar bu istiqamətdə fəallıqlarını daha da artırmalıdırlar. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlıq fəaliyyəti üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Bütün bunlar yerli istehsalın inkişafına təkan vermək və bununla da bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişini, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafın sürətləndirmək məqsədi güdür”, – deyə K.Qafarov bildirib.
Millət vəkili vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin sürətli icrası bu ərazilərin yenidən məskunlaşmasına ən qısa zamanda imkan verəcək: “Artıq bu gün işğaldan azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Dövlət başçısı tərəfindən yeni yaşayış kompleksinin təməl daşının qoyulması xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma-iki ilə inşa ediləcək. Həmçinin 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara yüksək səviyyədə müasir tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Hazırda Ağdam şəhər 1 nömrəli orta məktəbin inşası davam edir. Bu məktəbdə təqribən minə yaxın şagird oxuyacaq”.
Kamaləddin Qafarov açıqlamasının sonunda demişdir: “Ağdamın yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi isə artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq. Ən əsası da budur ki, görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır və bu da dövlətimizin iqtisadi gücünü və texniki potensialını bir daha bütün dünyaya göstərir”.
Bu xəbər üçün şərh yazın