AHİK-in onlayn formatda IV Məclisi keçirilib

AHİK-in onlayn formatda IV Məclisi keçirilib - FOTOLAR

Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) onlayn formatda IV Məclisi keçirilib.

Öncə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məclisin gündəliyinə “AHİK-in üzv təşkilatlarında hesabat-seçki yığıncaqları barədə”, “İşçilərin əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” və təşkilati məsələlər daxil edilib.

Məclisdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “İşçilərin əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzəsi dinlənilib.

Konfederasiyadan Faktinfo.az saytına göndərilən məlumata görə, AHİK sədri ölkəmizdə işləyən insanların əmək və sosial hüquqlarının müdafiəsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən danışıb: “Bu siyasətin həyata keçirilməsi məqsədilə müxtəlif proqramlar, strategiyalar, konsepsiyalar qəbul olunub və uğurla icra edilib. Həmkarlar ittifaqları da Dayanıqlı İnkişafın təşviqinə dair strategiya qəbul edib. Həmkarlar ittifaqlarının yaxın hədəflərini əks etdirən seçilmiş 5 prioritet məqsəd üçün yol xəritəsi müəyyənləşdirilib. Bunlar yoxsulluğa son (hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq), yaxşı səhiyyə və rifah (yaşından asılı olmayaraq, hər kəsin sağlam yaşamasını təmin etmək va rifah halını yaxşılaşdırmaq), keyfiyyətli təhsil (hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək), gender bərabərliyi (gender bərabərliyinə nail olmaq və bütün qız və qadınları səlahiyyətləndirmək), layiqli əmək və iqtisadi artım (davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və səmərəli məşğulluğu və layiqli əməyi təşviq etmək). Nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi üçün strategiya üzv təşkilatlara da göndərilib”.

S.Möhbalıyev qeyd edib ki, pandemiya dövründə AHİK və üzv təşkilatları tərəfindən 114 724 aztəminatlı ailəyə 4 833 163 manat miqdarında ərzaq və

maddi yardım göstərilib, 117 203 nəfərə isə 8 261 340 manat maddi yardım edilib: “2020-2021-ci illər ərzində 1 568 775 ədəd qoruyucu vasitə – əlcək, maska, spirt və s. alınaraq müəssisə və təşkilatlara paylanılıb. Bunlara 1 593 002 manat vəsait xərclənib. Koronavirusla Mübarizəyə Dəstək Fonduna və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 632 672 manat, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə isə 705 000 manat vəsait ayrılıb”. AHİK-in beynəlxalq həmkarlar ittifaqı hərəkatında da kifayət qədər nüfuz sahibi oduğunu vurğulayan S.Möhbalıyev qeyd edib ki, rəhbərlik etdiyi qurum Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının tərkibində vitse-prezident səviyyəsində təmsil edilir: “Hazırda AHİK dünyanın 70 milli mərkəzi ilə əlaqə saxlayır, 6 beynəlxalq təşkilatın işində iştirak edərək əməkdaşlıq əlaqələrini getdikcə genişləndirir və möhkəmləndirir. Beynəlxalq əlaqələrimizin yüksək səviyyədə qurulmasının əsas səbəbi tərəfdaşlarımızla eyni amala - işçilərin əmək hüquqlarının və sosial iqtisadi mənafelərinin müdafiəsinə dönmədən xidmət etməyimizdir”. Konfederasiya sədri deyib ki, ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində AHİK-in fəal iştirakı sosial-əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərir: “Norma yaradıcılığında iştirakı ilə həmkarlar ittifaqı işçilərin hüquq və mənafeyinə toxunan normativ-hüquqi aktların layihələrinin qəbul olunmasının qarşısını alır. İndiyədək 493 əmək, sosial-iqtisadi sahədə normativ hüquqi aktın hazırlanmasına aid rəy və təkliflər verilmişdir”. Onun sözlərinə görə, 2019-2020-ci illərdə AHİK-in xidmətinə daxil olan müəssisə və təşkilatlarda bədbəxt hadisə nəticəsində 230 nəfər xəsarət alıb, 55 nəfər isə həyatını itirib: “2021-ci ilin 9 ayı ərzində istehsalatda bədbəxt hadisə nəticəsində 14 nəfər dünyasını dəyişib. Ümumiyyətlə, həmkarlar ittifaqlarında 2019-2020-ci illərdə əməyin mühafizəsi sahəsində görülən işlərin nəticələri 187 yığıncaqda müzakirə edilərək bu sahədə fəaliyyətlərinin növbəti dövr üçün istiqamətləri müəyyənləşdirilib. Bəzi müəssisələrdə sanitariya–gigiyena normalarına cavab verməyən əmək şəraitinin mövcud olması müəyyən edilib və

1573 işçi bu cür əlverişsiz əmək şəraitindən çıxarılıb. Onlardan 142 nəfəri tozlu və qazlı, 358 nəfəri səsin, 82 nəfəri titrəyişin, 462 nəfəri istiliyin normadan artıq olduğu, 382 nəfəri qeyri-qənaətbəxş işıqlanma və 137 nəfəri ağır fiziki əl əməyi şəraitində işləyirdi. Əlverişsiz əmək şəraitində işə görə 330 nəfər əlavə məzuniyyətlə, 86 nəfər qısaldılmış iş günü ilə, 568 nəfər pulsuz müalicəvi profilaktik yeməklərlə, 774 nəfər isə süd və ya əvəzedici məhsullarla təmin olunub. İş yerlərində, 804-ü qarderob, 1248-i duşxana, 1503-ü əl-üz yuyan və 25-i qadınların şəxsi gigiyena otaqları olmaqla, sanitar norma və qaydaların tələblərinə uyğunlaşdırılmış, 3580 sanitar məişət otağı quraşdırılıb. Normativ-hüquqi aktların tələblərinə uyğun olaraq 1387 işçi xüsusi geyimlərlə, 983 işçi xüsusi ayaqqabılarla və 598 işçi isə digər fərdi mühafizə vasitələri ilə təmin olunub. 984 işçinin xidmətində olan 211 texnoloji avadanlıq (maşın, mexanizm, nəqliyyat və digər) standartların təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya cəlb olunmuş müəssisələrin sayı 107, işçilərin sayı isə 7845 nəfər olub”.

“Aparılan araşdırmalar nəticəsində məlum olub ki, son üç il ərzində AHİK-in üzv təşkilatlarının xidmətində olan sahələrdə işçilərlə 90 693 müddətli, 253 278 müddətsiz əmək müqaviləsi bağlanıb. Hətta bir çox Respublika Komitəsindən alınan məlumatlardan aydın olur ki, müəssisələrin bəzilərində müddətsiz əmək müqaviləsinə yox, müddətli əmək müqaviləsinə üstünlük verilir. Sahə həmkarlar ittifaqlarında 2019-cu ildə 33802, 2020-ci ildə 24621, 2021-ci ilin 9 ayı ərzində isə 32270 olmaqla 90693 müddətli əmək muqaviləsi, 2019-cu ildə 87609, 2020-ci ildə 81861, 2021-ci ilin 9 ayında 80808 olmaqla 253278 müddətsiz əmək müqaviləsi bağlanılıb”, - deyən AHİK sədri bildirib ki, müddətli əmək müqavilələri bağlanarkən həmkarlar ittifaqları daha fəal olmalı, müqavilə bitəndən sonra həmin şəxslərə işsiz statusunun verilməsi məsələsi müvafiq orqanlar qarşısında qaldırılmalı, hüquqları müdafiə olunmalıdır.

S.Möhbalıyev vurğulayıb ki, son 3 il ərzində işəgötürənlər tərəfindən həmkarlar ittifaqı təşkilatlarına 4249 təqdimat verilib, bunlardan 3 635 təqdimatla əmək müqaviləsinin ləğvinə razılıq verilib. Qeyd edilən dövr ərzində həmkarlar ittifaqı üzvləri tərəfindən məhkəməyə 110 müraciət olub. Bunlardan 55-i işə bərpa, əmək hüquqlarının pozulması ilə bağlı, 51-i isə müəssisə həmkarlar ittifaqlarının qərarından verilmiş şikayətlərdir ki, onların da heç biri məhkəmələr tərəfindən təmin edilməyib. İşə bərpa ilə bağlı 11 müraciət təmin edilib. Müəssisələrdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının nəzdində yaradılan fərdi əmək mübahisələrinə baxan komissiyalarda müxtəlif səpgidə 88 fərdi əmək mübahisəsinə baxılıb”.

Məruzə dinlənildikdən sonra gündəliyə çıxarılan məsələlərin müzakirəsi aparılıb, təşkilati və digər gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Ardınca AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı bəzi tövsiyələr verib.

S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.

Sonda S.Möhbalıyev Məclis iştirakçılarını, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, növbəti ildə onlara yeni-yeni uğurlar və xoşbəxt dolu günlər arzulayıb. Geridə qoyduğumuz 2021-ci ildə ölkəmizin qazandığı uğrlara və əldə etdiyi nailiyyətlərə görə, dövlətimizin başçısı cənab

İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edən S.Möhbalıyev dövlətimizin daha da inkişafı, xalqımızın firavanlığı və xoşbəxt gələcəyi naminə onlara qarşıdan gələn ildə də böyük uğurlar arzulayıb.


AHİK-in onlayn formatda IV Məclisi keçirilibAHİK-in onlayn formatda IV Məclisi keçirilibAHİK-in onlayn formatda IV Məclisi keçirilibAHİK-in onlayn formatda IV Məclisi keçirilibAHİK-in onlayn formatda IV Məclisi keçirilibAHİK-in onlayn formatda IV Məclisi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi