AHİK sədri həmkarlar ittifaqlarının Nabrandakı sağlamlıq-istirahət ocaqlarının vəziyyəti ilə maraqlanıb- - FOTOLAR
İşçilərin istirahəti, əmək qabiliyyətinin bərpası, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə asudə vaxtın daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olub.
Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının yüzlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Bu da, təbii ki, ittifaq üzvləri tərəfindən rəğbətlə qarşılanır və onların daha səmərəli fəaliyyət göstərə bilmələri üçün stimul yaradır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev mütəmadi olaraq həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə baş çəkir, istirahət üçün yaradılmış şəraitlə tanış olur, dincələnlərlə söhbətlər aparır, necə istirahət etdikləri ilə maraqlanır.
Faktinfo.az-a Avqustun 27-də AHİK sədri növbəti dəfə həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən istirahət mərkəzlərində olaraq vəziyyətlə tanış olub.
Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə gələn S.Möhbalıyev burada istirahətə gələnlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya baxış keçirib, ərazini gəzib. O həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına əməl olunma şəraiti ilə də maraqlanıb. Mərkəzdə məlumat verilib ki, istirahət mərkəzi müntəzəm olaraq xüsusi məhlulla
yuyularaq dezinfeksiya edilir, işçilərə və istirahət edənlərə gigiyena qaydalarına riayət edilməsnin, sosial məsafənin saxlanılmasının vacibliyi, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsinin zəruriliyi izah olunur, müvafiq tövsiyələr verilir. Qeyd olunub ki, istirahətə gələnlərdən koronavirus əleyhinə vaksinasiya olunmaları (iki dozada) barədə “COVID-19 vaksin sertifikatı” tələb olunur. Sədr son zamanlar ölkədə yoluxanların sayının artdığını, buna görə də virusdan qorunmaq üçün tələb olunan bütün qaydalara əməl olunmasının vacibliyini bildirb. Sonra AHİK sədri mərkəzdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.
Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzində keçirilib. 2010-cu ildə inşa olunan istirahət mərkəzi dənizdən bir kilometr məsafədə yerləşir. Burada kotteclər və üç ikimərtəbəli istirahət korpusu qonaqların istifadəsindədir. Mərkəzdə eyni vaxtda 96 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın insanın istirahət etməsi üçün hər cür şərait yaradılıb.
AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” istirahət mərkəzinə də baş çəkib. 2013-cü ilin iyun ayında istifadəyə verilən istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya üçmərtəbəli yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı üzgüçülük hovuzları, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər tikililər daxildir. Mərkəzdə eyni vaxtda 265 nəfərin istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir. Ümumilikdə mövsüm ərzində burada həmkarlar ittifaqının 1500 nəfərə yaxın üzvü dincəlir. İstirahət mərkəzinə baxış keçirən sədr burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tapşırıb.
İstirahət edənlərlə və jurnalistlərlə söhbətində AHİK sədr bildirib ki, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması, istirahətinin təşkili ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir: “Bu məqsədlə ölkədə ildən-ilə sağlamlıq və istirahət mərkəzlərinin sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılır. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar. Hər il həmkarlar təşkilatlarının xətti ilə minlərlə vətəndaşımız öz ailələləri ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır. Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. İstəyirik ki, gələn qonaqlar buradan məmnun ayrılsınlar, yaradılmış şəraitdən razı qalsınlar. Bizim əsas istəyimiz də budur. Mən burada istirahət edənlərlə söhbətlərim zamanı koronovirusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmələrini xüsusi olaraq tövsiyə etdim. Bu, onların və yaxınlarının sağlamlığını qorumaq üçün vacibdir.
Bizim istirahət mərkəzlərimizdə yüzlərlə vətəndaşımız daimi və mövsümü işlərlə təmin olunub, bu da məşğulluğun təmin olunmasına mühüm töhfədir”, - deyə AHİK sədri vurğulayıb.
S.Möhbalıyev qeyd edib ki, bu gün yüksək dövlət qayğısı nəticəsində AHİK-in balansında olan bütün istirahət mərkəzləri yenidən qurulur, müasir tələblərə uyğunlaşdırılır, istirahət üçün geniş imkanlar yaradılır. “Təhsil”, “Ülfət”, “Rabitəçi” və digər istirahət mərkəzlərində yeni korpusların tikilməsi nəzərdə tutulur. “Xəzər” İstirahət Mərkəzinin bir hissəsində məcburi köçkünlər yerləşib. Onlar öz yurdlarına qayıtdıqdan sonra burada əsaslı təmir-bərpa işlərinə başlayacağıq.
Bu xəbər üçün şərh yazın