"Ailə qurub, toy etməmisən, uşağının atası kimdir?"
Əməkdar artist Vasif Məhərrəmli müğənni Şəbnəm Qəhrəmanovanın onun ünvanına dediyi "xəsis" sözünə sərt cavab verib.
Müğənni bu haqda "10-da görüşək" proqramında danışıb:
"Birinci qarşısında olan adamın yaşına, başına baxmalı, sonra özünə, mövqeyinə və qarşısındakının mövqeyinə baxmalıdır. Deyir, eşitmişəm ki, ən xəsis müğənni Vasif Məhərrəmlidir. Köməkçilərimə tapşırdım ki, onunla maraqlansınlar. Əgər buna lağlağa ilə yanaşmasaydı, ciddi desəydi, oturub dərindən düşünərdim ki, görəsən, o xanımı nə vaxtsa harasa aparıb, onun pulunu verməmişəm? Amma elə düşünmədim.
Eşitdim ki, heç ailə qurmayıb. Ailə qurmamısan, toy etməmisən, sual verirəm ki, uşağının atası kimdir? Soruşuram səndən kimdir uşağının atası? Mərdi qova-qova namərd etməyin. Gedin işinizlə məşğul olun".
Qarşı tərəfin V.Məhərrəmliyə cavabı gecikməyib. O bildirib ki, övladının atası ilə ifaçı dəfələrlə eyni masada oturublar:
"Vasif Məhərrəmliyə həmişə məndən böyük bir sənətçi kimi hörmətim olub. Dəfələrlə eyni masada əyləşib, çörək də kəsmişik. İndi sual verir ki, uşağımın atası kimdir? Əyləşdiyimiz masalarda övladımın atasıyla bir oturub. Kim olduğunu da çox gözəl bilir. Deyir ki, yaş məsələsinə görə, mənə “xəsis” deməzdi, bu hadisə illər öncə olub, mən orada çörək kəsdiyim adamın adını zarafatla çəkmişəm, bir yaxınım kimi ərk etmişəm.
Efirdə özünü elə aparır ki, guya məni tanımır, mənim haqımda məlumatı işçilərinə tapşırıb ki, onlar araşdırsınlar. Ümid edirəm ki, Vasif bəydə yaddaş problemi yaranmayıb. Əks halda dəfələrlə çörək kəsdiyi adamları unutmazdı. "Xəsis"lik mövzusunu elə şişirdir ki, sanki bu söz təhqirdir. Halbuki illərdir Türkiyə mediası Əmrahı xəsis adlandırır və bu fikirlər onun vecinə deyil. Vasif bəy də mənim kimi məsələyə yumoristik yanaşsa, üzüyünün qaşı tökülməzdi. Onun deyiminə görə, mən böyük yeri bilməmişəm, "xəsis" sözü kimi adına "böyük bir ittiham" səsləndirmişəm, "ləkə" yaxmışam, o böyüklük edərdi, zarafatla cavab verərdi.
Qadına şiddətə qarşı dövlətimizin, rəsmilərimizin tədbirlər, aksiyalar, sosial layihələr keçirdiyi bir vaxtda, öz həmkarım məni qadın olduğum üçün rahatlıqla təhqir edə bilir, inanmıram ki, hansısa kişi həmkarımız bu fikirləri səsləndirsəydi, Vasif bəy belə reaksiya verərdi.
Orada deyir ki, "Şəbnəmi hara aparıb pulunu verməmişəm?". Necə çirkin, bir azərbaycanlı bəyə, məndən böyüyə yaraşmayan fikirlərdir. Mən heç kimin şəxsiyyətini təhqir etməmişəm. Ancaq bu adam məni efirdən, milyonların qarşısında təhqir edir. Bu da qadına şiddətin bir növüdür. Şiddət elə vurmaq, döymək deyil ki... Vasif bəyin etdiyi psixoloji şiddətin özüdür, televiziyaya baxan tamaşaçılar bu hərəkətdən hansı nümunə götürə bilər?
Mənim şəxsi həyatım mənə məxsusdur. Buna heç kimin toxunmağa haqqı yoxdur. Öz ayaqlarımın üstündə duran, zəhmət çəkən, övladımın gələcəyi üçün çalışan bir xanımam. İndiyədək heç kimə pisliyim dəyməyib, bir qarışqanı belə incitməyə qıymamışam. Sakitcə öz işimlə, sənətimlə məşğulam. Yaxşı, pis işlərimi təqdim edirəm. Etdiyim heç bir hərəkətdən də peşman deyiləm. Səhvlərim olubsa da, bu, Allahla mənim aramdadır. Kiminsə nəyisə sorğulamağa həddi çatmamalıdır. Bu gün efirlərdə yetərincə şiddəti təbliğ edənlər var. Buna icazə verilməməlidir.
Son olaraq, bir qadın kimi, bütün qadınlara səbr, dözüm, həmkarlarıma isə uğurlar arzu edirəm. Xəsis olmaq ayıb deyil, bir çörək kəsdiyin insanın xanımına dil uzatmaq ayıbdır. Mən xəsis olmağı seçərdim, Vasif bəy, çünki ikincisi daha ağırdır"./axşam.az
Bu xəbər üçün şərh yazın