“Allahla ən az əlaqəsi olan yer məscidlərdir“ - Deputat
"İnanın ki, rəsmi xəbərdir. İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscid yandırılıb. Məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırıb.
İlk istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş.
Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər. Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş.
Buna görə də qardaşlar əhalinin digər məscidə çox getməsi səbəbindən hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlərin kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək".
Bu sözləri özünün facebook səhifəsində Milli Məclisin deputatı Fazil Mustafa yazıb. Deputat daha sonra qeyd edib ki, burda qəribə heç nə baş verməyib:
"Bizdə el arasında məscidə "Allahın evi" adını versələr də, Allahla ən az əlaqəsi olan yer də bir çox hallarda məscidlərdir. Allahın evi cəhalət yuvası ola bilməz, dedi-qodu yeri ola bilməz, Allahın adı ilə din lotuları üçün nəzir, sədəqə yığılmaz, mollaların savadsız, cahil insanları din adına aldatdığı yer ola bilməz, ayrı-ayrı məzhəblərdən olan müsəlmanların əzan üstündə, namaz üstündə münaqişə yaşadığı yer ola bilməz. Dünən yolüstü namaz üçün Bibiheybət məscidinə girdim, orada ona yaxın qadının ortadakı qəbirin reşotkasına başını sürtüb ağlaşdığını gördüm. Danabaş kəndi indi daha da böyüyüb Danabaş şəhərinə çevrilib. Həm də 21-ci yüzildə kütləvi şəkildə yanlış dinin danabaşlaşdırdığı insan kütləsi çoxalıb. Əslində ölkəmizdə məscidlərin hamısı yandırılıb, tüstüsünü görmürsünüz. Allahın adından başqa Allaha aid çox az şeylər taparsınız burada. İndi məscidə nəzarət edən iki qardaş həm də cəmiyyət içində, kənd içində dindar sayılırlar. Həm də insanların illərdir din adına verdikləri nəzirlərlə, sədəqələrlə imkan sahibinə çevrilmiş dindarlardır. Dindarı məscidi yandırmağa adi iş kimi baxırsa, dini ibadətin də bir vərdişdən, bir statusdan, bir saxtakarlıqdan qaynaqlandığını rahatca söyləmək olar. Burada eyni zamanda məscidin yanmağının fəzilətindən də danışmaq mümkündür. Həm də o halda danışmaq mümkündür ki, yanmış məsciddə bitlər təmizlənsin, fitnələr təmizlənsin, ibadətlər səmimiləşsin. Əməlindən bixəbər olduğunuz ölülərin qəbrinə, qəbrinin reşotkasına başınızı sürtmək yerinə gedib Fəxri Xiyabanda Mirzə Cəlilin məzarının sinə daşına başınıız söykəyib bir neçə dəqiqəliyə qulaq verin. Elə faydalı sözlər eşidəcəksiniz ki, içiniz alışıb yanacaqdır.
Nə deyim, istintaq orqanlarına tövsiyyəm odur ki, o qardaşlarla işləri olmasın. Məscidlərin ikisi də özləri yanıb. Azərbaycan adlanan məmləkətdə bu qədər insanın içində, beynində yaşatdığı cahilliyə, nadanlığa, xurafata məscid dözər?"
Bu xəbər üçün şərh yazın