AMEA-da 50 milyon manat mənimsəmələrə toxunuldu- Misir Mərdanov Akademiyadakı maliyyə yoxlamalarına niyə etiraz edir?
Filologiya elmləri doktoru, professor İdris Abbasov keçmiş təhsil naziri, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun internet telekanlallarından birinə müsahibəsində Akademiyada maliyyə yoxlamalarına etiraz etməsi ilə bağlı özünün “Facebook” səhifəsində yazı paylaşıb.
Hurriyyet.az həmin yazını təqdim edir:
“Görünür, pula pul deməyən sabiq nazir və hazırkı yarım-akademik-direktor akademiyada mənimsənilən 5-10, hətta 40-50 milyonu pul saymır!
Ramiz Mehdiyevdən 80 yaşından sonra akdemiyada hansısa islahat etməyi gözləmək, əlbəttə, sadəlövhlük olardı. Azərbaycan gerçəkliyində məşəqqətlərdən, səfalətdən, yoxsulluqdan adam 50-60 yaşında çökür. R.Mehdiyev özünə yüksək səviyyədə baxmaq imkanı olduğundan 80 yaşdan sonra da ayaq üstə dura bilirdi. Amma bu o demək deyil ki, yaş öz sözünü demir.
Akademikin vəzifədə davam etməsi ona görə zərərli idi ki, akademşəbəkə sabiq administrasiya şefinə istinad edib daha çox özbaşınalıq edirdi. Siyasi intriqalar fonunda bu özbaşınalıq ölkə miqyasında təhlükəyə çevrilirdi.
Akademik sistemin, onun "amonlar"ının saxlanacağı təqdirdə "islahat" sözünə nifrət edən akademşəbəkənin hər hansı təbəddülata adekvat olduğunu söyləmək çətindir. Maşallah, dövlətdən, xalqdan oğurladıqları milyonları altlarına qoyub indi özlərindən razı halda efirlərdən "qızıl" xırdalayırlar. Sanki Hüseyn Dərya mütəqəzziz "Kef elə!" repini bunlar üçün bəstələyibmiş!
Vəzifəsindən istefa vermək ərəfəsində olan Ramiz Mehdiyevi geninə-boluna "yıxıb-sürümə" rəqabətinə girişmiş 76 yaşlı sabiq Təhsil naziri, indiki institut direktoru Misir Mərdanov akademiyadakı maliyyə yoxlamalarına qarşı çıxıb. O, dövlətin akademiyaya ayırdığı maliyyə vəsaitinə ironiya edib. Sabiq nazir deyib: "Akademiyaya və onun institutlarına nə pul ayrılır ki, onu da yoxlayasan?".
Sələfindən heç də geri qalmayan yarım-akademik (AMEA-nın müxbir üzvü) təhsilimizi də belə ağıl və məntiqlə idarə edibsə, bu yaşında da dinclik guşəsinə çəkilib institutda özünə başqa direktorlarınkından fərqlənən xüsusi kabinet, nazirsayağı xudmani istirahət guşəsi düzəltdiribsə, indi məqami-fürsəti qaçırmadan həvəslə haqdan-ədalətdən, sərdən-sədaqətdən danışırsa, vay bizim hali-istiqbalımıza!
Adam, hiss olunur ki, milyonu pul saymır! Halımıza bax da! Sanki akademiya institutlarında mənimsənilən milyonlar dövlətin deyil, Allahın göydən yağdırdığı qar dənəcikləri imiş.
Daha bu qədər də yox da, ay Misir müəllim! Adamın əlinə fürsət düşəndə şəxsi maraq müstəvisində ədalət çərçivəsini bu qədər aşmaz axı!
Mehdiyevin əvvəlki fəaliyyətini analiz edən kifayət qədər insan vardır. Onu qeyd edə bilərəm ki, onun de-yure 2,5 il AMEA-ya rəhbərlik etməsi, şübhəsiz, tənqidə layiqdir. Onun təqdirəlayiq nəsə etməsi şübhə doğura bilərdi.
Tənqid vacibdir, fəqət bu qəbildən olan tənqidlər akademşəbəkənin intəhasız qanunsuzluqlarını ört-basdır etməyə hesablana bilməz və buna yol verənləri durdurmaq lazımdır.
Möhtərəm Misir müəllim! Elə sanmayın ki, təkcə sizi nəzərdə tuturam. Təhsil naziri olanda vəzifənizin axır-axırlarında ictimaiyyətə dediniz ki, müəllimə filan qədər maaş verin, görün, təhsilin keyfiyyəti qalxır, ya qalxmır.
İndi də deyirsiniz ki, alimlərin maaşı artırılmalıdır. Sözdür də deyirsiniz. Nə ziyanı var? Aydın məsələdir ki, bu təklifdən xoşhallananlar çox adam olacaq. İctimaiyyətdən təcrid olunaraq səkanətə dalmış, ölkənin halına biganə qalan saf alimlər yuxudan ayılıb deyəcəklər ki, a kişi, Misir müəllim bizi düşünüb deyir də! Sonra başlarını "paduşka"ya atıb yatmaqlarına davam edəcəklər. Ayılanda yenə Misir müəllimin səsini eşidib günorta yeməyini yaddan çıxaracaq, nazirə təşəkkür edib yenə xorhaxorla yatacaqlar.
Amma çox az adam məntiqlə düşünəcək ki, görəsən, Misir müəllim dövlətin büdcəsindən nə istəyir? Guya Misir müəllimin deməyi ilə müəllimlərin, alimlərin vəziyyəti yaxşılaşdı və ya yaxşılaşacaq? Yox, əlbəttə. Bunu Misir müəllim məzə üçün deyir və özü də çox gözəl bilir ki, özü də daxil, məmur ordusunun üstünə düşdüyü çarəsiz büdcə, namuslu əməyi ilə çörək qazanan müəllimi, həkimi, alimi təmin etmək gücündə deyil.
Misir müəllim hədəfə hücum edə bilmir, çünki hədəf həm də onun özüdür. Adam yayınmağın ən optimal yolunu tapıb: "Dövlət nə pul ayırır ki?!", "Müəllimə, alimə nə maaş verir ki?!" Ona görə də 76 yaşlı sabiq təhsil bosu haqqı çalınmış ac-yalavac ictimaiyyəti bu fəndlə yola verib hörməti-izzət və səlahiyyət sahibi olmaq imkanlarını qazanır, özü isə gülə-gülə “ələmdən nəşəyə” keçib lüks həyatını yaşayır.
Doğrudan da, Azərbaycan dövlətinin büdcəsindən nə istəyirsiniz, ay Misir müəllim? İnsafınız olsun! Əvvəlcə, o büdcəni doldurmaq haqqında niyə düşünmürsünüz? Niyə o büdcəni talan edən korrupsionerləri, rüşvətxorları, altına milyonlar, mülklər yığan akademik və məmur-oliqarx həmkarlarınızı ifşa etmirsiniz? Niyə dönüb özünüzə yaxşı-yaxşı baxmırsınız? Axı siz haqq, ədalət, doğruluq, sədaqət mövqeyindən çıxış edirsiniz.
Öz aramızdır, siz də yaxşı bilirsiniz ki, əl-ələ verib büdcəni yaxşıca əzişdirmisiniz. Yazıq büdcə illər uzunu özünə gələ, ya gəlməyə
Mən, sadəcə, sizin çıxışınızın bəzi məqamlarına yüngülvari toxundum.
Dərdim kasıblığım deyil. Şəbəkəyə, qruplara qoşulmaqla o mənfur kasıblığın daşını fövrən ata bilərəm, amma fitrətim buna yol vermir. Arzum və həyatımın mənası büdcəsi talanmış, boynubükük vəziyyətə salınmış dövlətin deyil, güclü, və sarsılmaz dövlətin güclü və qürurlu vətəndaşı olmaqdır. Bu gerçəyi dərk edənlərlə son nəfəsimə qədər rəqabətə girməyə hazıram. Yoxsa xalqın, dövlətin milyonlarını qamarlayıb altına yığ, özünə və əhli-əyalına qanlı biznes yarat, əyri yollarla eyş-işrət içində yaşa, sonra gəlib xalqa nəsihət ver, ələ sal. Eləsinə deyərlər: Nəsihətin başına dəysin, sonra qayıdıb qanlı mülklərinin üzərində çatlasın!”
Bu xəbər üçün şərh yazın