AMEA-NIN YAŞI 65-DƏN YUXARI OLAN ƏMƏKDAŞLARINA PEYVƏND VURULUB
COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə edilən bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlayıb və bütün dünyanı əhatə edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan edib, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsinin qlobal miqyasda çox yüksək dərəcədə olduğunu açıqlayıb və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatdığını bildirib.
Bu virusdan Azərbaycan da kənarda qala bilməyib. 2020-ci ilin əvvəllərindən Azərbaycanda bu virusa qarşı qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, tez bir zamanda vətənimizdə də bu virusa yoluxan, ondan əziyyət çəkən minlərlə insan oldu. Belə bir dönəmdə dünya ölkələrinin də qarşısında duran əsas vəzifə virusa qarşı peyvəndi aşkar etmək idi. Bir sıra ölkələrdə yeni hazırlanmış vaksinlərin müxtəlif kliniki sınaq mərhələləri istiqamətində müşahidələr aparılıb və öz müsbət nəticəsini verib. Azərbaycana da artıq bir neçə aydır ki, bu peyvənd gətirilib və artıq əhalinin vaksinasiyasına başlanılıb. Vaksinin Azərbaycana gətirilməsində əsas məqsəd hazırda geniş yayılmış COVID-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.
Bu tədbirlərdən irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyası da əməkdaşlarının vaksinasiya edilməsində fəal iştirak edir. Belə ki, 23 fevral 2021-ci il tarixində TƏBİB-in modul tipli xəstəxanasında yaşı 65-dən yuxarı olan akademiya əməkdaşlarının vaksinasiyası həyata keçirilib. 400-dən artıq əməkdaşımız peyvənd olunub və heç bir əks-göstərişlə rastlaşmayıblar. Tibbi personalın peşəkarlığını və pasiyentlərə qarşı diqqətliliyini xüsusilə qeyd etmək olar. Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın