AQTA “ölü obyektlər”ə yoxlama qərarı açır - Qurumun saxta statistikası nəyə xidmət edir?
Azərbaycanda sahibkarların ən çox şikayətçi olduğu orqanlardan biri kimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi öz “missiyasını” davam etdirməkdədir.
Kütləvi şəkildə, ucdantutma, az qala SSRİ dövründən qalma plan xarakterli yoxlamalarla zəif və arxasız sahibkarlara qənim kəsilən qurum bəzən bütün əndazələri aşır.
AzPolitika.info-ya edilən müraciətlərdən aydın olur ki, AQTA artıq fəaliyyətini dayandırmış, obyektini, VÖEN-ini bağlamış sahibkarlara da yoxlama qərarı açır. Məsələn, Yasamal rayonu, General Akim Abbasov küçəsində fəaliyyət göstərmiş sahibkarlardan biri bildirir ki, bir neçə ay bundan əvvəl fəaliyyətini dayandırıb, obyekti bağlasa da, AQTA ona dekabr ayının 22-dən obyektinə yoxlama qərarı açıldığına dair məktub göndərib. İndi həmin obyekt onun adına deyil və kiminsə orada işləyib-işləmədiyini də bilmir. Buna baxmayaraq, yoxlama qərarı artıq işləməyən sahibkarın adına və ünvanına göndərilib. Maraqlıdır ki, indi qurum nəyi və kimi yoxlayacaq?...
Deyilənə görə, bu, AQTA-nın fəaliyyətində ilk belə hal deyil və bu cür məktublar digər xeyli sayda fəaliyyətini dayandırmış sahibkarların da ünvanına göndərilir.
Bu faktın özü AQTA-nın fəaliyyətinin “keyfiyyət göstəricisi” sayıla bilər. Bu, bir tərəfdən qurumun saxta statistika formalaşdırmasına xidmət edirsə, digər tərəfdən də AQTA-nın digər dövlət qurumlarıyla normal kommunikasiyasının olmadığından xəbər verir. Belə ki, əslində, AQTA Vergilər Nazirliyindən yoxlama qərarı açmaq istədiyi sahibkarların həmin an üçün fəaliyyətinin olub-olmadığına dair məlumat ala bilər və almalıdır. Lakin görünür, ya qurum belə məlumatı almağa tənbəllik edir, ya da ona bu məlumatı vermirlər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın