Artıq müharibə qərarı verilməlidir - GƏLİŞMƏ
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”a açıqlamasında səsləndirdiyi bəzi fikirlər müzakirələrə səbəb olub. O deyib ki, Ermənistan siyasi elitası Qarabağı azad etmək fikrində deyil.
Sitat: “ Ermənistanda baş alıb gedən millətçilik dalğasında Paşinyan imkan verməz ki, hansısa bir dəyişikliklər olsun. Adicə əsirlikdə olan girovlarımızı azad etmirlər. Yəni erməni baş nazir heç bir güzəştə getmək fikrində deyil. Artıq 30 ildən sonra hamı başa düşür ki, indiki Ermənistan siyasi elitası Qarabağı azad etmək fikrində deyil. Əgər bu belədirsə, danışıqlar mənasını itirir”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı sabiq XİN rəhbərinin dediklərinə bu cür mövqe bildirdi: “Son həftə ərzində Ermənistan rəhbərliyi bir neçə dəfə bildirib ki, Azərbaycanla heç bir konkret məsələ müzakirə olunmur. Yaxud qeyd ediblər ki, danışıqlarda Dağlıq Qarabağın ”öz müqəddəratını təyinetmə" hüququnun tanınmasına çalışırlar. Hakimiyyət də, müxalifət də, siyasi elita deyilən eybəcər birlik də eyni mövqedədir. Belə olan halda nəyəsə ümid etməyin mənası yoxdur.
Rusiyanın da yeni situasiya yaradacağı əlamətləri yoxdur. Sergey Lavrov Ermənistanda oldu, erməniləri demək olar ki, öz nəzarətlərinə qaytardı, sonra Azərbaycana gələrək hələlik dayanıb durmaq işarəsini verdi. Azərbaycan dekabrın əvvəlində ATƏT-in Bratislava toplantısında ciddi mesaj verdi, ATƏT rəhbərliyinə təqdim olunan sənəddə Azərbaycan faktiki olaraq Ermənistana ultimatum verdi. Bunun ardınca artıq müharibə qərarı verilməlidir. Başqa çıxış yolu yoxdur".
Politoloq Əhəd Məmmədli dedi ki, bu fikirləri hamı söyləyir: “Düşünmürəm ki, Azərbaycanda kimsə 3-5 və ya 7 rayon qaytarılıb və bununla kifayətlənilməsi ilə razı olsunlar. İşğal olan bütün torpaqlarımız qeyd-şərtsiz azad edilməlidir. O da məlumdur ki, ermənilər könüllü olaraq 1 mm torpaqlarımızı da azad edən deyillər. Buna görə də Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur. Bundan irəli gələrək, söyləyə bilərik ki, Qarabağda antiterror əməliyyatını Azərbaycanda böyük əksəriyyət istəyir, tələb edir. O ki qaldı yeni erməni iqtidarının millətçiliyinə, fərq etməz bədnam düşmənlərimiz həmişə millətçi olublar. Sadəcə, Köçəryan - Sərkisyan ikiliyi Qarabağın işğalında fəal iştirak, rəhbərlik etdikləri üçün onlar daha erməni xalqına nəsə sübut etməyə ehtiyac duymurlar. Onlar özlərini Qarabağ müharibəsinin qəhrəmanları hiss edirlər. Paşinyan və onun komandasınınsa, görünür, nələrisə xalqına sübut etməyə ehtiyacı var. Görünür, ona görə də millətçilik ritorikasını çoxaldıblar. Həm də unutmayaq ki, Paşinyan iqtidarını, hakimiyyətdən devrilmiş Köçəryan-Sərkisyan klanı Qarabağı verəcəyində ittiham edir. Bu şübhələri də aradan qaldırmaq üçün Paşinyan, Tonayan Qarabağ, millətçilik ritorikasını yüksək hədd üzərində Azərbaycanın üstünə gedirlər. Anlaşılan odur ki, Azərbaycana torpaqlarını azad etmək üçün müharibədən başqa çıxış yolu qalmır”.
Bu xəbər üçün şərh yazın