Arvadının universitet müəllimləri ilə intim əlaqəsindən şübhələndi — Bakıda şok olay
Bakıda arvadını öldürməyə cəhddə ittiham olunan Namiq İbrahimovun məhkəməsi başa çatıb.
Namiq İbrahimov 2012-ci ildən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şəhla Ağayevanın işlədiyi Azərbaycan Tibb Universitetinin fiziologiya kafedrasının kişi müəllimləri ilə intim münasibətdə olmasından şübhələnib.
Bu səbəbdən Şəhla Ağayeva yaşadıqları mənzilə gəldikdən sonra ondan mənzilin açarını və istifadəsində olan mobil telefonunu zorla əlindən alıb. Daha sonra mənzildə saxladığı tapança və bıçaqla Şəhla Ağayevanı öldürməklə hədələyib. O, Şəhla Ağayevanın əl və ayaqlarını kəndirlə bağlayıb, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
O, qadını əl-ayağı kəndirlə bağlanmış vəziyyətdə bir gün evdə saxlayıb. Şəhla Ağayeva bir gün sonra su içmək adı ilə mənzilin mətbəx otağına keçib. Mətbəx pəncərəsinin açıq olmasından istifadə edərək alt paltarrında pəncərədən binanın qarşısına tullanaraq qaçıb.
Şəhla Ağayevanın bu hərəkətlərindən hiddətlənən Namiq İbrahimov onu öldürmək qərarına gəlib. O, mətbəxin pəncərəsindən çıxaraq Şəhla Ağayevanın arxası ilə qaçıb.
Namiq İbrahimovun arxasınca gəldiyini bilən Şəhla Ağayeva ərzaq dükanında gizlənib. Namiq İbrahimov onun ərzaq dükanında gizləndiyini bilib və ora basqın edib. Qadını taparaq, onu yerə yıxıb, baş və bədən nahiyələrinə yumruq-təpiklə, habelə tapançanın dəstəyi ilə zərbələr endirib.
Daha sonra tapançanı yerdə uzanıqlı vəziyyətdə olan Şəhla Ağayevanın baş nahiyəsinə tuşlayıb, atəş açıb. Lakin Şəhla Ağayeva sağ əlini atəş açılan istiqamətdə tutaraq özünü müdafiə etdiyindən, güllə sağ əlinə dəyib.
Xəstəxanada göstərilən ixtisaslı tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Namiq İbrahimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə), 145.2.6-cı (silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 221.3-cü (silah qismində olan əşyadan istifadə etməklə xuliqanlıq törətmək) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq İbrahimov 16 il müddətinə azadlıqdan məhrum edilib./teleqraf.com
Bu xəbər üçün şərh yazın