Aslan İsmayılova 3 il həbs tələbi:

Aslan İsmayılova 3 il həbs tələbi: “30 il keçsə də, mən bu canlıdan üzr istəməyəcəm"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iyunun 28-də davam etdirilib.

 Xural.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində  hakim Azər Tağıyev linqivistik ekspertizanın nəticəsini elan edib.

Xatırladaq ki, ekspertiza A.İsmayılovun “Facebook” səhifəsində H.Hacıyev barədə paylaşdığı yazılarda təhqir elementlərinin olub-olmadığını müəyyənləşdirmək məqsədilə təyin olunmuşdu.

Ekspertizanın qərarına görə, həmin yazılarda təhqir xarakterli ifadələr yer alıb.

A.İsmayılovun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən H.Hacıyev bildirir ki, hüquqşünas “Facebook”dakı yazılarında onun ünvanına “canlı”, “məxluq” kimi ifadələr işlədib, vəzifəli şəxsləri şantaj edib pul aldığını yazıb. Beləliklə də, onu həm təhqir edib, həm də böhtan atıb: “Deyir ki, guya, mən Ziya Məmmədovdan, Cavid Qurbanovdan pul almışam. Bura gəlsinlər, görək ki, mən onlardan pul almışam, yoxsa bu, yalan deyir?”.

Bugünkü məhkəmədə A.İsmayılovun onun adını çəkmədən haqqında danışarkən yenə “canlı” deməsi H.Hacıyevi əsəbiləşdirib və o, buna görə hakim Azər Tağıyevi günahlandırıb. İddia edib ki, hakim bunun qarşısını almamaqla, onun söyülməsinə şərait yaradır. 

H.Hacıyevə hakimin üstünə qışqırdığına görə xəbərdarlıq olunub.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Çıxışlar mərhələsində H.Hacıyev və müdafiəçisi A.İsmayılovun 3 il azadlıqdan məhrum edilməsini, həmçinin onun üzərinə 100 min manat təzminat ödəmək və xüsusi ittihamçıdan üzr istəmək öhdəliyinin qoyulmasını istəyib.

Ardınca təqsirləndirilən hüquqşünasa son söz verilib. A.İsmayılov bildirib ki, heç bir cəza onu H.Hacıyevdən üzr istəməyə məcbur edə bilməz.İstənilən cəzaya hazır olduğunu deyən A.İsmayılov hakimi hökm çıxararkən hərtərəfli düşünməyə çağırıb. Bildirib ki, bu hökm tarixdə qalacaq: “30 il keçsə də, mən bu canlıdan üzr istəməyəcəm…”

Hakim hökmünü iyunun 29-da səhər saat 9.30-da elan edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər