Avropa İttifaqı Azərbaycandakı parlament seçkiləri ilə bağlı bəyanat yayıb

Avropa İttifaqı Azərbaycandakı parlament seçkiləri ilə bağlı bəyanat yayıb – Detallar

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin sözçüsü fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ATƏT/DTİHB Seçki Müşahidəsi Missiyası tərəfindən qeyd olunduğu kimi, Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət göstərmək üçün səylərini əsirgəməyib və beynəlxalq müşahidəçiləri qarşılayıb.

Sözçü bəyanatında qeyd edir ki, ATƏT/DTİHB-nin ilkin qiymətləndirməsinə görə, namizədlərin çox olmasına baxmayaraq, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit səbəbindən həqiqi rəqabət olmayıb, bəzi müxalifət partiyaları məhdudlaşdırıcı mühiti əsas gətirərək, seçkiləri boykot edib, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təmin olunmaması bəzi şəxslərin iştirakına mane olub. ATƏT/DTİHB-nin vurğuladığı kimi, seçki bülletenlərinin sayılmasında yol verilən pozuntular narahatlıq doğurur.

“Avropa İttifaqı ATƏT/DTİHB və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən verilən tövsiyələrə əməl olunmadığı üçün təəssüflənir. Aİ bu prosesdə Azərbaycana kömək etməyə hazırdır.

Aİ bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir”, – deyə bəyanatda vurğulanır/APA.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi