AVTOMOBİL SIĞORTASI BAHALAŞACAQ – Onlayn ticarətlə əldə olunan məhsullara vergi tətbiq edilə bilər
Qarşıdakı həftələr ərzində müxtəlif sahələrdə qiymətlərin yenidən bahalaşması gözlənilir.
Onların sırasında avtomobil sığortası və xaricdən onlayn ticarətlə əldə olunan məhsullar da var.
Sosial şəbəkə və mətbuatda yazılanlardan aydın olur ki, artıq bəzi sığorta şirkətləri avtomobillərin icbari sığorta tariflərinin artırılacağını təxmin etdiklərindən onlara üz tutanları sığortalamaqdan boyun qaçırır, sadəcə, bunu proqramın işləməməsi ilə əsaslandırırlar. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bu məsələylə bağlı mediaya açıqlama verib.
O bildirib ki, son dövrlər aktuallıq qazanmış və hər bir avtomobil sahibini düşündürən bu məsələ ilə bağlı ciddi iş aparılır: “Hazırda onu qeyd edə bilərik ki, tariflərdə nəzərdə tutulan müvafiq dəyişiklik, əsasən, zərərli seqmentə, daha dəqiq desək, hadisə tarixçəsində daha çox qəza qeydə alınmış sürücülərə şamil ediləcək. Bu dəyişiklik məsuliyyətli sürücülərə təsirsiz ötüşəcək. Daha detallı məlumatları prosesin növbəti gedişatında paylaşa bilərik”.
İcbari Sığorta Bürosu da eyni məsələyə dair açıqlamasında bildirmişdi ki, Azərbaycanın sığorta sektorunda riskəsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır: “Bu üsul tətbiq olunduqdan sonra sığortahaqqı hesablanarkən nəqliyyat vasitəsinin istehsal tarixi, sürücünün yaşı, təcrübəsi və ya hadisələrin baş verdiyi məkanlarla bağlı statistik göstəricilər nəzərə alınacaq. Belə, yəni riskəsaslı sığorta haqlarının hesablanması üsuluna keçilməsi həm sığorta haqlarının ədalətli şəkildə ortaya çıxmasına, həm də ümumi sığorta haqlarının yığımında müsbət dinamikanın yaranmasına səbəb ola bilər”.
Son illər ərzində Azərbaycanda əhali xüsusi geyim məhsullarını xarici saytlardan daha çox almağa başlayıb. Xaricdən malgətirən şirkətlərin sayca çoxalması, qiymətlərin nisbətən ucuzluğu xarici saytlara marağı daha da artırıb. Dövlət Gömrük Komirəsinin rəsmi göstəricilərindən də bu nəticə çıxır. Fiziki şəxslərin ölkəyə gətirdiyi məhsullaırn dəyəri durmadan artır.
Bu xəbər üçün şərh yazın