Azərbaycan dövləti qlobal əhəmiyyətli humanitar təşəbbüslərin müəllifidir

Azərbaycan dövləti qlobal əhəmiyyətli humanitar təşəbbüslərin müəllifidir 

Beynəlxalq hüququn bütün normalarına hörmətlə yanaşan və üzərinə götürdüyü bütün öhdəliklərə hər zaman məsuliyyətlə əməl edən Azərbaycan dövləti istər pandemiya ilə mübarizə, istərsə də Vətən müharibəsi dövründə humanizm və ədalət prinsiplərinə sadiq qalmışdır.

Təsadüfi deyildir ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə edir. Bu il Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyini daha bir il - 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir. Eyni zamanda Hərəkata sədrlik müddətinin artırılması ölkəmizin növbəti siyasi uğurudur.


Dünyanı çətin sınaq qarşısında qoyan pandemiya ilə mübarizədə Azərbaycan dövləti qlobal həmrəyliyə çağırışlar etmiş, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmiş, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişdir. Bundan əlavə ölkə başçısı cənab İlham Əliyev beynəlxalq kürsülərdən “peyvənd millətçiliyi”ni dəfələrlə açıq şəkildə tənqid etmiş, peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını bildirmişdir. Ölkə başçısı cənab İlham Əliyev hər zaman olduğu kimi pandemiya ilə mübarizədə də, vətəndaşların sağlamlığını və təhlükəsizliyini diqqət mərkəzində saxlamış, virusla mübarizədə bütün qabaqlayıcı tədbirlər görülmüşdür.


Təəsüf hissi ilə qeyd etmək istərdim ki, müasir dünyada hələ də beynəlxalq riyakarlıq və “ikili standartlar” qalmaqdadır. Qlobal münasibətlər sistemi üçün yeni təhdidlər yaradan bu tendensiya sülhün və əməkdaşlığın təminatı üçün də ən böyük təhlükədir. Torpaqlarımızın 30 ilə yaxın bir müddətdə işğal altında qalması da məhz ikili standartların və ədalətsiz yanaşmanın nəticəsi idi.

Lakin Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı parlaq Zəfər ilə öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını yerinə yerirmiş oldu. Bəllidir ki, ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir.


Vətən müharibəsi zamanı bütün dünya Ermənistanın hərbi cinayətlərinə bir daha şahidlik etdi. 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən digər rayonlarımızla yanaşı Füzuli rayonunun da mülki əhali yaşayan ərazilərini intensiv şəkildə atəşə tuturdu. Nəticədə rayonumuzda mülki insanlara məxsus 343 evə ciddi ziyan dəydi, 12 ev tamamilə dağıdıldı.


Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi.Ermənistan, eyni zamanda, xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb edərək onları Azərbaycana qarşı istifadə edirdi.44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi.


İşğaldan azad olunmuş ərazilərin mövcud vəziyyəti erməni vandalizminin təcəssümüdür. Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın.Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb. Təkcə Füzuli rayonu ərazisində 13 məscid erməni vandalizminə məruz qalmış, dağıdılmış, təhqir edilmişdir.

Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib.Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir.Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi.Ermənistan transsərhədOxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir.

Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətlərmüəyyən olunub. Artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlanılıb. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər.

Artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarıyaradılıb. Ərazilərimizə istinad edilərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməlidir.

Dövlətimizin və ordumuzun gücü sayəsində, möhkəm və etibarlı xalq-ordu-rəhbər birliyinin nəticəsi olaraq, bu gün artıq torpaqlarımız işğaldan azad edilib.

Ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, bizimlə tərəfdaşlıq etmək istəyən dövlətlərin Azərbaycana olan maraqları daha da artmışdır. Bildiyimiz kimi Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, Ermənistandan müsbət reaksiya yoxdur. Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq və bərpa işləri aparılır. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1,3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Görülən işlərin həcmi və sürəti ölkəmizin iqtisadi gücünü və potensialını bir daha təsdiqləyir.


Sevindirici haldır ki, bu gün dövlətimizin iqtisadi gücünün göstəricisi olan, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı tikinti-quruculuq işləri uğurla davam etməkdədir. Dövlətimiz tərəfindən həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli layihələrin bir çoxu Füzuli rayonu ərazisində reallaşdırılmaqdadır. Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, Füzuli və Şükürbəyli yarımstansiyalarının açılması rayonumuzun strateji əhəmiyyətini daha da artıracaq layihələrdəndir. Hal- hazırda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, Horadiz-Zəngilan, Füzuli-Hadrud, Füzuli-Cəbrayıl avtomobil yollarının tikintisi sürətlə davam edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini bərpa edəcək, gələcəkdə Türkiyəyə kimi uzanacaq siyasi və strateji əhəmiyyətli Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam etməkdədir. Əminik ki, ərazisində belə əhəmiyyətli infrastruktur layihələrin reallaşması rayonumuzun gələcək sosial-iqtisadi inkişafına möhkəm təməl olacaqdır.

Bir Azərbaycan vətəndaşı olaraq, dövlətimizlə və ordumuzla fəxr edirik. Bir Füzuli sakini olaraq, doğma Füzulimizi bizə qaytardığına və bütün bu görülən işlərə görə ölkə başçımız cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Hər zaman ölkə başçımızın ətrafında bir yumruq kimi birləşməyə hazırıq. Çünki, “ Biz birlikdə güclüyük.”

Gülbahar Eyvazova

Füzuli RİH Başçısının müavini,

İçtimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi