Azərbaycan gündəlik neft hasilatını 25 min barel artıracaq
“OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib.
Energetika Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıracaq. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq.
İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov qlobal neft bazarının “OPEC+”un adekvat və çevik qərarlarını inamla qarşılamasını və “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları arasında həmrəyliyi qeyri-sabit bir dövrdə mühüm məqamlar kimi qiymətləndirib. Nazir tənzimləmə tədbirlərində düşünülmüş, ehtiyatlı davranışın və bütün inkişaf ssenarilərinin nəzərə alınmasının vacibliyini vurğulayıb: “Bizim üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən tarazlığın əldə edilməsidir. Hesab edirəm ki, “OPEC+”un bu dəfəki qərarı da bazar dinamikasının balanslaşdırılması səylərinə töhfə verəcək”.
Bu xəbər üçün şərh yazın