"Azərbaycan- Gürcüstan əlaqələri nəqliyyat-kommunikasiya layihələri üzərindən daha da möhkəmləndi" -DEPUTAT
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mütəmadi görüşləri ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir.
Məlumdur ki, Gürcüstan Cənubi Qafqaz regionunda ənənəvi olaraq Azərbaycanın ən yaxın müttəfiqidir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yaranmasına gətirib çıxardı. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Gürcüstana işgüzar səfəri çərçivəsində mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır,bu gün də bu belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda bütün Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.
Hələ sovet dövründə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Gürcüstanın rəhbəri Eduard Şevardnadze bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Məhz bu iki böyük şəxsiyyətin fəaliyyəti nəticəsində müstəqil Gürcüstan və müstəqil Azərbaycan inkişaf etməyə başlamışlar. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfəri zamanı ölkələrimiz arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalanmışdır. Bu strateji əməkdaşlıq ötən illər ərzində bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Buna paralel olaraq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ölkələrimiz arasında siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda gedir və bu, münasibətlərə strateji xarakter verir."
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı,professor Aqiyə Naxçıvanlı deyib.
Daha sonra Prezident İlham Əliyevin çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması barədə yer alan açıqlamaların əhəmiyyətini qeyd edən deputat bunları deyib: “Bu gün həm Azərbaycan, həm də Gürcüstan öz müstəqilliklərinə qovuşduqları gündən bəri böyük inkişaf yolu keçiblər. Lakin dövlət başçımızın dediyi kimi, çağırışlar bu illər ərzində demək olar ki, dəyişməyib və problemlər də eynidir. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyiblər. Həmçinin bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bu dəstək özünü hər zaman göstərib, indi də göstərir. Bununla belə, hər iki ölkənin mövcud olduğu regionda ümumi sülhün bərqərar olması üçün bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması vacib şərtdir. Təəssüflər olsun ki, Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb.Lakin bunun artıq zamanı çatıb. Üç il bundan əvvəl, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmaq lazımdır. Bu müqavilə imzalandıqdan sonra Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və cənab Prezident İlham Əliyevin dediyi kimi, bir çox sahələr üzrə, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlıq çox uğurlu ola bilər.”
Həmçinin A.Naxçıvanlı Azərbaycan və Gürcüstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük perspektivə malik olduğunu vurğulayıb: “Öz çıxışında möhtərəm dövlət başçımızın dediyi kimi, bu gün Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq əlaqələri və enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir. Daha dəqiq desək, ölkələrimiz arasında davamlı dostluq əlaqələri bu gün Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edən məsələlərdən biridir. Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün ölkələrimizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Bundan sonra konkret işlərə start verilə bilər.Bərpa olunan enerjini Avropaya çatdırmaq üçün Qara dənizin dibi ilə elektrik kabeli aparılacaq. Beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycanın, həm Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Birmənalı olaraq deyə bilərik ki, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bu layihələri reallaşdırmaq üçün güclü siyasi iradə və artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Yaşıl enerjini Avropaya nəql etmək üçün nəhəng potensial mövcuddur və bu, çox böyük perspektivləri olan bir gələcəkdir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bu xəbər üçün şərh yazın