Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC video konfrans keçirib-

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC video konfrans keçirib- Ağstafa rayonunda su kanalı tikiləcək

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə təsis edilib və hər il iyunun 5-də qeyd olunur.

Faktinfo.az xəbər verir ki,iyunun 5-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nə həsr olunmuş video konfrans keçirilib. Onlayn konfransda ASC aparatı əməkdaşlarının və rayon idarələrinin rəhbərləri iştirak edib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, konfransda çıxış edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə melioratorları peşə bayramları münasibətilə təbrik edib, ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, bu siyasət indi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsi olaraq mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sahənin maddi-texniki bazası gücləndirilib.

Əhməd Əhmədzadə ötən il görülən işlərdən söz açıb, bu il həyata keçiriləcək layihələri diqqətə çatdırıb. Bildirilib ki, cari ildə 1415 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub. Bu il mayın 25-dək taxıl bitkiləri 522 min hektar sahədə 1,9 dəfə suvarılıb, 69 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılıb. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdirilir. Respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 10712 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulmuş 443 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanıb və 45 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılıb.

Şəmkir su anbarı zonasında tikintisi başa çatmış Şəmkir-Samux-Goranboy magistral kanalının 2-ci növbəsinin zonasında 4000 hektar və su anbarından su götürən magistral kanallardan 2000 hektar sahəyə suvarma suyunun səmərəli paylanılması və su itkilərinin qarşısının alınması məqsədilə beton üzlüklü və boru kəməri ilə paylayıcı kanalların tikintiləri davam etdiriləcək.

Sabirabad rayonunda qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının Yeni qol kanalı zonasında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların tikintisi işlərini davam etdirməklə Sabirabad və Biləsuvar rayonlarının 10950 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, Saatlı və İmişli rayonlarının torpaq sahələrinə Araz çayının Yeni qolundan suyun verilməsi üçün 21 min hektar sahədə paylayıcı kanallar və 10 min hektara yaxın sahədə suyığıcı kollektorların tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Uzunluğu 73 kilometr olan Abşeron magistral kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə onun qalan son 11 kilometrlik hissəsinin yenidənqurulması ilə bu ərazilərdə zeytun, badam və digər kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yeni yaradılmış istixanaların, aqroparklara və iri təsərrüfatlara məxsus torpaq

sahələrinin suvarma suyu ilə təmin edilməsinə və mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranacaq.

Taxtakörpü su anbarı zonasında Şabran rayonunun suvarılan torpaq sahələrinin əsas su mənbəyi olan Vəlvələçay-Taxtakörpü kanalından sugötürücü qurğunun tikintisi və sudurulducu tutarın yaradılması, həmçinin suyun suvarma sahələrinə çatdırılması üçün iki ədəd magistral boru xəttinin tikintisi işləri davam etdiriləcək.

Əhməd Əhmədzadə qeyd edib ki, ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol oynayan aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin olunması işləri davam etdiriləcək. Belə ki, 2019-cu ildə tikinti işlərinə başlanılmış “Azərşəkər” MMC-yə məxsus Yevlax və Goranboy rayonlarında 2960 hektar və Ağcabədi rayonunda 2500 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri başa çatdırılacaq.

Ağsu, Biləsuvar, Qazax, Ağstafa rayonlarında 4000 hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının tikintisi işləri aparılacaq. Masallı rayonunda 24 və Şamaxı rayonunda 7 sututarda zəruru təmir işlərini başa çatdırmaqla 4500 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə mövcud torpaq məcralı kanalların modernləşdirilməsi məqsədilə onların yenidən qurulmasının layihə sənədlərinin hazırlanması və tikinti işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

ASC sədri bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq.

Qeyd olunub ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi dövründə tənha yaşlılara və digər həssas əhali qruplarına ərzaq yardımlarının göstərilməsi davam edir. Bu istiqamətdə sosial dəstək aksiyaları keçirən sosial tərəfdaşlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Cəmiyyət tərəfindən Bakı şəhəri də daxil olmaqla, 56 rayon və şəhərdə yerləşən Cəmiyyətin yerli idarə və təşkilatları tərəfindən, ümumilikdə, 5350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı verilib. Ərzaq payları sosial xidmətçilərlə birgə tənha yaşlıların, aztəminatlı ailələrin evlərinə aparılaraq onlara çatdırılıb.


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC video konfrans keçirib-Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC video konfrans keçirib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi