Azərbaycan mətbuatı inkişaf yolundadır

Azərbaycan mətbuatı inkişaf yolundadır 

Klassiklərimiz mətbuatı insanların ruhunu təzələyən səhər mehi, cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın görən gözü, eşidən qulağı və s. epitetlərlə təqdim və təqdir etmişlər.

Bu fikirlər Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi Hafizə Xudiyevaya aiddi.Faktinfo.az-a göndərilən və yayımlanması xahiş edilən məqalədə deyilir.

"Doğrudan da ümummilli mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət və yaşayış tərzini, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitədir.

Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlmisində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinci" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı".

Müəllif onu da qeyd edir ki,milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı.

1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Onlar rus dilində nəşr edilən qəzetlərdə Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər.

1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.

XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir.

Artıq "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. 1918-ci ilədək Tiflisdə nəşr olunan jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə isə Bakıda çap olunmuşdur.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. Ümumilikdə Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edib. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ümummilli lider 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

44 günlük Vətən müharibəsində və müharibədən sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişdir.

 Hafizə Xudiyeva,

Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi

Azərbaycan mətbuatı inkişaf yolundadır
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi