Azərbaycan Milli Kitabxanası Asiya və Okeaniya Milli Kitabxanaları Direktorlarının Konfransının (CDNLAO) 28-ci iclasında təmsil olunub - FOTO
Asiya və Okeaniya Milli Kitabxanaları Direktorlarının Konfransının (CDNLAO) 28-ci iclası “Topla və təqdim et: Milli kitabxanalar və onların kolleksiyaları” mövzusunda Qətər Milli Kitabxanasında keçirilib.
Faktinfo.az xəbər verir ki, ilk olaraq konfransı salamlama nitqi ilə Qətər Milli Kitabxanasının İcraçı direktoru Tan Huism açıb, sonra IFLA prezidenti Vicki Mcdonaldın çıxışı konfrans iştirakçıları tərəfindən dinlənilib. Həmçinin IFLA-nın Asiya və Okeaniya üzrə Regional Ofisinin Regional Meneceri Mişel Launun təqdimatı iştirakçıların nəzərinə çatdırılıb.
Konfransda “İcmalarımızı təmsil edən məzmunun toplanması (fiziki və rəqəmsal)”, “Kolleksiyaların mühafizəsi və əlçatan olması”, “Ölkənin kolleksiyası ilə icmaları aktivləşdirmək və cəlb etmək” mövzuları müzakirə edilib.
Azərbaycan Milli Kitabxanasının Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, t.ü.f.d. Ədibə İsmayılova Qətər Milli Kitabxanasının dəvəti ilə konfransda iştirak edib. Milli Kitabxananın direktor müavini “Milli kitabxanalar milli-mənəvi dəyərlərin qoruyucusudur” mövzusunda təqdimatla çıxış edib. O, təqdimatda milli-mənəvi dəyərlərin qorunmasında kitabxanaların rolundan, Azərbaycan Milli Kitabxanasının tarixindən, zəngin kolleksiyalarından, Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri – daşbasma üsulu ilə çap olunmuş və ilk çap kitabları, mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən və 1875-1930-cu illəri əhatə edən dövri mətbuat nəşrləri, milli musiqimizin qiymətli inciləri, unikal “Səsyazıları fondu”, eləcə də Azərbaycan bəstəkarlarının əlyazmalarının “Qızıl fondu”, onların qorunması, əlçatanlığının təmin edilməsi üçün həyata keçirdiyi son layihələrdən və “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsindən bəhs edib. Təqdimat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Direktor müavini Qətər Milli Kitabxanasının fonduna Milli Kitabxana tərəfindən hazırlanmış “Nizami-880” adlı disk-albomunu, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin diskini (İnstrumental əsərlərini) və “Salam, Azərbaycan!” adlı kitabı hədiyyə edib.
Konfrans işini 2 noyabr tarixində də davam etdirəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın