Azərbaycan Milli Kitabxanasında “27 sentyabr - Anım günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş hərbi əməliyyatlar Azərbaycan tarixinə Vətən müharibəsi kimi düşdü.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda müharibədə əsl qəhrəmanlıq nümunələri yaratmış əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə Azərbaycan xalqı bu Haqq və Şərəf işində əzm və iradə, möhkəm birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbə endirdi. Torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü elan edilib.
Faktinfo.az xəbər verir ki, 27 sentyabr - Anım Günü ilə əlqədar olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “27 sentyabr - Anım Günü” adlı virtual sərgi hazırlanıb.Virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı,mövzu ilə əlaqədar fotolar, məqalələr və kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Veten_muharibesi_qehremanlari_unudulmur/index.htm linkindən istifadə edə bilər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın