Azərbaycan prezidenti İtaliya prezidentinə sərt ultimatum verib: "TAP kəməri ləngidilsə, başqa marşrutlar seçiləcək"
İtaliyanın “Corriera Della Sera” qəzeti Azərbaycan qazının Avropa bazarlarına nəql edəcək Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kəmərinin ləngidilməsi ilə bağlı yazıb.
Faktinfo.az Virtualaz.org -a istinadən xəbər verir ki, qəzet gələn həftə İtaliyanın baş naziri Cüzeppe Kontenin Vaşinqtona səfər edəcəyini, prezident Donald Trampla görüşəcəyini bildirir. Həmin görüşdə Kontenin amerikalıların TAP kəmərinin tikintisində gözlədikləri irəliləyişlə bağlı qarantiya təqdim edəcəyi gözlənilir.
Lakin qəzet yazır ki, İtaliya hökumətinə təkcə Azərbaycan qazının Yunanıstan, İtaliya və Albaniya üzərindən Avropa bazarlarına çıxarılmasında, beləliklə də Rusiya qazından asılılığın azaldılmasında maraqlı olan amerikalılar diplomatik təzyiq etmir.
“Ötən həftə prezident Serjio Matarella və xarici işlər naziri Entso Moavero Milanezi Bakıya yola düşəndə azərbaycanlılar da kifayət qədər açıq danışıblar. Dövlət başçısı və xarici işlər nazirinin qarşısında Azərbaycan prezidenti İlham Əliyev bizim hakimiyyətə çağırışla, nəzakətli, amma kifayət qədər sərt ultimatumla çıxış etdi: “Əgər siz daha işi davam etdirməyə hazırlaşmırsınızsa bunu açıq deməlisiniz, bizim alternativ marşrutlarımız var, Avstriya və digər ölkələr bundan məmnun olardılar…” Beləliklə, hökumətdə təmsil olunan “5 Ulduz” hərəkatının nazirlərində hələ də TAP-ın taleyinə dair tərəddüdlər var və azərbaycanlılar bu səbəbdən İtaliyanın layihəni ləngitməsi, məhkəmə iddiaları və siyasi qeyri-müəyyənlik problemini qaldırıblar. Eyham vurublar ki, bizim ölkə layihədən çıxsa parlament tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqaviləyə əsasən bunun əvəzini ödəməli olacaqlar. “Əgər bu işdən dönmək istəyirsinizdə o zaman haqqını ödəməlisiniz…”-azərbaycanlılar xəbərdarlıq edirlər”-qəzetin məqaləsində bildirilir.
Qəzet yazır ki, əgər İtaliya TAP layihəsindən çıxsa o zaman ölkəyə 40-70 milyard avro arası ziyan dəyəcək. Ən mühafizəkar hesablamalara görə İtaliya bundan 20 milyard avro itirəcək. Bura TAP-dan əldə ediləcək gəlirlər, vergi daxilolmalaı, “Enel”dən “Edisson”a qədər şirkətlərin Azərbaycan qazını almaq imkanlarını itirməsi daxil deyil.
Bildirilir ki, TAP-a qarşı çoxsaylı məhkəmə iddiaları, instusional mübahisələr, blokadalar və əngəlləmələr üzündən İtaliya layihə üzrə işlərdə Yunanıstan və Albaniyadan geri qalır. İndi hökumətin vəzifəsi işləri yekunlaşdırmaqdır, amma böyük ekoloji təminatlarla.
Xatırladaq ki, İtaliyanın rusiyameylli “Şimal liqası” və “5 Ulduz” partiyalarının formalaşdırdığı koalision hökuməti TAP kəməri layihəsinə yenidən baxacaqlarını elan ediblər. “5 Ulduz” hərəkatı neçə vaxtdır TAP-a qarşı etirazlar, sabotajlar təşkil edirdi. İndi bu qüvvələrin hakimiyyətə gəlişindən sonra hökumətdə TAP-ı dayandırmaq, yaxud İtaliya hissəsinin marşrutunu dəyişmək məsələsi gündəmə gəlib.
Bu xəbər üçün şərh yazın