
Azərbaycan qlobal təşəbbüslər ölkəsidir
Ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Müstəqil Azərbaycan dövləti özünün sürətli inkişaf dövrünü yaşayır.
Ölkəmizin həm beynəlxalq arenada nüfuzunun artması, həm iqtisadi potensialının yüksəlməsi, həm də hərbi cəhətdən möhkəmlənməsi bizi Qələbəyə aparan əsas amillərdən oldu. Tarixi ədalət məhz Azərbaycanın özü tərəfindən bərpa olundu.
Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib.
Hər zaman beynəlxalq hüquqa böyük hörmət və məsuliyyətlə yanaşan Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsini təmin etməklə adıçəkilən təşkilatların kağız üzərində qalmış qətnamələrini reallaşdırmış oldu.
Bu gün artıq ölkəmizə olan müsbət maraqlar artıb. Əhəmiyyətli qlobal təşəbbüslər ölkəsi olan Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir.
Xüsusi beynəlxalq əhəmiyyət kəsb edən Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilib.
Hər zaman haqqın və ədalətin tərəfində duran, humanizm prinsiplərinə sadiq qalan Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.
Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb. Cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır.
Əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər görülmüşdür. Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir.
Ölkəmizdə əhali vaksinasiya məsələsinə çox məsuliyyətlə yanaşır. Azərbaycanda əsasən iki peyvənddən istifadə olunur. “Sinovac” və “Pfizer”dən və peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır. Qlobal miqyasda Azərbaycan, həmçinin çox fəal addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanda hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi.
Respublikamızın digər bölgələrində olduğu kimi Füzuli rayonunda da əhalinin vakinasiyası uğurlu şəkildə davam etməkdədir. Bu günədək rayonumuzda 44835 nəfər şəxs vaksin olunmuşdur. Onlardan 41322 nəfəri artıq hər iki doza vaksin almışlar. Hazırkı mərhələdə 4205 nəfər buster doza üzrə vaksin olunmuşlar.
Hər addımında xalqın rifahını, təhlükəsizliyini düşünən Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində dövlətimiz gündən-günə inkişaf edir, güclənir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələr bu gücün və qüdrətin göstəricisidir. Hazırda azad edilmiş ərazilərdə fəal şəkildə bərpa işləri aparılır. Genişmiqyaslı bərpa proqramına başlanılıb. Qısa müddət ərzində bir milyondan çox insan həmin yerlərə qayıdacaq. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. İndi postmünaqişə vəziyyəti yaşanır və Ermənistana bir sıra təkliflər verilib ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq.
Bu gün biz füzulilər sevinirik, qürurlanırıq ki, torpaqlarımız azaddır. Sevinirik ki, bizim rayonumuzun ərazisində də geniş bərpa quruculuq işləri görülür, iri infrastruktur layihələr gerçəkləşir. Hazırda yüksək səviyyəli nəqliyyat infrastrukturu yaradılır, yollar, dəmir yollar çəkilir, mühüm obyektlər inşa olunur. Cəmi 8 aya inşa olunan Füzuli Beynəlxalq Hava Limanı artıq ilk sərnişinlərini qəbul edir. Həm torpaqlarımızı azad etdiyinə görə, həm də bütün bu görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.
Ramella Məmmədova
Füzuli RTŞ-nin müdiri, əməkdar müəllim
Bu xəbər üçün şərh yazın