Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir-

Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir- Gənc müəllim yazır

Müstəqil Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa böyük hörmətlə yanaşmış, üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirmiş, humanizm, ədalət, bərabərlik prinsiplərini daim rəhbər tutmuşdur.

 İstər daxili, istərsə də xarici siyasətdə öz mövqeyini və prinsiplərini qoruyan dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunmuşdur. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Məhz bunun nəticəsidir ki, qısa müddət ərzində ölkəmiz Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.



2021-ci ildə Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb. Belə bir dönəmdə Hərəkata sədrlik etmək böyük məsuliyyət və təşəbbüskarlıq tələb edir. Hər zaman olduğu kimi, Hərəkata sədrliyi dövründə də Azərbaycan mühüm təşəbbüslər irəli sürmüş, humanitar missiyasını məsuliyyətlə icra etmiş, qlobal həmrəyliyə çağırışlar etmiş, digər beynəlxalq təşkilatlarla körpülər yaradılmasına müvəffəq olmuş, “ peyvənd millətçiliyinə” qarşı sərt mövqe nümayiş etdirmişdir.


2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülmüş və 2020-ci il mayın 4-də həmin tədbir təşkil olunmuşdur. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etmişdir. Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.


Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub.

Pandemiya təhlükəsi dünyanı çətin sınaq qarşısında qoyduğu zaman Azərbaycan dövləti öz ənənəsinə sadiq qalaraq əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması istiqamətində mühüm addımlar atdı. Belə bir məqamda Azərbaycan dövləti vətəndaşının sağlamlığı və təhlükəsizliyi naminə qabaqlayıcı tədbirlər görən, təxirəsalınmaz addımlar atan nümunəvi dövlətlərdən oldu. Hər bir vətəndaşın Prezidenti olduğunu bir daha təsdiqləyən ölkə başçımız cənab İlham Əliyev pandemiyanın insanların sağlamlığı və maddi vəziyyəti üçün yaratdığı təhlükəni aradan qaldırmaq məqsədilə sistemli tədbirlər görmüş, müxtəlif sosial paketlər reallaşdırmışdır.


Pandemiya ilə mübarizə dönəmində yeni xəstəxana binaları tikilməsi, modul tipli xəstəxanalar quraşdırılması, xaricdən müasir tibbi avadanlıqların alınması, xəstəliklə mübarizədə xüsusi təcrübəyə malik həkimlərin ölkəmizə gətirilməsi təmin olunmuşdur. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Dövlət başçısı tərəfindən virusun yayılmasının qarşısının alınmasında vacib predmet olan tibbi maskaların təminatı məqsədilə yerli istehsal müəssisəsi açılmış və bütün istiqamətdə operativ tədbirlər həyata keçirilmişdir. Bütün bunlarla yanaşı Azərbaycan dövləti pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

44 günlük Vətən Müharibəsi hər zaman ədalətin tərəfində olan Azərbaycanın haqq işinin Zəfər çalması ilə nəticələndi. Tarixi ədalət bərpa olundu, torpaqlarımız işğaldan azad olundu. Beynəlxalq təşkilatların qətnamə və tələblərinə məhəl qoymayan Ermənistanın terrorçu əməllərinə son qoyuldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etdi. Torpaqlarımız işğaldan azad edildi və bundan sonra bütün dünya erməni vandalizminin bir daha şahidi oldu. Çünki, azad edilmiş ərazilərimiz viranəyə çevrilmiş, yandırılmış, dağıdılmışdır.

Vətən Müharibəsi nəticəsində Füzuli şəhəri və 61 kəndimiz işğaldan azad edildi. Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Onların hamısı Ermənistan tərəfindən dağıdılıb. Abidələrimiz, evlərimiz, meşələrimiz yandırılıb, məscidlərimiz təhqir olunub, qəbirlərimiz talanıb, qarət olunub. Bütün bunlar erməni xislətinin acı nəticələridir.

Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanın ədalətli mövqeyi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Xüsusilə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və öz bəyanatlarında ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Bütün bunlar dövlətimizin Hərəkata uğurlu sədrliyinin və artan beynəlxalq nüfuzunun nəticəsidir.

Bu gün artıq dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq və bərpa işləri aparılmaqdadır. Sevinirik ki, bu işlər bizim rayonda da sürətlə davam edir. Zəfər yolu, Füzuli-Şuşa, Füzuli-Zəngilan, Füzuli-Cəbrayıl avtomobil yolu, Horadiz-Ağbənd dəmir yolu çəkilir, Füzuli Beynəlxalq Hava Limanı tikilir. Bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyev “Füzuli” yarımstansiyasının açılışını etdi. Bütün bunlar biz Füzuliləri çox sevindirir. Bizə Qələbə sevinci bəxş etdiyinə və bütün bu görülən işlərə görə Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

Hikmət Xudiyev

Gənc müəllim

Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi