Azərbaycan tarixə qovuşmuş sayılan NABUKKO layihəsini yenidən canlandırır
Bildiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 30 yanvar tarixində
Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatında vaxtilə tarixə
qovuşmuş sayılan NABUKKO layihəsinin indi canlandırıldığını, artıq interkonnektorlar
vasitəsilə Azərbaycan qazının Bolqarıstan, Rumıniya, nəhayət, Macarıstana və oradan
digər Avropa ölkələrinə çatdırılacağını bildirib.
Cənab prezident bu barədə müzakirələr aparıldığını qeyd edərək Macarıstanın
Azərbaycan qazının təkcə istehlakçısı deyil, həm də respublikamızdan “mavi yanacağı”
Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcəyini diqqətə çatdırıb və bildirib ki,
enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya
gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, təbii
qazla bağlı uzun illər bundan sonra, ən azı yüz il bundan sonra Avropa üçün etibarlı
tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz etibarlı tərəfdaş
adlandırır.
Prezident İlham Əliyev mətbuata bəyanatında, həmçinin Macarıstanın Baş nazirinin
sözlərini xatırladaraq, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparıldığını, ancaq
maliyyə mənbələri müəyyənləşdirilmədiyi üçün bu təşəbbüsün gerçəkləşdirilmədiyini də
qeyd ediərək bildirib ki, Azərbaycan qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün
ötən illər ərzində fəal çalışıb və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi
layihəsini reallaşdırıb. Son dərəcə müasir enerji infrastrukturu olan həmin dəhlizin uzunluğu
3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz
resurslarını bu kəmərlə çatdırır.
Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, ötən il Avropa Komissiyası ilə
imzalanan sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox
artırmağı planlaşdırır: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla
təmaslar da var”.
Bildiyimiz kimi, 2009-cu ildə Ankara müqaviləsinin imzalanması ilə NABUKKO
Konsorsiumu təsis edildi və Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriyanın
iştirakı ilə Türkiyədən Bolqarıstan, Rumıniya və Macarıstan üzərindən keçməklə, Avstriyaya
qədər uzanacaq 31 milyard kubmetr gücündə təbii qaz boru kəmərinin inşası qərarı verildi.
“NABUKKO” Türkiyənin Ərzurum şəhərində “Cənubi Qafqaz” və Trans-Xəzər boru kəmərləri
ilə birləşməli və Avropanın Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə Azərbaycan və
Türkmənistan qazını Avropaya nəql etməli idi. Lakin Trans-Xəzər qaz kəməri ilə bağlı qeyri-
müəyyənlik, kifayət qədər qaz həcminin olmaması, Macarıstanın “MOL” və Almaniyanın
“RWE'” şirkətlərinin NABUKKO-dan çıxması, siyasi dəstəyin olmaması, habelə investisiya
və koordinasiya problemləri layihənin reallaşmasını əngəllədi. Əslində, “NABUKKO”nun bu
böhranı yeni deyildi. Bu layihə ilk dəfə, 2012-ci ildə Azərbaycan və Türkiyə tərəfindən
“Trans-Anadolu” boru kəməri (TANAP) layihəsi irəli sürüləndə baş verdi. Həmin vaxt
NABUKKO layihəsi NABUKKO-WEST-ə çevrildi. Bundan bir il sonra isə Azərbaycan qazının
Türkiyə sərhədindən Yunanıstan və Albaniya üzərindən İtaliyaya nəql edəcək “Trans-
Adriatik'” boru kəməri (TAP) layihəsinin gerçəkləşdirilməsi qarşıya mühüm məqsəd kimi
qoyuldu.
Yuxarıda qeyd edilənləri yekunlaşdırıb deyə bilərik ki, 2000-ci illərin ortalarında
Avropanın təbii qazla təminatı üçün Rusiyadan kənar alternativ marşrutların yaradılması
məqsədilə Azərbaycandan Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstandan
keçməklə, Avstriyaya qədər 3300 kilometr uzunluğunda kəmərin çəkilməsini nəzərdə tutan
NABUKKO layihəsi süni şəkildə qabardılmış siyasi, iqtisadi, ekoloji səbəblər, insan haqları
bəhanəsi ilə pərdələnmiş QHT-lərin pərdə arxası oyunları, sağlam rəqabəti qəbul etməyən,
Azərbaycanın güclü dövlətə çevrilməsini istəməyən bəzi ölkələrin təzyiqləri sayəsində
“donduruldu”. Beləliklə, Rusiyanın “Cənub axını” layihəsinə start verilməklə NABUKKO
layihəsi icra olunmamış saxlanıldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, başqa bir
tarixi layihə həyata keçirildi. 2018-ci ildə Cənub Qaz Dəhlizinin başlanğıc seqmenti hesab
olunan TANAP (TransAnadolu), 2020-ci ilin sonunda isə TAP (TransAdriatik) kəmərləri
istifadəyə verildi. Avropanın enerji təchizatında ölkəmizin əhəmiyyəti və beynəlxalq nüfuzu
xeyli artdı.
Son olaraq qeyd edək ki, Türkmənistanla imzalanmış “Dostluq” yatağının birgə
istismarı, Xəzərin Azərbaycan sektorunda artıq təsdiqlənmiş yeni yataqlar gələcəkdə
Avropanın qaz şəbəkəsinin genişlənməsinə imkan verəcək, Xəzər dənizinin şərqində
yerləşən ölkələrin Azərbaycanın neft-qaz kəmərlərinə qoşulması, tranzit ölkə kimi əlavə
dividendlər gətirməklə, hərtərəfli iqtisadi münasibətlərin inkişafını şərtləndirəcək. Bütün
bunlar Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, ölkəmizin dünya
miqyasındakı rolunu və əhəmiyyətini getdikcə artıracaqdır.
Tahir Gülnəzərov,
Salyan rayon Qarabağlı-1 kənd tam orta məktəbin direktorəvəzi
Bu xəbər üçün şərh yazın