Azərbaycan Türk Ocağı AXC-nin işğalının 100 illiyi münasibəti ilə bağlı bəyanat yayıb
Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalının 100 illiyi münasibəti ilə bağlı Azərbaycan Türk Ocağı bəyanat yayıb.
Faktinfo.az Sherg.az-a istinadən xəbər verir ki, bəyanatda deyilir:
"Yüz il bundan əvvəl Sovet Rusiyasının silahlı qüvvələri müstəqilliyi 1920-ci ilin yanvarın 12-də Paris Sülh konfransı tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərini kecərək qanuni hakimiyyəti devirdi. Qazax qəzasında, Dağlıq Qarabağda erməni terroruna qarşı mübarizə aparan Cümhuriyyətin silahlı qüvvələri Şimal sərhədlərində azsaylı qüvvələrlə təmsil olunsa da Rusiya qüvvələrinə qarşı müqavimət göstərdi.
Amma bu müqavimət nəticəsiz oldu. Bununla da yeni siyasi quruluş Azərbaycanın müstəqilliyinə son qoyaraq İstiqlal istəyən vətənpərvər qüvvələrə qarşı qanlı terror, repressiya həyata kecirdi. 11-ci qırmızı ordunun komandanı Pankratovun qanunsuz, insaniyyətdən uzaq əməlləri nəticəsində minlərlə insan əks-inqilabcı, müsavatçı adı ilə güllələndi, sürgün həyatı yaşadı.
M.Ə.Rəsulzadə, Ə.Topcubaşov, C.Hacıbəyli və digər milli siyasi qüvvələrin təmsilçiləri Sovet işğalına qarşı müqavimət hərəkatı formalaşdırdı, minlərlə insan mühacirət həyatı yaşamalı oldu. Azərbaycanda, Türkiyə və Avropa ölkələrində Mustəqil Azərbaycan uğrunda 70 illik bir savaş başladı. Minlərlə insan Sovet Rusiyasının repressiya, terror, özgələşdirmə siyasətinin qurbanı oldu.
Nəhayət, 1991-ci ildə Müstəqillik haqda Konstitusiya Aktının qəbulu ilə Azərbaycan öz müstəqilliyini çətinliklə bərpa etdi. Bu gün Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, müstəqil siyasətini həyata kecirir.
1920-ci ilin acı həqiqətləri hər birimizin yaddaşından silinməməli, müstəqilliyimizin əleyhinə yönələn hər bir hərəkətə qarşı dayanmağı bacarmalıyıq.
Yox olsun irtica!
Yaşasın Azərbaycan İstiqlalı!".
Bu xəbər üçün şərh yazın