Azərbaycan Türkiyə TIR-larından 500 dolları niyə alır? -

Azərbaycan Türkiyə TIR-larından 500 dolları niyə alır? - “Bir qərarla dondurmaq olar, ancaq…”

Pandemiya səbəbilə Türkmənistan bütün dünyaya tranzit keçidi bağlayıb.

Buna görə Türkiyə nəqliyyatçılarının Orta Asiyaya getmək üçün yalnız iki variantı qalıb. Alternativ ən qısa yol Gürcüstan-Azərbaycan istiqamətidir. Ancaq Azərbaycan yük avtomobili başına 500 dollardan çox əlavə ödəniş aldığı üçün nəqliyyatçılar Gürcüstan-Rusiya-Qazaxıstan üzərindən Orta Asiyaya keçməyi seçir. Azərbaycanın Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi iyun sonunda İstanbulda keçirilmiş yığıncaqda Türkiyə nəqliyyatçılarından alınan əlavə ödənişlərin bir çoxunun ləğv ediləcəyinin müjdəsini verib. Ancaq bunun üçün qanuna dəyişiklik edilməlidir. Azərbaycanın Milli Məclisi tətildə olduğu üçün oktyabr ayından əvvəl bu məsələnin həlli gözlənilmir.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Türkiyə ilə Azərbaycan arasında aprel ayında 15 saziş imzalanıb ki, onların arasında tranzit keçidləri, qarşılıqlı vergi, vergi güzəştləri, ikiqat vergitutma və ikiqat gömrük rüsumtutmadan azad olunma ilə bağlı maddələr də var:

“Dövlət Gömrük Komitəsi sərhəd keçid məntəqələrində nəyə əsasən bunu tətbiq etməsi ilə bağlı açıqlama versə, yaxşı olar. Çünki Türkiyə sürücülərinin illərdir ki, Azərbaycandan keçidlə bağlı narahatlıqları olub. Gürcüstan-Azərbaycan və Azərbaycandan da keçməklə Orta Asiyaya keçid 20-30 ildir fəaliyyət göstərir. Azərbaycandan bərə vasitəsilə Aktau, yaxud Türkmənbaşı, Krasnovodsk limanına gedirdilər.

İndi Türkmənistan məhdudiyyət tətbiq etdiyi üçün ancaq Qazaxıstan üzərindən keçid mümkündür. Ancaq bizdə bu vəsaiti nəyə görə alırlar, bununla bağlı rəsmi orqanlar açıqlama verməlidir. Bu, Türkiyə iş adamları üçün də ciddi maneə törədir. Qarşılıqlı müqavilələr var və həmin müqavilələrin maddələri pozulur. Uzun müddətdir ki, həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi bəyanatlar verirlər ki, iki ölkə arasında tranzit yükdaşımalar, iqtisadi münasibətlər, Yeni İpək Yolunun dirçəldilməsi prioritetdir. Bu necə prioritet ola bilər ki, keçid üçün əlavə vəsait istənilir. Bu məsələ rəsmi orqanlar tərəfindən araşdırılmalıdr. Qanunvericilikdə belə bir müddəa, 500 dollar keçid haqqının verilməsi yoxdur. Bir çox ölkələrin anlaşmalarına görə, tranzit keçən yüklərə əlavə gömrük rüsumu tutulmamalıdır”.

Ekspert deyir ki, iki ölkə arasında imzalan qarşılıqlı müqavilə Milli Məclisdə də ratifikasiya olunub: “Yəni hökumətlərarası müqavilələr var və bunu əsas gətirərək keçidlərdə rüsum tutulmasının qarşısını almaq mümkündür. Yaxud Nazirlər Kabinetinin qərarı ilə parlament toplanana qədər bunu dondura bilərlər. Çünki Nazirlər Kabinetinin elə bir səlahiyyəti var. Dəfələrlə görmüşük ki, ölkəyə qəzet kağızı lazım olanda NK-nın qərarı ilə ƏDV-dən və vergi rüsumundan azad olunub. Yaxud taxıl məhsulları ilə bağlı NK belə qərarlar verib. İndi buna sadəcə iradə və dövlət qurumlarının hərəkətə keçməsi lazımdır. Bunun mexanizmlərini tapmaq o qədər də çətin məsələ deyil”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi