Azərbaycan üçün təhlükə - Milyardların axını və ya devalvasiya gözləntisi?
Beynəlxalq Hesablaşmalar Bankının (BIS) Direktoru Agustin Carstens qurumun illik iqtisadi hesabat iclasında dünyanın epidemiyanın yaratdığı iqtisadi tənəzzüldən gözləniləndən daha sürətli bərpa olunduğunu, ancaq epidemiyadan çıxış üçün qeyri-müəyyənliyin qaldığını söyləyib.
Əsas problemlərdən birinin inflyasiyanın qalıcı olub-olmaması olduğunu qeyd edən Carstens BIS olaraq inflyasiyanın müvəqqəti olacağını düşündüklərini bildirib.
Carstens "Əmtəə və ərzaq qiymətlərindəki artıma əlavə olaraq, son qiymət artımları da əsasən təchizat və təklif problemləri ilə əlaqədardır", - deyib.
İnkişaf etməkdə olan ölkələrin artan inflyasiya ilə pul siyasətində düzəlişlər etməsi lazım ola biləcəyini qeyd edən Carstens bunu etməyən ölkələrin kapital axını və ya məzənnənin ucuzlaşması riski ilə qarşılaşa biləcəyini söyləyib.
İnkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiqin ABŞ dollarının möhkəmlənməsi ilə arta biləcəyini deyən Carstens ölkələrin kredit reytinqlərinin düşə biləcəyini vurğulayıb.
Bəs Azərbaycan kapital axını və ya məzənnənin ucuzlaşması riski ilə qarşılaşa bilərmi?
İqtisadçı-ekspert Eldəniz Əmirov Cebhe.info-ya bildirib ki, kapital axını və ya milli valyutanın məzənnə problemlərilə bağlı risklər həmişə var:
“Sadəcə bu deyilənlər Azərbaycan üçün təhlükəli səviyyədə deyil. Yəni hazırkı məqam üçün bunu qorxulu amil hesab etmək olmaz. Çünki devalvasiyanı şərtləndirən əsas amil tədiyyə balansının vəziyyətidir. Azərbaycanda isə tədiyyə balansının vəziyyətinə neft qiymətləri çox təsir edir, nəinki digər proseslər. Odur ki, hazırda neft qiymətlərinin büdcədə nəzərdə tutulduğundan 80-90 faiz daha baha satılması ən azı cari il üçün devalvasiya təhlükəsini sığortalamış olur. Adətən qeyd edilən məsələlər o vaxt ciddi risk faktoru yaradır ki, milli valyutaların məzənnəsi sərbəst buraxılır və bazar bunu özü tənzimləyir. Amma Azərbaycan manatının məzənnə səviyyəsi birbaşa Mərkəzi Bank tərəfindən tənzimlənir. Ötən ilin sonlarında Mərkəzi Bank 2021-ci il üçün maliyyә sabitliyi olacağını bəyan etmişdi. İstər 2021-ci ilin büdcə strukturundan, istərsə də verilən bəyanatlardan görünürdü ki, hökümət üçün bu il makroiqtisadi sabitlik əsas hədəf olduğundan manatın məzənnə sabitliyinə xüsusi önəm verəcək. Məqsədə nail olmaq üçün fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiya səviyyəsi artırılacaqdı. Eyni zamanda, valyuta satışına və axınına məhdudiyyətlər tətbiq edilir. Qeyd etdiyim kimi, devalvasiyanı əsas şərtləndirən amillərdən birincisi tədiyyə balansında yaranan mənfi saldodur. Ölkədən kapital axınının baş verməsi də bu saldonu mənfiyə istiqamətləndirən səbəblərdən biridir. Buna görə də hökumət 2015- ci ildə olduğu kimi valyuta axınına imkan verməməlidir”.
Ekspert bildirib ki, hazırda qonşu ölkələrdə, məsələn, Türkiyədə türk lirəsinin kəskin ucuzlaşması ölkəyə kapital axını üçün əlverişli mühit yaratmışdı:
“Təcrübə onu göstərir ki, belə vaxtlarda əlverişli şərtlərlə bu ölkədə daşınmaz əmlak sahibi olmaq istəyənlər çoxalır. Biz bunu yaxın keçmişdə müşahidə etdik. Bu vəziyyət ölkədən kapital axınına stimul verir. Sadəcə dediyim kimi, manatın məzənnəsi sərbəst buraxılmayıbsa, deməli valyuta axını da sərbəst buraxıla bilməz”.
Bu xəbər üçün şərh yazın