Azərbaycan və Xorvatiya parlamentlərinin qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib

Azərbaycan və Xorvatiya parlamentlərinin qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib 

Mayın 12-də Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə onlayn görüşü keçirilib.


Faktinfo.az xəbər verir ki,tədbir iştirakçılarını salamlayan Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva Azərbaycanla-Xorvatiya diplomatik münasibətlərinin tarixindən söz açıb. Könül Nurullayeva iki dövlət arasında siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə dövlət və hökumət rəhbərlərinin, rəsmi şəxslərin qarşılıqlı səfər və görüşlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Ölkələrimizin qarşılıqlı əlaqələrinin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolundan bəhs edən deputat parlamentlərdə qarşılıqlı dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrə toxunub.

Çıxışında Könül Nurullayeva 44 günlük Vətən müharibəsində Azərbaycanın BMT Təhlükəsizlik Şurasının təxminən 30 il əvvəl qəbul etdiyi 4 qətnaməni öz gücü ilə icra etdiyini diqqətə çatdırıb və savaş başa çatandan dərhal sonra Azərbaycanın Ermənistana sülh təklif etdiyini bildirib. Qeyd edib ki, sülh sazişi bölgədə dayanıqlı inkişafın və əməkdaşlığın möhkəmlənməsi üçün vacibdir. 

Könül Nurullayevə məlumat verib ki, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Fəaliyyət Planı hazırlanıb.Sonra Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Maya Qrba-Buyeviç çıxış edib. O, pandemiya dövründə Zaqrebdə baş verən zəlzələ zamanı Azərbaycanın göstərdiyi köməyə görə təşəkkürünü bildirib. Maya Qrba-Buyeviç ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə toxunub, parlamentlərarası qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. 
Sonra Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç çıxış ediblər. Səfirlər ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolunu vurğulayıblar, təqdim olunan Fəaliyyət Planını yüksək dəyərləndiriblər və bu işdə deputatları dəstəkləməyə hazır olduqlarını açıqlayıblar. 
Görüşdə Milli Məclisin deputatları iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı qeyd və təkliflərini bildiriblər. 
Milli Məclisin deputatları Vahid Əhmədov, Qüdrət Həsənquliyev, İltizam Yusifov, Vüqar İsgəndərov və Anar Məmmədov  iki ölkə arasında turizm, əczaçılıq, kənd təsərrüfatı, sənaye, İKT, elm, mədəniyyət, energetika sahələrində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər. 


Xorvatiya tərəfdən iştirak edən Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri İvan Çeliç, Erik Fabiyaniç, Barbara Antolik Vupora da çıxış edərək Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkişafı istiqamətləri ilə bağlı fikirlərini açıqlayıblar. 
Görüşün sonunda Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva tədbir iştirakçılarına dəyərli fikirlərinə görə təşəkkür edib. O, ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə, parlamentlərimiz arasındakı əlaqələrin qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcəyinə inamını bildirib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi