Azərbaycana Dağıstandan xırdabuynuzlu heyvan idxalı məhdudlaşdırıldı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatları əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan verilən məlumata görə, daxil olan məlumata əsasən Rusiya Federasiyasının Dağıstan Respublikasının Xunzax rayonu ərazisində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Hindistan Respublikasının Haryana (Haryana) ştatının ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən AQTA tərəfindən zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Dağıstan Respublikasından diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Hindistan Respublikasının Haryana ştatından isə bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Dağıstan Respublikasından və Hindistan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bu xəbər üçün şərh yazın