Azərbaycanda avtomobillər bahalaşacaq
Dünya üzrə logistika xidmətlərində baş verən qiymət artımı həm dünya, həm də yerli avtomobil bazarı üçün təsirsiz ötüşməyəcək.
Bunu avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, bütün dünya üzrə logistika xidmətlərində müəyyən qiymət dəyişikliyi baş verib, bu da birbaşa olaraq daşınan malların qiymətlərinin artımına səbəb olub.
“Beynəlxalq logistikada qiymət artımı varsa, istisna deyil ki, bu, avtomobil bazarına da öz təsirini göstərəcək. Konkret olaraq demək çətindir, yerli bazarda avtomobillərin qiyməti hansı həddə yüksələcək, amma faktiki olaraq dünya üzrə avtomobillərin qiymətində təxminən 2% artım ola bilər. Bu, sırf daşımalara görə baş verə bilər. Hər halda düşünürəm ki, bu amil Azərbaycanın avtomobil bazarına da təsir edə bilər. Çünki Azərbaycana da avtomobillər uzaq ölkələrdən gətirilir. Ona görə də qiymət artımı olarsa, təbii ki, Azərbaycanda da yol xərcinə görə 2%-lik qiymət artımı baş verə bilər”, - deyə E. Cəfərov qeyd edib.
Avtomobil satışı ilə məşğul olan iri şirkətlərin hansı çətinliklərlə üzləşdiklərinə gəldikdə, ekspert hesab deyib ki, bu, əsasən bir çox ölkələrdə gömrük rüsumları ilə aksiz vergilərin həddindən artıq yüksək olması ilə əlaqədardır.
“Bu gün Avropa ölkələrində, eləcə də Türkiyədə avtomobilin mühərrik həcminə görə alınan vergilər olduqca yüksəkdir. Bu səbəbdən nəhəng avtomobil istehsalçıları istehsal etdikləri avtomobillərin qiymətlərini bu rüsumlara görə artmasının qarşısını almaq üçün müəyyən korrektə işləri aparır. Söhbət avtomobillərin mühərrik həcminin azaldılmasından gedir. Misal üçün 4 000 kubsantimetrlik mühərriklərin həcmi 3 000 kubsantimetrlik həcmində olacaq. İstehsalçılar artıq bu istiqamətdə işlər aparır. Mühərrik həcmi kiçiləcəksə, təbii ki, burada artıq hökumətlər tərəfindən avtomobillərə görə alınan rüsumların da həcmi azaldılacaq, bu isə avtomobilin qiymətinə müsbət təsir edəcək, yəni qiymət azalacaq”, - deyə E. Cəfərov qeyd edib.
Ekspertin fikrincə, bu, yaxşı hallardan biridir ki, məhz bu səbəbdən 2021-ci il avtomobil sənayesində və istehlakında böyük dönüm ili olacaq.
“Qeyd edim ki, avtomobil mühərriklərinin həcminin kiçilməsi mühərrikin gücünün azalması demək deyil. Həcm kiçilsə belə, müasir texnologiyaların tətbiqi nəticəsində mühərrik olduğu kimi güclü qalacaq, hətta ola bilsin ki gücü daha da artırılsın”, - deyə E. Cəfərov əlavə edib.
Ötən il Azərbaycanın avtomobil bazarında baş verən tendensiyalara gəldikdə, E. Cəfərov hesab edir ki, bu, gözləniləndən daha pis oldu: “Düşünürdük ki, avtomobil bazarında azalma müəyyən həddə olacaq. Avtomobil dilerləri demək olar ki, ötən ili ziyanla başa vurub. Bu, birbaşa olaraq pandemiya ilə əlaqədar idi. Eyni zamanda ikinci Vətən müharibəsi başladı ki, bu da gözlənilməz oldu. Azərbaycanın bir çox avtomobil dilerləri bu vəziyyətə hazır deyildi. Ona görə də satışlar kifayət qədər azalıb, avtomobil bazarı kiçilib. Ümid edirik, cari ildən bazar bərpa olunmağa başlayacaq. Burada müəyyən səbəblər var. Onlardan ən əsası dünya ekspertlərinin pandemiyanın bu ilin yazında səngiməsinə dair verdikləri nikbin proqnozlarıdır. Əgər pandemiya səngiyəcəksə, o zaman avtomobil bazarı da dirçələcək”.APA.az
Bu xəbər üçün şərh yazın